Deyəsən bu qadın beynimdə hansısa reaksiyaya səbəb olmuşdu. Mən onu haradasa görmüşdüm.
Bir dəqiqə...
Pəncərənin önündən çəkilərək otağıma nəzər saldım. Axı Fərid mənim qəzetimi hara qoyub? Məncə onu sonuncu dəfə burmalayıb divanın üstünə qoymuşdu. Amma orada yox idi. Divanın altına düşmüş ola bilər, lakin mən əyiləcək halətdə deyiləm. Çarpayımın yanındakı mənim kimi bir qıçı axsayan komodun cırıldayan siyirmələrini bir-bir çəkib açdım. Nə üçün siyirmələrə yığıldığını bilmədiyim bir sürü qarışıq əşyalarla qarşılaşmağım normal idi, amma Fəridin qəzeti buraya – çarpayıma daha yaxın bir yerə
qoyması anormal olardı. Bəs normalda o, qəzeti hara qoymuş ola bilərdi? Elə bunu düşünmüşdüm ki, qapının kandarında qoyulmuş kiçik zibil qutusuna gözüm sataşdı.Qəzeti yaxşıca çırpışdırıb əlimdə şux saxladım. Uçurumdan düşərək
öldüyü ehtimal edilən adamdan bəhs olunan səhifəyə baxırdım. Bu o idi. Qəzetdəki rəsmdə, lent çəkilmiş ərazidən kənarda, əlində mikrafon tutmuş kürən saçlı qadın indi mənim həyətimdə idi.
Qəzeti büküb yenidən zibil qutusuna dürtdüm və pəncərənin önünə
keçdim. Bu dəfə artıq qadın ön pəncərənin qarşısında idi və mənim ailəm olduqlarını düşündüyüm bir sürü insan o qadınla salamlaşırdılar. Bir şeyin fərqinə vardım ki, kürən saçlı qadın ətrafındakılarla səmimi, mehriban davransa da sanki əksəriyyət ona qarşı soyuqluq nümayiş etdirir, sadəcə salamlaşaraq yenidən imarətə qayıdırdılar. Qadınla birgə gəlmiş kişi isə hələ də yan pəncərədən görünürdü, maşının yanında durmuş telefonla danışırdı.
Ad verə bilmədiyim bütün baş verənlərə pəncərədən tamaşa elədiyim an Fərid qapımı döyərək içəri daxil oldu. Onun gəlməyi lap yerinə düşdü.
- Fərid, bu qadın kimdir? - qapıdan girərkən mənə nəsə deməyə
hazırlaşdığı bəlli idi, amma mən onu qabaqladım. - Qəzetdə şəkli olan bu qadının bizim həyətimizdə nə işi var və səninlə olan mehribançılığı haradan qaynaqlanır?
- Baba, o, Elzadır, - üzündəki sevincin həddi-hüdudu yox idi. - Sənin
qızındır.
Nə? Fərid nə danışır? O qadının kimliyi barəsində düşünə biləcəyim ən son şey bu ola bilərdi: Mənim qızım olması. O, tamam başqa bir dünyanın insanıdır sanki, həm də ailəmdə ona qarşı bir soyuqluq hiss eləmişdim.- Fərid, bəs niyə qəzeti yanımda vərəqləyərkən mənə demədin ki,
şəkildəki qız, haqqında bəhs elədiyin Elzadır. - titrəyən barmağımı zibil qutusuna işarə elədim.
Düzü, hal-hazırda məni düşündürən ən mühüm məsələ: o qadının mənim qızım olması idi. Lakin Fəridə verdiyim sual da az öncədən içimi gəmirdiyindən sualı verməsəm olmazdı.
- Baba, nəyinki qəzetdlərdə, hətda son zamanlar bütün televiziya
xəbərlərində Elzanı göstərirlər, - üzündəki sevinc bir an belə əksik
olmurdu. - O, Azərbaycanın ən tanınmış jurnalistlərindən biridir. Bu gün Bakıdan gələcəyini və səninlə xüsusi bir şey barədə danışmalı olduğunu əvvəlcədən bizə demişdi. Mən də istədim ki, sənin üçün surpriz olsun. Amma surpriz hələ tamamlanmayıb, - deyib cəld otaqdan çıxdı.
Yerimdə durub pəncərədən Fəridə tamaşa edirdim.
Yaddaşını itirmək necə bir hissdir deyə mənə sual versəniz, hər gün
surprizlərlə qarşılaşmaq kimi bir şeydir, deyə cavab verərəm; nə pis, nə də yaxşı.
İçimdə qeyri-müəyyən bir gərginlik var, lakin Fəridin pozitiv enerjisi
həmin gərginliyin uzaqlaşmasına azacıqda olsa yardımçı olur.
