Fərid qapını döyüb içəri daxil oldu. Soruşdu ki, nəyəsə ehtiyacım varmı? Bloknotu qatlayıb qucağıma qoydum və Fəriddən su istədim. Başımı bir balaca dikəltsəm də bunu çox əziyyətlə bacardım, sanki otaq bir yerdə durmaq istəmir, elə hey başıma fırlanırdı. Fərid bir əliylə boynumun ardından tutaraq suyu rahat içməyimə yardımçı oldu.
- Baba, özünü necə hiss edirsən?
- Çox da yaxşı hiss eləmirəm. Gözlərimin içində ağrılar var, hər yer
başıma fırlanır.
- Bəlkə yatmağa çalışasan?
- Yox bala, qorxuram ki, yatıb ayıla bilmərəm və heç bir şeyi xatırlaya
bilmədən ölərəm.
Artıq bir çox sualın cavabı açılmışdı, lakin bütün bu xatirələr mənimçün vərəq üzərindəki hekayələrdən fərqlənmirdi. Sanki başqasının başına gələrək qeydə aldığı yaşantılar və yaxud uydurmalar idi. Lakin hiss edirdim ki, hələ bütün suallar cavabını tapmayıb: niyə bu vaxta qədər Raufun kimliyini Elzadan gizlətmişəm, niyə Raufla bağlı bütün xatirələrimi, o cümlədən birgə rəsimlərimizi quyuya dəfn eləmişəm?
- Baba, ümidvaram bu oxuduqların səni daha çox narahat eləməz.
- Yox bala, narahat olma, - dedim. - Fərid, mənimlə nəsə vacib işin
yoxdursa, mən çox vaxt tirmədən bu yazılanları bitirib Elzaya məktub yollamaq istəyirəm.
- Əslində vacib bir işim var, - dedi və cibindən qatlanmış açıqça çıxardı.
- Bu məktubu Elza göndərib sənə.
Açıqçanı komodun üzərinə qoydu və otaqdan çıxdı.
Bitməsinə az qalmış bloknotu komodun üzərinə qoyub açıqçanı əlimə aldım, açdım və oxumağa başladım.“Əziz ata,
Çox təəssüflər olsun ki, bəzi məslələrlə əlaqədar neçə gündür rayona – yanına gələ bilməmişəm. Əgər sənə verdiyim bloknotu oxumusansa yəqin artıq təxmin edə bilərsən ki, başım nə işlərə qarışıb. Əgər unutmamısansa mənim də jurnalist olduğumu bilirsən.
Bir neçə həftə bundan öncə ucqar dağların ətəyində, sıx meşələrin
dərinliyində yerləşən 90 metrlik bir uçurumun ətəyində ova çıxmış bir qrup şəxs tərəfindən skelet aşkarlandı. Ölkənin ən qabaqcıl xəbər
proqramında çalışdığım üçün xəbəri eşidər-eşidməz komandamızla üz tutduq həmin əraziyə. Demək olar ki, polislərlə eyni zamanda gəlmişdik və polislər hadisə yerini lentə almamışdan öncə skeletin yaxından fotolarını çəkib, görüntüsünü lentə həkk elədik. Bizi kənarlaşdırıb skeletin ətrafını lentə aldılar. Göründüyü kimi çantasıyla birgə uçurumdan atlamışdı, daha doğrusu o an atladığı hələ sübut olunmamışdı (kimlərsə tərəfindən uçurumdan atılma ehtimalı da var idi). Cəsəd yerə çırpılarkən ya çantası çiyinlərindən çıxdığı üçün kənara düşmüşdü, ya da özündən öncə çantasını tullamışdı.
Əynindəki paltarlardan kişi olduğu bilinsə də analizlər sayəsində bunu daha dəqiq sübuta yetirdilər.
Biz xəbər kamandası olaraq hər son dəqiqə skelet barəsində xüsusi
orqan işçiləridən məlumat alaraq insanlarla paylaşırdıq. Çantası
incələndiyində içindən şəkillər və qeyd dəftəri tapılsa da şəxsiyyətini təstiq edəcək hər-hansı bir sənədə rast gəlmədilər. Onun kimliyini bloknotundakı məlumatlar sayəsində aydınlaşdırmaq daha asan olacaqdı. Skeletin kimliyini dəqiqləşdirməyimiz üçün ən münasib metodlardan biri də bloknotdakı məlumatları ictimailəşdirmək idi. Xəbərin yayılması işi mənə həvalə olundu və mərhumun çantasındakı bloknot, fotokamera və şəkillər mənə verildi. Əlbətdə ilk işim bloknotu vərəqləmək oldu və oxuduqca bu insanın kimliyini dəqiqləşdirmək çox da çətin olmayacaqdı mənim üçün.
