- Başımın üzərində bədirlənmiş ay bütün küçəni mavi işığa qərq eləmişdi. Kimsəsiz qəsəbənin enli küçəsi ilə irəliləyirdim. Özümü cavan oğlan kimi gümrah hiss edirdim. O an, uzaqdan kimsə məni səslədi. Qaçmağa başladım. Hara qaçdığımı bilmirdim, küçənin sonuna doğru var gücümlə qaçırdım. Düz yoldan ibarət, döngəsiz bir küçə idi. Yolun sonu uçurum idi və uçurumun başında bir oğlan durmuş, aşağı baxırdı. Onu görən kimi ayaq saxladım. Üzünü mənə çevirəndə ayın mavi işığı üzündə bərq vurdu. Siması yox idi, - titrək barmaqlarımla zəncəfilli çay olan fincanın qulpundan yapışdım, bir qurtum içib jurnal stolunun üstünə qoydum. - Əl işarəsi ilə məni yanına çağırdı. Mənim gəlmədiyimi görüb özünü uçurumdan atdı...
Son səhnələr gözümün önündə canlandıqca içimə narahatlıq hissi hakim kəsildi. Ayaqlarımla təkan verərək altımdakı kreslonu yırğalamağa başladım ki, bəlkə narahatlığım səngisin. Nəvəm ayağa qalxaraq önümdəki pəncərəyə yaxınlaşdı, pərdələri kənara itələyərək dibçəkləri zədələməmək
şərtilə ehtiyyatla pəncərəni açdı. Deyəsən, narahatlığımı oda hiss eləmişdi.
- Çox sağol... Fərid.
Səsim xırıltılı səsləndi. Yaylığı ağzıma tutaraq öskürdüm.
- Bəs sonra nə oldu? - Fərid önümdən çəkilərək məndən arxada -
televizorun yanında əyləşdi.
- Heç nə. Yuxudan ayıldım.
- Baba, son zamanlar tez-tez yuxuda simasız adam görürsən. Sonuncu
dəfə iki gün bundan əvvəl yuxuda görmüşdün ki, həmin simasız adamı sən özün uçurumdan itələyirsən; səni qorxutmaq istəməzdim, amma bu yaxşı əlamət deyil.Məncə narahat olmaq üçün daha böyük səbəbim var idi.
Nədənsə həmişə özümü narahat hiss edəndə uzaqdakı dağa tamaşa
eləmək mənə rahat gəlirdi. Bilirəm ki, doğulduğum gündən, gözlərimi açdığımdan bu dağı görərək böyümüşəm, lakin hər səhər oyandığımda, pəncərədən çölə baxdığımda, o zirvəni ilk dəfə görürmüş kimi hiss edirəm özümü. Bəs indiki narahatlığıma səbəb nə idi? Hansı ki, yamyaşıl meşələrlə örtülmüş dağ belə narahatlığımı apara bilmirdi. Səbəb - gördüyüm yuxular idimi? Əşşi bir o qalmışdı ki, yuxularımdan da narahat olum. Yaddaşımı itirdiyim bir zamanda bu, məni narahat edəcək ən son şey olmalıydı.Məndən arxada oturmuş Fəridi görə bilməsəm də əlindəki kiçik dəftərçəni bağladığını və qələmi çıqqıldatdığını eşitdim. Ayağa qalxaraq mənə daha yaxın bir yerdə - divanda əyləşdi və dəftər-qələmi stolun üstünə qoydu. Mənim gözlərim uzaqlardakı başı qarlı dağın zirvəsinə zillənsə də gözümün kənarı ilə onu görə bilirdim. Bilmirəm niyə, amma evimin içinə tərəf çevrilməkdənsə tablo kimi səssiz, amma bir tablodan daha canlı olan dağa, meşəyə baxmağı üstün tuturdum. Günümü bu dağa baxmaqla keçirirdim. Hərdən nəvəm Fəridin müşaiyəti ilə yemək yeyirəm, dərmanlarımı atıram, bağça-bağa çıxıb gəzişirəm, qəzet oxuyuram, çox nadir hallarda isə televizora baxıram. Onsuzda son xəbərlərdən agah olmaq naminə nəsə oxumaq, televizora baxmaq yaddaşsız birisinin edə biləcəyi əhəmiyyətsiz məşğuliyyətlərdən idi, sadəcə olaraq, bunlarla başımı qatırdım ki, hər günüm sürətlə ötüb keçsin və beləliklə mən də bitki kimi
yaşamaqdansa tezliklə dünya ilə vidalaşım...Yanıma adam gəlsə belə ona çox maraq göstərmirəm, hörmətsizlik olsa da pəncərədən dağa baxmağa davam edirəm. Çünki sıxılıram. Yanıma məni yoluxmağa gələn hər kəs mənə yad biriləri kimi görünürdülər, halıma acımaları, mənim qayğıma qalmaları, hər bir şeyləri süni görünürdü gözümdə nədənsə. Əslində onları qınamıram, bəlkə də aralarında həqiqi canıyananlıqla mənim halıma üzgün olanları var idi, sadəcə problem məndə idi - onların üzlərini yadda saxlaya bilmirdim, kimin əsl dostum olduğunu, kimin isə uzaq bir tanışım olub da sadəcə yalandan can yandırdığını ayırd edə bilmirdim. Məsələn götürək elə nəvəm Fəridi, əgər təxmini iki həftə müddətində mənim yanıma gəlməsə onu unudacam. Hər şeyini - üzünü, adının Fərid olduğunu, nəvəm olduğunu, 14 yaşı olduğunu, və ən əsası ürəklə, həvəslə mənim qayğıma qalan birisi olduğunu unudacağam.
