27

12 4 0
                                    

... bəzən özümü qınayıram: görəsən məktəb vaxtlarında risk edib Raufu bu eşq oyunundan çəkindirsəydim, gözlərini açmağa çalışsaydım, indi yazıq Rauf bu vəziyyətlərə düşərdimi? Artıq gec olduğu üçün dərhal bu fikirləri başımdan atmağa çalışır, hər şeyin düzələcəyinə ümid eləməkdən başqa əlacım qalmırdı.

... 2045-ci ilin may ayında Rauf qapımı döydü. Qapını açdığımda şok
oldum, sanki qarşımda canlı meyid durmuşdu. Zəyifləmiş, yanaqları
çuxura düşmüşdü, dodağının kənarındakı qaysaq bağlamış kiçik yara
diqqətimdən yayınmadı. Rəngi meyidin rəngi kimi saralmış, gözlərinin altında ləkələr əmələ gəlmişdi. Dərhal qapının önündən çəkilərək onu evə dəvət elədim, lakin keçmədi. Çiynindən asılmış iri çantanı yaxşı
xatırlayırdım, biz həmişə rayonları gəzərkən, meşələrdə kamp qurmağa gedərkən o, bu çantasını taxardı. Zənn etdiyim kimi, getməyə hazırlaşırdı və bu gedişindən istirahət məqsədi güdmədiyi açıq-aydın göz önündə idi. Dedi ki, Damla artıq uzun müddətdir əşyalarını yığıb atasının evinə gedib və geri qayıtmaq fikri yoxdu. Atasıgilə Rauf barəsində yalan məlumatlar deyibmiş və Rauf onun qardaşları ilə münaqişə yaşayıbmış. Rauf, bir müddətlik buralardan getməyi planlaşdırdığını dedi. Sakit, meşə həyatı yaşamaq istəyirdi və bir müddət dağ adamı kimi həyatına davam eləməyin ona yaxşı təsir edəcəyini düşünürdü: bu minvalla yola çıxmışdı. Ona təklif elədim ki, gəlib bizdə qalsın, evimin qapısı onun üzünə daim açıqdı. Razı
olmadı. Onunla birgə getməyi təklif elədim, amma daha sonra fərqinə vardım ki, mənim yoldaşım, uşağım və işim var, bunları atıb gedə
bilməzdim. Rauf özü də mənim gəlməyimə ehtiyac olmadığını və qalmaq üçün çoxlu səbəblərim olduğunu vurğuladı. Əlavə elədi ki, meşəyə getdiyi barəsində heç kimə deməyim. Onu tuta bilməyəcəyimi anladım, fikrində qəti idi və düşündüm ki, bəlkə də getməyi, hər şeydən, hər kəsdən uzaqlaşmağı ona həqiqətən yaxşı təsir bağışlayacaqdı. Evin artırmasında son dəfə onunla çay içdik. Çox danışmırdı və əvvəlki halından daha çox fikirli idi. Ağlına gələn pis-pis fikirlərdən söz açdı və Damlaya bəslədiyi nifrətə görə qatil olacağından, ya Damlanı, ya da qardaşlarını öldürə
biləcəyindən ehtiyyat elədiyini dilə gətirdi. Onunla qucaqlaşıb sağollaşdıq və yol boyu mənə tez-tez məktub göndərməsini istədim. Son dəfə çantasından bir qutu çıxardı və mənə uzatdı. Bir zamanlar ona bağışladığım saat və digər dəyərli əşyaların, dostluğumuzu əks eləyən simvolik əşyaların, bu vaxta qədər çəkdiyi ən gözəl fotoların, taxtadan yonduğu miniatür heykəllərin məndə qalmasını istəyirdi. Ondan aldım, lakin tezliklə qayıdandan sonra yenidən bu qutunu ona qaytarmaq şərtilə.