Fəridin Elza adlandırdığı qadın digər qadınlarla sağollaşıb Fəridin
yanına gəldi və mənim otağıma tərəf birgə hərəkət eləməyə başladılar. Qadın otağıma girib mənə baxdığında mən hələ də qədimi və kömür
qoxusu verən otağımın tən ortasında hərəkətsiz vəziyyətdə durub ona baxırdım. Deyəsən içəridəki qoxu qadını narahat etməmişdi. Gözlərini yumub otağın qoxusunu ciyərlərinə çəkdi.
Aramızdakı səssizliyi divar saatının çıqqıltısı və sobanın içində yanan odunun çırtıldısı pozurdu. Bu əsnada Fərid barmaqlarının ucunda hərəkət edərək stuldakı bloknotunu götürdü və eyni səssizliklə otağı tərk elədi.
Məni qoyub hara gedirsən? Heç olmasa onu tanımağıma yardımçı
olardın – diçimdə deyindim.
Qadın gözlərini açanda az öncə üzündəki təbəssümdən əsər yox idi. Yaşıl gözlərinə dolmuş su günəş şüasında parıldayan dəniz ləpələrinə bənzədirdi bəbəklərini. Qara idman ayaqqabılarını qapının astanasında çıxardı. Ayaqqabılarının bağları tez açılan tərzdə bağlanmışdı, lakin qadın onları açmaqda nədənsə çətinlik çəkirdi. Əllərinin titrəməsi gözümdən yayınmadı. Bir ayaqqabısını açandan sonra eyni əziyyətlə digər ayaqqabısını açmağa başladı. Bəlkə də başını qaldırıb mənə baxmaq istəmirdi, ya da hazır deyildi. Onu tanımadığıma görə ağlıma saysız ehtimallar gəlirdi.
Nəhayət başını qaldırıb gözlərimin içinə baxdı.
O, ağlayırdı.
Gözləmədiyim an qollarını yana açaraq mənə tərəf gəlməyə başladı və məni qucaqladı. Hündür qamətini bir qədər aşağı əyərək alnını çiynimə qoydu və ağlamağa davam elədi.
Mən həmişəki kimi susmuşdum. Bilərəkdən deyil, istəsəm də danışa
bilmirdim. Sadəcə məni də qəhər boğduğunu hiss elədim. Onu
xatırlamırdım, amma məni qucaqlayıb uşaq kimi ağlaması sanki içimdəki bəzi buzlaşmış hissləri canlandırmışdı: yəqin bu, özünü kimin üçünsə dəyərli hiss etmə duyğusunun zirvəsi idi.- Ata! - dodaqlarından süzülən pıçıltılı titrək səsi eşitdim.
O, mənə ata dedi, yoxsa bu səs sadəcə onun hiçqırıqları idi?
Başını çiyinimdən aralayaraq qızarmış gözlərini gözlərimə zillədi. Məni divanda otuzdurdu və özü də yanımda əyləşdi. Cibindən salfet çıxararaq gözlərini və burnunun ucunu təmizlədi və salfeti cibinə qoydu.
- Yəqin ki, kim olduğumu xatırlamırsan. - Əllərimdən tutdu və başını
aşağı saldı.
Susdum.
- Adım Elzadır...
Bunu bilirdim.
- Sənin... - sanki qəhər iki əli ilə boğazından yapışmışdı, - qızınam, - dedi, gözündən yaş damladı.
Deməli yalnış eşidməmişəm.
Onun yerində olsaydım mən də ağlayardım, insanın doğmaca atası
tərəfindən xatırlanmaması yəqin çox əziyyətli bir duyğu idi.
Fərid otağımın qapısını tıqqıldatdığında Elza dərhal əlini cibinə saldı və salfeti yenidən çıxararaq gözlərini quruladı.
- Gəl, - dedi Elza.
Amma mən ev yiyəsi olduğum halda susmuşdum, qapıya baxırdım. Fərid ehmalca cırıldayan qapını araladı və içəri boylandı.
- Gətirdin? - deyə ondan soruşdu Elza.
Fərid içəri keçərək əlindəki bükülünü Elzaya uzatdı. Nə olduğu
barəsində heç bir fikrim yox idi, amma daha çox, qəzetə bükülmüş bir hədiyəyə bənzəyirdi; formasından kitabı xatırladırdı. Əşyanı Elzaya verdi və gəldiyi kimi də səssizcə otağı tərk elədi.
Özümü kənardan film izləyirmiş kimi hiss edirdim, sanki hadisələrin
kənarındaydım və heç bir reaksiya vermək məcburiyyətində deyildim.
