Dabanımı kreslonun ayağının arasına salaraq yırğalanmasını
dayandırdım. Qəzetdəki bu xəbəri dünən ilk oxuşumda da özümü narahat hiss eləmişdim. Yəqin, bədbəxt informasiyanın altında skeletin senzurasız rəsminin qoyulmasından irəli gəlirdi narahatçılığım. Halına acıdığım buzavallı skeletin, analizlər aparılmadan belə kişi olduğu açıq-aydın bəlli idi: əynindəki çürümüş kişi geyimlərindən bunu anlamaq çox da çətin deyildi. Üzümü tam yana çevirərək Fəridə baxdım.
– Baba, özün bilirsən ki, yuxular haqqında marağım sonsuzdu, - dedi.
Hə, razıyam, futbol məşqlərinə yazılan Fərid həm dərslərini əla oxuyur, həm də yuxular haqqında yaman maraqlanır. Onun bu yaşdakı həvəsləri, maraqları və ən əsası intellekti məndə sevinc hissi doğurur. Hərdən elə düşünürəm ki, mən də uşaqlığımda eynən onun kimi intellektual bir uşaq olmuşam; bəlkə də onu çox sevdiyimin səbəblərindən biri də budur.
- Mən hər səhər qalxdığımda gecə gördüyüm yuxuları kitabçaya yazıb analiz edirəm. Bizim gördüyümüz yuxular yaşantılarımızın,
gördüklərimizin, eşitdiklərimizin bir hissəsidir, - dedi Fərid. - bir neçə gün bundan əvvəl sənin yuxularını da yazmağa başlamışam. Normal yuxular görürdün, amma son iki gecədə bənzər narahatedici səhnələr görməyə başlamısan və deyəsən bunun səbəbini bilirəm. - Baxışları qəzetin üzərindəki skelet rəsmində idi. - Sənə aldığım bu qəzeti oxumusan?
- Hmm... elə-belə, əyani baxmışam, - bilirəm, xəstə olduğum üçün
xəbərlərin mənə lazım olmadığını demişdim, (hələ də fikrimdən
dönmürəm) sadəcə maraq üçün oxumuşdum.
- Gərək sənə bu qəzeti almazdım, - qəzeti əlinə alaraq büküb boru
vəziyyətinə saldı. - Mənim səhvimdir; heç olmasa qəzeti alanda içinə
baxmalıydım: ağır mövzulu xəbər başlıqları sənin üçün zərərli olacağını təxmin etməliydim.
Bəzən Fəridin qayğılı valideyn kimi hərəkətləri müqabilində özümü əsl uşaq kimi hiss edirəm: və əslində bu xoşuma gəlir, zatən təkbaşıma öz qeydimə qalmaqda uşaq kimi əziyyət çəkirəm.
- Baba, təklifim budur ki, bir müddət televizordan, qəzetlərdən uzaq
durasan. Mən çalışacam, vaxtımızın maraqlı keçməsi üçün başqa yollar tapım, - dedi və otağın bir küncündə qızılı rəngdə, parıl-parıl işıldayan qramafona baxdı. - Məsələn, çoxdandır musiqi dinləmirik.
Fərid mənim cavabımı gözləmədən ayağa qalxdı və qaramafona
yaxınlaşdı. Onsuzda fərqli qərar verməyəcəkdim, məncə də həzin bir
musiqi pis olmazdı.
Fəridi izləyirdim, arxası mənə tərəf durmuşdu və qramafonun altındakı dolabın siyirtməsini çəkərək plastinkaları eşələyirdi.
- Baba, bu qramafon əvvəllər də sənin üçün çox dəyərli əşya olub bu
evdə. Həmişə təmiz saxlayardın. Hətda qaramafona, plastinkalara kimsə toxunanda qəzəblənsən də bu barədə bir mənə güzəştə gedərdin.
Keçmişə dair heç bir fikrim yoxdur.Düzünü deyim, keçmiş barəsində xoş hadisələri eşitdiyimdə heyfslənirəm. Bəzən Fərid elə gözəl xatirələrdən bəhs edir ki, o anları düşünmək, xatırlamaq üçün hər şeyimi verməyə hazır hiss edirəm özümü. Amma fərqinə varıram ki, zatən hər şeyimi – yaddaşımı – itirmişəm. Digər tərəfdən də Fəridin çox toxunmadığı anılar – bədbin xatirələrdir ki, onları xatırlamadığım üçün özümü xoşbəxt hiss edirəm.
Xoşbəxt.
Yaddaşı qara dəliyə sovrulmuş birisi özünü nəqədər çox xoşbəxt hiss edə bilərsə, mən də ancaq o qədər hiss edə bilərəm.
Plastinka dönməyə başladı və həzin musiqi otağa yayıldı.
Aqşin Əlizadə – Hüzn valsı...