... Raufdan məktub aldım. Uşaq kimi sevinirdim. Yazmışdı ki, hər şey
yaxşıdır, narahat olmayım. Yolüstü Bağbangilə baş çəkibmiş. Bağbanın keçən günlərdə xərçəng xəstəliyindən əməliyyat olunduğunu və hal-
hazırda yaxşı olduğunu, hətda siqareti bir dəfəlik atdığını yazmışdı.
Bağbanın biricik qızını, adını həmişə eşitdiyimiz ancaq şəhərdə olduğu üçün üzünü heç vaxt görə bilmədiyimiz Nərmin adlı gözəl qızını nəhayət ki, gördüyünü və onunla çox maraqlı söhbətlər elədiyini qeyd eləmişdi. Yazı tərzindən anlamaq olurdu ki, oralarda, azadlıqda kefi kökdür və mənəvi rahatlığını tapa bilib.
Məktubunu qatlayıb Raufun verdiyi qutunun içinə yerləşdirdim.

... Sentyabr ayında növbəti dəfə döyülən qapım bu dəfə də məni şoka
salmışdı, hansı ki, az qala danışdığım dili bir anlıq mənə unutduracaq bir hadisə ilə üzbəüz qalmışdım. Qapımı döyən Damla idi və deyəsən tək gəlməmişdi. Arıq bədənində qabarmış qarnı mümkün deyildi ki, diqqətdən yayınsın. Bir əlini qarnının üzərinə qoydu. “Salam Davud” - dedi. Hələ də dilim söz tutmurdu. Əvvəlcə ağlıma pis fikirlər gəlməyə başladı. Əgər bu Raufa olunan xəyanət idisə, Damlanı iti qovan kimi qapımdan qovacaqdım. Lakin Damlanın dedikləri dilimi daha da düyünlədi. Uşaq Raufdan imiş. Axı bu necə ola bilərdi? Artıq 4 il idi ki, onların uşaqları olmurdu və daha çox bunun dərdi Raufu mənəvi-psixoloji çökdürmüşdü. Yoldaşım evdə yox idi. Hava sərin olduğundan hamilə qadını çöldə saxlamaq istəmirdim, amma onu evdə də çox saxlamaq istəmirdim, yoldaşım qısqanc idi və Damlanın xasiyyətinə az-çox bələd idi. Damla üçün çay süzdüm və stol arxasında əyləşdik. Hiss olunurdu ki, o da ağlamaqdan pis vəziyyətə düşmüşdü, həmişə makyajlı gəzən Damla indi qəbirdən xortlamış ölü kimi solğun simaya, soyuq baxışlara sahib idi. Söhbət əsnasında öyrəndim ki, uşaq 6 aylıqdır və cinsi qız idi. Bu xəbərə bilmədim, sevinim, yoxsa kədərlənim.
Raufun son dəfə gördüyüm siması gözlərimin önündə canlandı.
Damla dedi ki, çoxdandır Rauf qeybə çəkilib sanki, onu tapa bilmir. Ona çox ehtiyacı olduğunu dedi. Atası onları boşandırmaq istəyirdi, lakin sonradan uşağı olacağından xəbər tutub və Damlanı evindən qovub, deyib ki, uşağı doğacaqsansa canın çıxsın get ərinlə birlikdə böyüdün bu uşağı. Damla etiraf elədi ki, bir vaxtlar Rauf haqqında atasına nalayiq sözlər deyibmiş, onun sonsuz olduğunu və bu səbəbdən uşaqlarının olmadığını və Raufun aqressivləşərək onu döydüyü yalanını satıbmış. Məqsədi o olub ki, problemi Raufun boynuna ataraq ondan uzaq dursun. Bir zamanlar mən tam doğru təxmin eləmişdim, bu qadın heç bir zaman Raufu sevmədi. Onun gözü həmişə orda-burda oynaşırdı. Damla Raufun qayıtmasını istəyirdi və artıq 5 aydır qardaşının minnətli çörəyini yeyib onlarda qalmaq istəmirdi. Gec idi artıq, amma hələ indi
Raufun qədrini bilmişdi. Raufun dəqiq haraya getdiyini bilmədiyimi, lakin onu axtaracağımı dedim. Damlanı yola saldım.
Həqiqətən Raufun axtarışına çıxmağı özümə borc bilirdim, Damlaya
görə yox əlbət, doğulacaq qıza görə.

Sonsuzluğa Səyahət (povest)حيث تعيش القصص. اكتشف الآن