26

8 4 2
                                    

Cümlə-cümlə hamsını oxumurdum, yalnız Raufla bağlı diqqətimi çəkən hissələrə göz atdığımdan, bloknotun otuz faizini artıq vərəqləmişdim. Anladığım qədərilə bu bir gündəlik deyildi; müxtəlif illərdə, aylarda və günlərdə qeydə aldığım xatirələr idi.

... əlbətdə Raufun aşiq olmasına sevinmişdim. Sevgisini Damlaya etiraf elədiyində müsbət cavab aldı. Bu çox yaxşı oldu, ən azından beyni dumanlı qızlar Raufdan uzaq gəzməyə başlamışdılar. Əlbətdə, bu, həm də Damlanın qısqanclığının nəticəsi idi.

... sözün həqiqi mənasında Damladan gözüm su içmirdi. Çox eqoist bir
qız idi və məktəbin ən yaraşıqlı oğlanı ilə birlikdə olduğu üçün başı
tavanla gedirdi. Əlbətdə, bu məni çox da maraqlandırmamalıydı, Rauf onu belə qəbul eləmiş, belə sevmişdi, lakin məni narahat edən başqa bir mövzu idi: sanki Damla çoxdandır ki, bu anı – digər qızlara trip atmağı, Raufun qoluna girərək özünü camaata göstərməyi arzulayırmış. Onun bu hərəkətləri gündən-günə elə iyrənc şəkil almışdı ki, kənardan hər kəsin gözünə çarpırdı, bircə Raufdan başqa. Sevgi heç də gözəl bir şey deyilmiş. Bu sözləri heç vaxt dostuma deyə bilməzdim, amma bəzən Damlanın insanda ikrah oyadacaq hərəkətlərini gördüyümdə, yaxşı ki, mənim sevgilim yoxdur deyə düşünürəm.
... Raufun ən yaxın dostu olduğum üçün onun münasibətini analiz
eləməyi özümə pis bilmirdim, amma öz aləmimdə. Ona açıq-aşkar deyə
bilmirdim, çünki deyəcəklərimin aşiq bir adamın qulağında tutarsız və
qərəzli yanaşma kimi səslənəcəyindən qorxurdum. İstəmirdim ən yaxın dostumla aram dəysin.
Sanki Damla onu sevmirdi, Raufun ona verdiyi sevgini sevirdi. Digər
tərəfdən də Damlanın uşaqca hərəkətləri onu göstərir ki, bu münasibətin sonu çox çəkməyən müvəqqəti əlaqələrdən heç də fərqli olmayacaq: bu
səbəbdən susmağı üstün tuturdum.

... Raufla eyni hərbi hissədə xidmətimizi başa vurub təxris olduq.
... Rauf 2041-ci ildə Damla ilə ailə həyatı qurdu. O vaxtlar mən hələ
subay idim.
... onların evliliyinin üzərindən artıq on səkkiz ay keçirdi və hələ də
uşaqları olmamışdı. Rauf çox danışmasa da hiss edirdim ki, ailədaxili
münasibətləri normal vəziyyətdə deyildi. Həm ailədə həm də çalışdığı iş yerlərində bu adamın üzü gülmürdü deyəsən. Bir tərəfdən tez-tez iş
yerlərini dəyişirdi, məcbur qalıb şəhərə gedərək toy və şənliklərdə
fotoqrafçılıq edirdi, bu sahədən də çox güclü qazancı olmurdu. O,
fotoqrafçılığa bir incəsənət kimi yanaşırdı, istəyirdi ki, bu sahədən sadəcə pul deyil də həm də həzz alsın.
... Rauf həmişə qız uşaqlarını çox sevirdi. Yeniyetməlik dövrümüzdən bəri həmişə bir qız uşağı olsun və adını Elza Qoysun. Artıq iki il keçmişdi və nəyin ki, qız uşağının, ümumiyyətlə övladının olmamasına görə daxilən böyük sarsıntı keçirirdi.

