9

22 5 3
                                    

Çantamın ağır olduğunun fərqində idim, lakin təbiətin füsunkar rəsm əsəri kimi səssizliyi və gözəlliyi çiyinlərimdəki yükü, ürəyimdəki ağırlığı aradan götürürdü.
Evimdə həmişə bir ədəd altmış litrlik səyahət çantası olub (çünki
Davudla tez-tez səyahətlərə çıxardıq), lakin içindəki bir çox ləvazimatları yeni almışdım: məsələn (hər ehtimala qarşı) iki ədəd baş fanarı, bir ədəd adi fanar, meşədə rahat olmasa da yata bilməyim üçün şişmə matı və “Flytop” firmasına aid 2.6 kg çəkisində yaşıl rəngli çadır, bir müddət ac qalmamaq üçün müxtəlif konservlər, sosis, kolbasa kimi hazır yeməklər, içi su dolu termos (çay içməklə aram yoxdur), kitablar, qeyd dəftərim və başqa əşyaları “sonsuzluq qaçışı”nda özümlə daşıyacaqdım və yol boyu onlarla yoldaşlıq edəcəyimdən olduqca məmnun idim. Bir qədər gedəndən sonra arxamdan gələn sarı rəngli Ford transit avtobusu qarşımda dayandı. Əvvəlcə özümə aid etməyərək yoluma davam etsəm də fordun paralelinə çatdığım an açıq pəncərədən bir neçə oğlanla qızın bağırdığını gördüm və durdum. Hər birinin əlində içki var idi və məni görcək əllərini çölə çıxararaq əl yelləməyə başladıqlarında içkilər üstümə sıçrayır, asfalta dağılırdı. Deyəsən qızlar oğlanlara nisbətən daha çox sərxoş idilər.
Son zamanlarda çox stress və əsəb keçirirdim. Buna görə də üzərimdə heç vaxt soyuq silah gəzdirmirdim (isti silahım zatən yox idi). Lakin
yolçuluqla əlaqəli meşədə mütləq lazımım olacaq iti bıçaqdan iki ədəd çantama yerləşdirmişdim. Avtobusdakı oğlanlar ümidvaram hədlərini aşıb mənə sataşmaq istəməzlər.
Üst-başımı təmizləyib yoluma davam elədiyimdə qızlardan biri səsləndi:
“Cavan oğlan, hava çox istidir, içki istəmirsən?”
Geriyə dönüb təşəkkürümü bildirərək baş hərəkətimlə istəmədiyimi
bildirdim. Avtobus asta-asta hərəkətə gələrək mənimlə paralel şütüməyə başladı.
Arxa pəncərələrin birindən kepkalı oğlan bir banka energetik içkini
qucağıma tulladı.
İçki buz kimi idi və onu mədəmdə hiss eləmək pis olmazdı. Tərəddüt
etmədən qapağını açıb başıma çəkdim. “Dostum, gəl otur, birgə içək”
içəridən kim olduğunu görmədiyim amma səsindən oğlan olduğu bilinən birisi səsləndi. Şən və mehriban gənclər təəssüratını yaratmağa başlamışdılar məndə: bəlkə biraz içkili olduqlarından irəli gələ bilər.
Bir yola baxdım, bir də onlara. Onsuzda gedəcəyim dəqiq bir yer yox
idi, bir qədər onlarla birgə getmək heç də pis olmazdı deyə düşündüm və Forda atladım. Salon geniş olduğundan belimdəki çantayla içəri
rahatlıqla keçə bildim. İçəri girər-girməz hamı səs-səsə verib yüksək tonda qışqırışmağa başladılar; sanki mən belində hədiyyə çantası olan şaxta baba, onlar isə sevinən uşaqlar idilər.
Etiraf edirəm, ilk baxışdan bu gənclərə qarşı önyarğılı hislərə
qapanmışdım, amma az sonra yanıldığımı hiss elədim. Nə qədər içkili olsalar belə qətiyyən səviyyəsizlik etmirdilər, hətda bəzən sərxoş
gülüşmələrindən sonra bir müddət ara sakitləşir, normal ağlı başında
insanlar kimi mənimlə danışmağa başlayırdılar. Hətda xatırlayıram ki, aralarından bir nəfər mənim iyirmi dörd yaşım olduğuna inanmamış, əksinə çox yaşım olduğunu düşünmüş və yol boyu zarafatca mənə “baba” deyə müraciət eləmişdi.
Bu pozitiv gənclər artıq məzun olmuş universitet tələbələri idilər və bir araya gələrək Qarabağ torpaqlarını bir həftə ərzində səyahət etmək planıyla Bakını uzaqlarda qoymuşdular. Lakin məndən fərqli olaraq onlar geri dönəcəkdilər...
Məndən hara gedəcəyimi soruşduqlarında ayaqlarım hara, özüm də ora, cavabını verdiyimdə cavanlar dərhal, onlarla bu tura qoşulmağımı, ən azından yolun yarısına qədər onlarla birgə getməyimi təklif eləmişdilər. Həqiqətən onlarla bir neçə saatlıq yolda birgə getməklə müsbət enerji yığacağımı düşünmüşdüm ki, bu da gecə boyu meşədə tək kamp kurmaqda mənə yardımçı olacaqdı. Bilmək olmazdı, bəlkə də fikrimi dəyişərək onların təkliflərini qəbul edib gecəni də onlarla birgə kamp qurası oldum. Amma yox, ilk gecədən özümü təkliyə öyrəşdirməliyəm, bu vaxta qədər həmişə Davudla meşələrdə kamp qurardıq, lakin artıq bitdi, mən təkliyi
öyrənməliyəm. Dünyanın doğumdan bəri dəyişməyən yeganə üzü olan təbiət ilə yaşamağı, nə qədər çətin olsa da ibtidai insanlar kimi yaşam
sürməyi öyrənməliyəm.
Günün ikinci yarısında füsünkar təbiəti və mənzərəsi ilə bütün
rayonlarımızdan fərqlənən Qarabağ torpaqlarına daxil olmuşduq. Qızlar və oğlanların bəziləri içkinin və çox danışmağın təsirindən yorulub yatmışdılar, mən və digər oyaq qalanlar isə susaraq maşının
pəncərəsindən uca dağların və yaşıl meşələrin gözəlliyinə tamaşa
etməkdən doymurduq.
Dörd il bundan öncə məs bu torpaqlarda hərbi xidmətimi başa
vurmuşdum. Düzdü, çox da yaxşı anılarla yaddaşıma qazınmasa da hərbi hissəmizin ətrafındakı mənzərələr həmişə yadımda gözəl olaraq qalacaqdır.
Yatmamış oğlanlardan biri pulumun olub-olmadığını, əgər yoxdursa
verə biləcəyini vurğuladı. Dəqiq bilmirəm niyə belə bir şey dedi, ya
içkiliydi nə dediyini bilmirdi, ya da hara gedəcəyimi bilməyən avara birisi olduğuma görə pulumun da olmadığını düşünüb. Çantaya yerləşdirdiyim portmanatın içindəki 500 manatı xatırladım və dedim ki, yetəri qədər pulum var. Oğlan susdu və qızarmış gözlərini bağlayıb yatdı.
Hər kəsin səssizliyindən və başımın üzərindəki mənzərələrdən
ilhamlanaraq arxa oturacağa keçdim və qeyd dəftərimi açaraq bir iki şey yazmağa başladım.

Sonsuzluğa Səyahət (povest)Où les histoires vivent. Découvrez maintenant