Bu musiqiyə demək olar ki, hər gün qulaq asıram, adını unutmağım
qeyri mümkündür.Fərid Hələ də plastinkaları eşələyirdi. Mən isə gözlərimi yumub
musiqinin ruhumda yaratdığı o xoş duyğuların keyfini çıxarırdım.
Amma bu keyf çox çəkmədi, plitənin üstündəki çaynik qaynayaraq fit
çalmağa başladığında gözlərimi açdım. Fəridin başı qarışıq olduğundan fit səsinə əhəmiyyət vermirdi, ciddi maraqla plastinkaların o üz-bu üzünə baxırdı, sanki o da mənim kimi yaddaşsız idi və hər gün gördüyü plastinkalarda kimlərin adlarının yazıldığını unudurdu.Nə qədər fikir verməməyə çalışsam da fit səsi beynimi deşirdi, laqeyd yanaşa bilmirdim. Görəsən bu, Fəridi narahat etmir?
Əsəbləşməyə başladığım bir vaxtda şifonerin güzgüsünə gözüm sataşdı. Üzümün bir hissəsi güzgüdə əks olunmuşdu və o alnı qırışmış, yanaqları batıq, arıq, çəlimsiz simaya bir qədər əsəbi baxışlar əlavə olunduqda çox iyrənc görünürdü. Özümdən diksindim. Gözümü güzgüdən yayındıraraq başımı aşağı saldım. Bəsit bir səbəbə görə uşağa əsəbləşməyim yersiz idi. Bu qədər zəhlətökən, əsəbi bir qoca olduğum üçün övladlarımın məni gec-gec yad eləməlirini anlaya bilirdim. Ümid edirəm, əvvələr belə olmamışam.
Hər bir halda mənim yanımdan ayrılmayan Fəridə qibtə edirəm.Çaynikin altını söndürmək üçün ayağa qalxmağa çalışdığımda sol ayağım sözümə qulaq asmadı və qeyri ixtiyari yenidən kresloda əyləşməli oldum.
- Baba, yaxşısan? - əlindəki plastinkaları siyirtməyə qoyan Fərid mənə yaxınlaşdı. - Nəyəsə ehtiyacın var? - əlimdən tutdu.
Əlindən bərk-bərk yapışaraq ayağa qalxdım və boyca məndər hündür
olan futbolçu nəvəmin alnından öpdüm:
- Bala, zəhmət olmasa çaynikin altını söndür, - dedim, - səsi əsəblərimə
toxunur.
- Bu saat, baba, - dedi və cəld hərəkətlə başını döndərək tüstüləyən çaynikə baxdı, - Lap fikirimdən yayınıb.
Fərid çaynikə tərəf gedərkən mən də əsamdan bərk-bərk yapışaraq
yumşaq divanıma yaxınlaşdım. Bir az uzanmaq istəyi keçdi içimdən.
Yatmaq da pis olmazdı. Fəridi göndərərəm dərslərini oxusun (ki, zatən dərsləri ilə də mənim yanımda məşğul olur), mən də bir qədər gözlərimin yorğunluğunu alaram.
Axsayaraq divanıma yaxınlaşdım. Hər addım atdığımda diqqətim sol
ayağımın qəribə hərəkətində cəmləşmişdi.
- Baba, sənə yenə də zəncəfilli çay hazırlayacam, - dedi Fərid, - içərsən, yatarsan. Mən də dərslərimlə məşğul olacam.
Bu uşaq sanki içimdən keçənləri anlayırdı.
- A bala, - dedim və divana oturaraq yerimi rahatladım, ayaqlarımı
uzatdım, - mənim sol ayağım və sol əlim niyə sözümə qulaq asmır? - nə vaxtsa bədbəxt bir hadisə yaşadığım gün kimi aydın idi. Lakin Bunu
eşidmək istəyib-istəmədiyimə hələ əmin deyildim.
Fəriddən səs çıxmadı.
Ona tərəf boylandığımda o da mənə baxırdı. Susduq. Bir neçə saniyə
mənə baxandan sonra çiyinlərini aşağı salıb dərindən köks ötürdü. Sanki eyni hadisəni mənə dəfələrlə danışmaqdan yorulmuş kimi idi.
Mənə yaxınlaşıb qənşərimdə oturdu. Balaca saf əlləri ilə qırışmış
qocaman əlimdən tutdu.
- Əgər danışmaq istəməsən, səni anlayaram, - dedim, amma bunun əksi olaraq hadisələri eşitmək istəyirdim. Əslində eşitmək istədiyim çox şey var idi. İçimdəki hiss, yaddaşımın pozulmasını qocalığımla əlaqələndirmirdi nədənsə.
BẠN ĐANG ĐỌC
Sonsuzluğa Səyahət (povest)
Bí ẩn / Giật gânXatırlamaq... qurumuş bir yaranın qaysağının qopardılmasına bənzəyirdi. Yaram yenidən qanamışdı. Və bu güclü qanaxmanın gətirə biləcəyi ölümün qoxusunu hiss edirdim. Bu qoxu başımın ətrafında hərlənirdi