Çünki qeydlərdə mərhum ara-sıra ən yaxın dostu olan Davuddan bəhs edirdi. Mən daha sürətlə vərəqlədiyimdə əmin olmağa başlayırdım ki, Davud sənsən. Amma nədənsə sən heç vaxt elə bir dostunun varlığından bizlərə danışmamısan. Heç belə bir adamın səndə bircə dənə rəsmi belə olmayıb heç vaxt. Hardasa yanıldığımı düşündüyümdə hər oxuduğum cümlə məni daha çox çaşbaş salırdı. Bunu dəqiqləşdirməyin digər yolu Raufun çəkdiyi şəkilləri incələmək idi. Bütün şəkilləri stolun üzərinə düzüb diqqətlə baxmağa başladım: çoxu səyahət zamanı çəkdiyi şəkillər idi, şəkillərin arxasında çəkilmə tarixlərini qeyd edirdi. Çox nadir hallarda öz şəklini çəkərdi, həmin şəkillərə diqqətlə baxdığımda daha dəqiq əmin olurdum ki, belə bir insan haqqında sən nə danışmısan, nə də onun şəkilləri səndə olub. Əgər yaxın dost idinizsə niyə bircə şəkli yox idi səndə, - deyə düşündüyüm bir zamanda stolun üzərindəki şəkillərdən biri
diqqətimi çəkdi: bu şəkil beynimdəki suala cavab verdi. Şəkildə - bəzənmiş küknar ağacının qarşısında Rauf yanında bir oğlanla çiyin-çiyinə durmuşdu. Şəkili Raufla bölüşən adam sən idi; sənin cavanlığın idi. Artıq heç bir şübhəsiz anladım ki, Rauf qeydlərində Davud adı çəkərkən səni nəzərdə tuturmuş. Amma bu, suallara son qoymurdu: daha çox suallar doğururdu...
Qeydlərin müəllifi Rauf yola gedə bilmədiyi həyat yoldaşından
yazmışdı; onun kürən saçlarını təsvir eləmişdi. Ata, güzgüdə bir özümə baxdım, bir də Raufun şəklinə. Kürən saçlarımı sığalladım, üz cizgilərimə, gözlərimin rənginə, baxışlarıma diqqət elədim. Uzun illər məni maraqlandıran bir sual mən böyüdükcə həmişə mənimlə də böyümüşdü: xarici görünüşüm, saçımın rəngi, gözlərimin yaşılı ilə ailəmdən açıq aşkar fərqlənirdim və bu barədə olan suallarıma heç vaxt dolğun cavablar vermirdin.
Əgər həqiqətən məni övladlığa götürmüşdünsə, həqiqi anamın Damla, və Həqiqi atamın Rauf olduğunu bu yaşıma qədər məndən niyə gizlətdin? Mənim artıq 35 yaşım var, ata, bu vaxta qədər susmağını və keçmişi silməyə çalışmağını anlaya bilmirəm. Təkliyə çəkilib ağlamaqdan gözlərimin kökü saralıb. Sössüz sən gözəl ata olmusan mənə, amma əsl valideynlərimi məndən gizlətməyinə nə səbəb olmuşdu? İndi də bunları yazarkən göz yaşlarımı saxlaya bilmirəm. Çünki çox təəssüflər olsun ki, sən yaddaşını itirmiş halətdəsən. Amma ümidimi kəsmədim, dostunla olan şəkli və Raufla Damlanın yan-yana durduqları şəkli bloknotla birgə sənə gətirdim ki, bəlkə onlar sənin yaddaşının geri qayıtmasına yardımçı olar...
Bir müddət sonra həqiqətən mərhumun mənim bioloji atam olması öz
təstiqini tapdı, ardıq buna heç bir şübhəm qalmadı. Sadəcə keçmişdə
yaşananları xatırlaya bilən bir-iki nəfər olsaydı, suallarımı verərdim. Hal-hazırda planımda var ki, Damlanı, yəni bioloji anamı axtarım və ona bir-iki sual ünvanlayım.
Ümidvaram Fəridlə gününü rahat keçirirsən. Bu məsələləri atlatıb tez-tez tez yanına gələcəm. Onu bilki, sən yer üzündə ən gözəl atasan və Allahın rəhmətinə qovuşmuş dünyanın ən gözəl anası üçün də burnumun ucu göynüyür.Hörmətlə, səni sevən Elza.”
VOUS LISEZ
Sonsuzluğa Səyahət (povest)
Mystère / ThrillerXatırlamaq... qurumuş bir yaranın qaysağının qopardılmasına bənzəyirdi. Yaram yenidən qanamışdı. Və bu güclü qanaxmanın gətirə biləcəyi ölümün qoxusunu hiss edirdim. Bu qoxu başımın ətrafında hərlənirdi