Bloknotu bir anlıq qapadım. Bədənimi isti tər bürüməyə başlamışdı və arıq, çəlimsiz barmaqlarım daha çox titrəməyə başladılar.
Elza? Niyə mən öz qızımın adını Elza qoymuşam? Bu ki, Raufun ən
sevdiyi ad idi. Bəlkə mərhum dostumun əziz xatirəsi üçün belə bir hərəkət eləmişəm.
Elzanın siması, kürən saçları gözlərimin önündə canlandı. O, həqiqətənmi mənim qızımdır?

... 2043-cü ildə mən sevdiyim insanla ailə həyatı qurdum. Əlbətdə
mənim şad günümü fotolara əks eləyən gözəl insan Rauf idi. Və bu dəfə
fotoaparatı əlində böyük həvəslə və sevinclə tutmuşdu. O, özünü zərrə
qədər xoşbəxt hiss elədiyində mən də özümü xoşbəxt hiss edə bilirdim. O, mənim ailəmin bir parçasıydı, mən ailəmin tək oğlu olsam da Raufu
həmişə qardaşım kimi hiss eləmişəm.

... Allah mənə çox gözəl bir ailə nəsib etmişdi, həmişə Rauf üçün də dua edirdim, ona da ailəsində xoşbəxtlik və gözəl bir qız uşağı arzulayırdım.
... 2044-cü il. Həyat yoldaşım oğlan uşağı dünyaya gətirdi. Bu mənim
üçün dünyada ən sevincli gün idi, lakin günü-gündən məhv olan, dərd-
fikirdən əriyən Raufu düşündükcə həqiqətən ürəyim ağrayırdı. Uşaqları olmurdu və buna görə ən çox çöküş yaşayan Raufun özü idi, sanki
Damlanın vecinə də deyildi və sadəcə Raufu qınamaqdan başqa heç nə
bacarmırdı. Rauf gündən-günə daha da aqressivləşirdi, əlindən nəsə xəta çıxmasın deyə onları dəfələrlə öz evimə qonaq çağırır, yoldaşımla birlikdə onları barışdırmağa, məsləhətlər verməyə çalışırdıq. Hər dəfə bizə gəldiklərində Damlanın necə nifrət dolu baxışlarla Raufu süzməsindən əmin olurdum ki, bu qadın heç vaxt Raufu nə anladı, nə də sevdi. Bəlkə də Rauf aqressivliyini evdə ona nümayiş eləyirdi, amma Damladan da çox şey asılı idi, çünki mən Raufu tanıyandan bilirdim ki, bu insan heç qarışqanı belə əzib keçməyə qadir deyildir. Sadəcə onu bu həddə çatdırmayasan.
... bir dəfə mən tək Raufgilə qonaq getmişdim, başıma qəribə bir hadisə
gəldi; heç gözləmədiyim bir hadisə: Raufla kiçik yemək süfrəsindən sonra mənimlə təklikdə danışmaq üçün çölə çıxıb gəzməyi təklif elədi və məndən öncə çıxdı evdən. Hava soyuq olduğundan mən pencəyimi, ayaqqabılarımı geyinincə 3-5 dəqiqə vaxt itirdim evdə və həmin vaxt aralığında Damla süfrəni yığışdırmaqla məşğul idi. “Kaş sənin kimi bir ərim olardı. Ona gəldiyim günə daş düşəydi” - deyə pıçıldadı arxamca. Qapının ağzında ayaq saxlasam da geri çevrilmədim. Çünki sözlərini eşidməyimi istəyirdi və buna əmin olmaq üçün arxamda durmuş, çevrilməyimi gözləyirdi. Mən çevrilmədim, qapının dəstəyini burub çölə çıxdım, amma bir qədər öncə yerimdə donub qaldığıma görə yəqin ki, onu eşitdiyimi anlayıb.
... Damlanın bir gün Raufu qatil edəcəyindən qorxurdum...

Sonsuzluğa Səyahət (povest)Unde poveștirile trăiesc. Descoperă acum