Mən bu uşağı çox sevirəm. Onun dediyinə görə mən əvvəllər də
nəvələrimin içində ən çox onu sevərmişəm. Zarafatca deyir ki, əvvəllər ona aldığım dondurmaların, şəhərdə gəzməyə aparmaqlarımın əvəzini indi ödəyərək yanımdan ayrılmır. Mənə çox maraqlıdır: görəsən öz doğmaca övladlarım uşaq olarkən onlara dondurma almamışammı? Hal-hazırda mən yenə də dağa baxmağa davam edirəm, bu, Fəriddən sıxıldığım anlamına gəlməz, sadəcə gördüyüm yuxudan çox pərişan olmuşam və içimdəki narahatlığı əminəm ki, Fərid də hiss etmişdir.
- Baba, deyəsən sən haqlı idin; gərək sənə qəzet almazdım, - jurnal
stolunun üstündəki bükülü qəzeti əlinə aldı və başlıqları oxuduqca üzünə qəribə ifadə həkk oldu. Üzümü azacıq yana çevirərək ona baxırdım. O da mənə baxdığında üz cizgilərindən anladım ki, həmişəki kimi mənimçün narahat idi. Nəvəmin hələ yaşı az olmasına baxmayaraq mənə elə gəlirdi ki, ağıl cəhətdən çox irəliyə gedib. Hərəkətləri, danışığı, mənimlə bir böyük kimi davranması - ona uşaq gözüylə baxmağımı əngəlləyirdi. Bəlkə də bu səbəbdən daha çox onunla ünsiyyət qururam. Onunla birlikdə vaxt keçirmək mənə həqiqətən xoş gəlir, hərçənd necə zəhlətökən birisi olduğumun fərqindəyəm.- Düşünmüşdüm ki, dünya haqqında yeni xəbərləri televiziya vasitəsi ilə deyil də qəzetdən oxuyaraq agah olmağın sənə xoş gələr, - dedi yaraşıqlı nəvəm. - Bilirsən də televizor daha çox şüa ötürür. Xatırlayıram, mənə qəzet almaq dünən onun ağlına gəlmişdi (hər halda dünənimi unudacaq qədər ağlımı itirməmişəm). Qəzeti mənə gətirərkən ona demişdim ki, mənim ən son xəbərlərə ehtiyacım yoxdur, istər televiziyadan olsun, istərsə də qəzetdən; onsuzda ən yaxşı halda bir həftəyə bütün yeniliklər beynimdə yaranmış müəmmalı dəlikdən süzülüb yox olacaq. Müəmma demişkən, axı necə oldu mən yaddaşımı itirdim? Hərdən mənə elə gəlir ki, bu sadəcə qocalığımla əlaqəli deyil, burada nəsə bilmədiyim bir şey var. Ya da unutduğum bir şey. Məsələn, sol ayağım və sol əlim mənə həmişə problem yaradır. İkisini də tam aça bilmirəm. Bəlkə də mən nə vaxtsa qol-qıçıma problem yaratmışam ki, indidə onlar məndən əvəz çıxırlar.
- Təxmin etməliydim, - əlindəki qəzeti vərəqləyən Fərid üzünü turşutdu. - "ƏR ARVADINI UŞAQLARININ GÖZÜ ÖNÜNDƏ BIÇAQLADI", "BAKIDA MİTİNQLƏR SƏNGİMƏK BİLMİR", "EVDƏN OĞURLUQ EDİLDİ", "TELEVİZİYA KANALLARINA ÇIXAN BU ŞƏXS, ÖZÜNÜN PEYĞƏMBƏR OLDUĞUNU İDDİA EDİR..." - qəzeti vərəqləyən Fərid başlıqları dodaqaltı pıçıldayırdı, - "Kimsəsiz meşədəki 90 metrlik uçurumun ətəyində tapılmış insan skeletinin cinsiyyəti, yaşı məhkəmə-tibbi və tibbi-kriminalistik tədqiqatı nəticəsində müəyyən olunmuşdur."
YOU ARE READING
Sonsuzluğa Səyahət (povest)
Mystery / ThrillerXatırlamaq... qurumuş bir yaranın qaysağının qopardılmasına bənzəyirdi. Yaram yenidən qanamışdı. Və bu güclü qanaxmanın gətirə biləcəyi ölümün qoxusunu hiss edirdim. Bu qoxu başımın ətrafında hərlənirdi