12

18 4 4
                                    

Bir qədər sonra mən artıq Bağbanın otağında, isti sobanın yanında əyləşmişdim. Buraların havasına bələd idim, gündüz istilik 40 dərəcə olsa belə, baxarsan ki, axşam leysan tökər.
Nərmin (atası çay istəyərkən qızının adını çəkmişdi) isti çay gətirmişdi və elə buradaca oturduğum yerdə qarşıma qoymuşdu, Bağbanın çayını isə çarpayısının qarşısındakı kiçik jurnal stoluna qoymuşdu. Bağban məni görçək çox sevinmişdi, mən də onu gördüyümə sevindim, hərçənd qızı onun xəstə olduğunu elə tərzdə demişdi ki, mən vəziyyətinin ağır olduğunu düşünmüşdüm.
Arabir öskürəkdən boğulan Bağban kişi əvvəlki kimi zarafat eləməyindən qalmırdı. Çarpayısında oturaq vəziyyəti alaraq çayını qurtumlağa başladı. Bir şeyin fərqinə varmışdım ki, otaqdan tütün qoxusu gəlmirdi və heç bir yerdə külqabı yox idi. Beş il bundan öncə Bağban kişi aşırı dərəcədə çox siqaret çəkirdi. Həmin vaxt aramızda maraqlı bir dialoq olmuşdu. Bağban ciyərlərinə təmiz havadan çox siqaret tüstüsü qəbul eləməsinə baxmayaraq bundan məmnunmuş kimi görünürdü. Çox yaxşı və xeyirli bir məşğuliyyət kimi rəftar edirdi siqaretlə, lakin mənim siqaret çəkmədiyimi bildiyində eyni zamanda mənə haqq qazandırmış, siqaretdən uzaq qaldığımın tərifəlaiq bir hərəkət olduğunu vurğulamışdı.
Qəribədir.
İnsanların əksəriyyəti belədir; özləri siqaret çəkdikləri halda heç vaxt başqalarına məsləhət görməzlər. Niyə? Özlərinin məhvi ilə barışıb da başqlarının həyati sağlamlıqlarını düşünən beyinlər də ümumi sağlam bir gələcək üçün təhlükə mənbəyidir zənnimcə. Azacıq eqoist olmaqda qəbahətli bir şey yoxdur. Azacıq da olsa öncə özümüzü də düşünməliyik, ilk öncə özümüzü qorumalıyıq.
Hər kəs öz istəklərinin ardıyca çıxmağı bacarmalıdır. Mən hal-hazırda bunu etməyə çalışıram, heç nədən, heç kimdən asılı olmadan öz xəyallarımla paralel yürüyürəm. Siqaret heç kəsin istəyi ola bilməz, o özü insanları özünə çəkir, onları məcbur edir, asılı salır, azadlığını əlindən alır. Azadlığı əlindən alınan bir şəxs özü ola bilməz, xəyallarının ardıyca gedə bilməz.
Bütün bu fikirlərimi ötən görüşümüzdə Bağban kişi ilə bölüşmüşdüm. Hər nə qədər məndən yaşca böyük olsa da onunla belə açıq danışmağım xoşuna gəlmişdi. Həmin vaxt Davud da mənimlə idi və siqareti tərgitdiyinə (və əlbətdə ən yaxın dostum olduğuna) görə mənim dediklərimi təsdiqləmişdi (yadımdadır, Davud siqaret çəkməyi zəyiflətməyə çalışırdı və yaşadığı rayonda baş vermiş meşə yanğılarının siqaret ucbatından baş tutduğunu bildiyində bu zəhrimara daha çox nifrəti artmışdı və bununla da tərgitmişdi, çünki bizim ən çox sevdiyimiz, uşaqlığımızın xatirələrini özündə saxlayan qoca palıd ağacı həmin an yanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı).