- Ata, keçmişə dair heç bir şey xatırlamadığının fərqindəyəm. - Səsi hələ də titrəyirdi. - Bu gəlişimdə səninlə keçmiş barəsində ürək dolusu danışmaq istəyərdim, amma yaddaşını çox zorlamaq istəmirəm. - Əlindəki bükülünü qucağında bərk-bərk tutmuşdu, sanki canından da qiymətliydi onunçün. - Sadəcə bu gündəliyi sənə verib gedəcəm, - dedi və qəzeti ehmalca cıraraq içindən kitaba bənzər bir şey çıxardı. Daha doğrusu, Fəridin bloknotuna da bənzəyirdi, amma daha qədmi idi və kif qoxurdu; içindəki vərəqləri aşağı-yuxarı sürüşərək yerində oynayırdı və kənarları didik-didik idi. Bloknotun vərqlərini birləşdirən paslı dəmir halqalarının ən aşağıdakından asılmış sadə üzük diqqətimdən yayınmadı. Daha çox nişan üzüyünü anımsadırdı və yenicə taxılmış kimi parıldayırdı.
- Bəlkə bu gündəliyi oxuduqca gözünün önündə hansısa xatirələrin
canlanar və mənə nəsə etiraf etmək istəyərsən. Bəlkə də bu yazılar belə səndə heçnəyi dəyişməyəcək. - Elza başını aşağı dikdi. - Olsun, yenə də çox istəyərdim ki, bu yazıları, xatirələri sona qədər oxuyasan. - Başını qaldıraraq gözlərimin içinə baxdı. - Məncə O da bunu istəyərdi.
O? Kim?
Mənim qızım olduğunu deyən, lakin mənə və övladlarıma qətiyyən
bənzəməyən bu qadın kimdən bəhs edirdi? Onun dediklərindən heç bir şey anlamamışdım, ki, normal idi. Bəs ona və dediklərinə inanmalıydımmı? Danışmasına izin verərək onu dinləməliydimmi? Ağlıma sadəcə Fərid gəlirdi və Fəridin Elza ilə xoş münasibəti, onun haqqında müsbət fikirdə olması məni içdən arxayınlaşdırırdı; bu qadından qorxmalı olmadığımı hiss etdirirdi mənə.
Kitabçanı titrək əli ilə dizlərimin üzərinə qoydu. Qollarını boynuma
dolayıb hönkürtü ilə ağladı. Qollarımı qaldırdım, ona qarşılıq vermək istədim, amma qucaqlaya bilmədim, sanki hansısa bilinməz ağırlıq
qollarıma çökmüşdü və onu qucaqlayıb təskinlik verməyimi əngəlləyirdi. Qollarım havada çox qaldığından yorulub yanıma düşdü.
Bu düşüş içimə çökdü sanki. Onlar üçün dəyərli olduğum bir halda onlar mənim üçün heç bir şey ifadə etmirdilər. Bəlkə də qəbul etmək
istəmirdilər, amma mənim bitkidən heç bir fərqim yox idi və tezliklə
quruyub torpağa qarışacaqdım. Elza gözlərini təmizləyərək ayağa qalxdı və ayaqqabılarını geyindi. Mən isə hərəkətsiz bir heykəl kimi yerimdə oturmuşdum və sadəcə göz bəbəklərim onu izləyirdi. Dizlərimin üzərindəki kitab yerə düşməsin deyə onu bərk-bərk tutmuşdum. Lakin üz qabığı və vərəqləri o qədər həssas idi ki, əlimdə tez əzilirdi.
Elza qapının dəstəyindən tutub bir anlıq yerində hərəkətsiz durdu.
Görəsən nə fikirləşirdi?
Geriyə çevrilib mənə baxdı. Gözləri hələ də nəmli idi. Titrəyən
dodaqlarını araladı:
- Ata, bilməyini istəyirəm ki, sən mənim üçün bir atadan daha artığı
olmusan. - Gözündən düşən bir damla yaş yaxasına tökülmüş saçına
hopdu. - Sən çox gözəl insansan... amma kaş... Onu getməyə qoymazdın.
Göz yaşlarına sahib çıxa bilməyib dəsmalı üzünə tutdu və qapını açaraq çölə çıxdı. Oturduğum yerdən pəncərə boyu onun gedişini, qaçaraq maşına minməsini izlədim.
Və sonra qucağımdakı kitabçayla baş-başa qaldıq.
YOU ARE READING
Sonsuzluğa Səyahət (povest)
Mystery / ThrillerXatırlamaq... qurumuş bir yaranın qaysağının qopardılmasına bənzəyirdi. Yaram yenidən qanamışdı. Və bu güclü qanaxmanın gətirə biləcəyi ölümün qoxusunu hiss edirdim. Bu qoxu başımın ətrafında hərlənirdi