Bağban kişi dediklərimə cavab olaraq gülümsəmiş və filosofları xatırladan qalın bığlarını eşərək cavab vermişdi: "Ay bala, mən on altı yaşımdan bəri siqaret çəkirəm və bu zəhrimarı heç vaxt ata bilməmişəm. Gərək əvvəldən çəkməyəsən. Lap çəkməyi ata bilsəm belə bu nəyi dəyişəcək ki? Mənim tanışlarım var, siqaret və onun kimi başqa zəhrimarların dadına baxmadan qala bilmədikləri halda onlar səksən il ömür sürsələr belə çəkməyən bəzi tanışlarım var ki, daha az yaşayıblar. Həm də ölümün səni nə vaxt caynağına ala biləcəyini necə bilə bilərsən ki?" Bağban kişi yeyib-içən və kef çəkməyi sevən birisi olduğunu danışığından anlamışdım.
Mən demişdim:"Düzdü, ölümün nə vaxt səni yaxalayacağını bilmək olmaz, məsələn faciə nəticəsində avtomobil qəzasında ölmək kimi: bu qeyri-şüuri ölümdür. Lakin şüursuz vəziyyətdə hər an ölə biləcəyimiz anlayışı ilə barışaraq özümüzə hər gün şüurlu vəziyyətdə ölümü çağırmağımız da düzgün deyil. Axı biz düşünməyi bacaran varlıqlarıq."
Bəlkə də həmin vaxt çox açıq danışmışdım ağsaqqal ilə, amma
aramızdakı açıq söhbət çoxlarından fərqli olaraq onun xoşuna gəlmişdi. O an, yeni bir siqaret yandırmış və eyvandakı kreslosuna yayxanaraq demişdi: "Əşşi, mən müharibədə iştirak edən, özü də qəlpə yarası alan birisiyəm. Məni dəhşətli müharibə öldürmədi, siqaretmi öldürəcək?"
"Ağsaqqal, müharibəni xatırlamağa çalışın. O dəhşəti, göydə od kimi
parıldayan mərmiləri, yaxınlıqda partlayan qumbaraları, tankların səsini, hər an səni bağrına basa biləcək ölümü." Məncə bu qədər çox ağ etmişdim, çünki kişiyə dediklərim üzündəki istehzalı təbəssümü bir anda yox elədi, onu sanki çox uzaqlara apardı. Gözləri yol çəkdi. Mən əlavə elədim: "Hər bomba partlayanda və hər güllə uçduğunda niyə başınızı aşağı əyirdiniz? Bilirəm, can şirin şeydi, bəs o an, sizi canınızdan daha çox nə düşündürürdü?"
Kişi siqareti külqabıya basaraq söndürmüşdü. Titrək əlini ağarmış saqqalında gəzdirmiş və dərinlərə batmış səs tonu ilə demişdi:
"Övladlarım. Canımdan çox sevdiyim balalarım. Onları tezliklə bağrıma basmaq üçün mən sağ qalmaq məcburiyyətində idim. Sırf onlara görə evə canlı olaraq gəlməliydim."
"Siz bunu bacardınız. Uşaqlarınıza qovuşdunuz və onlar əbədi ata həsrəti çəkmək məcburiyyətində qalmadılar. Bəs siz uşaqlarınıza görə müharibədən sağ çıxmağa çalışdığınız halda, niyə siqaretin sizi hər gün öldürməsinə izin verirsiniz. Bəlkə doxsan il yaşamaq gücü olan orqanizminiz bu halda daha az yaşayacaq və övladlarınız hələ cavan ikən sizin əziyyət çəkməyinizi izləyib hər gün ağlayacaq, pərişan halda yaşayacaqlar. Özünüzü düşünməsəniz belə siqareti və onun kimi pis vərdişləri məhz övladlarınıza görə tərgitməyə dəyər."
Sonrakı dialoqumuzdan çox şey xatırlamasam da xatırladığım odur ki, Davud, mən və Bağban kişinin arasında uzun müddət səssizlik hökm
sürmüşdü. O səssizliyi pozan quşların gözəl nəğməsi (hələ də qulağımdadır) sanki aramızdakı gərginliyi aradan qaldırmağa çalışırdı.

Sonsuzluğa Səyahət (povest)Where stories live. Discover now