Beynimdəki suallar xaotik dövr edirdilər, lakin qəribədir ki, Elza burda olarkən ağzımı belə açmadım. Göz görə-görə getməyini izlədim. Ona verəcək o qədər sualım var idi ki. İlk öncə Elza mənim qızım olsa da mənə qətiyyən bənzəməməsinin səbəbi məni maraqlandırırdı.
Şifonerin güzgüsünə baxdım, gözlərim qəhvəyi idi və üz quruluşumda qətiyən Elzaya bənzərlik hiss eləmirəm: bunun səbəbi, mənim qoca, onun isə cavan olduğundan da irəli gələ bilərdi əlbət, lakin bu qadın mənim ailəmdəki heç kəsə bənzəmirdi. Hər şeyə rəğmən göz yaşları, mənə ata deməsi o qədər təbii idi ki, tez bir vaxtda ona qarşı içimdə doğmalıq hissi baş qaldırmışdı. Nədənsə bu duyğu belə kiplənmiş dodaqlarımı aça bilmədi həmin an: buna təəssüflənirəm, çünki o qədər sualım var idi ki.
Dizlərimin üzərindəki kitabçaya baxdım. Bəlkə də suallarımın cavabını burada tapa biləcəm.
Elzanın danışıqlarından belə qənaətə gəldim ki, o da tam olaraq
beynindəki suallara cavab tapa bilməyib və bu səbəbdən mənim nəyisə etiraf etməyimi istəyir. Axı nəyi etiraf eləməliyəm?
Mənə qoyduğu tək şey bu köhnə bloknot oldu. Məncə bəzi şeyləri
xatırlamağımı və onun belə anlamadığı bəzi məsələlərin mənim dilimlə aydınlığa çıxmasını istəyir. Əgər bu məsələnin içində həqiqətən mən varamsa və hər şey aydınlanandan sonra yenidən hər şeyi unutsam, mənim burada mənəvi qazancım nə olacaq?Bilmək olmaz, bəlkə də oxuyarkən mənfi hadisələri xatırlayıb ruh
düşkünlüyü yaşayacam: belə olduğu halda sonradan bütün bu tamaşanı unutmağım daha məqbuldur.
Ayağa qalxıb yırğalanan kresloda əyləşdim. Burada özümü daha rahat hiss edirdim, həmdə pəncərənin önü daha işıqlı idi. Skelet kimi görünən uzun barmaqlarımla kitabçanın üz qabığını çevirdim. İlk gözümə sataşan şey, üz qabığının iç tərəfində cins parçadan tikilmiş kiçik cib idi ki, içində bir neçə şəkillərin ucları görünürdü. Titrək barmaqlarımla çətin də olsa şəkillərin uclarından tutub çəkdim. Köhnəlmiş şəkillər çatlamış və rəngləri solmuşdu. Stolun üstünə əl ataraq eynəyimi qabından çıxarıb gözlərimə taxdım və bir daha şəkillərə baxdım. Şəklin birində sarışın, cavan bir oğlanla kürən saçlı gənc bir qadın bəzənmiş küknar ağacının fonunda qucaqlaşmışdılar. Əlbətdə ki, onların heç birini tanımıram (ya da xatırlamıram), hərçənd az öncə gördüyüm Elza iləşə kildəki qadının azacıq oxşarlıqları olsa da eyni insan olmadıqları gün kimi aydın idi. Digər şəkildə isə həmin yaraşıqlı oğlanla digər cavan bir oğlan dostcasına qollarını bir-birilərinin çiyinlərinə qoyaraq dişlərini ağartmışdılar. Bilmirəm niyə, amma ikinci şəkildəki cavanlar daha təbii, onların gülümsəməsi daha içdənmiş kimi göründü mənə. Şəkillərin ikisi də eyni küknar ağacının fonunda və böyük ehtimalla eyni tarixdə çəkilmişdi.
Mənə yad kimi görünən üç insanın arasından daha çox sarışın oğlanın dostca qoluna girdiyi digər oğlan tanış gəlmişdi. Bəkə də şəkil solğun
olmasaydı tanıya bilərdim...
Bircə dəqiqə, mən niyə beynimi bu qədər zorlayıram ki... axı bu oğlan...
Yerimdən çevrilərək divara baxdım. Həyat yoldaşımla mənim cavanlıqda çəkdirdiyimiz bir neçə şəkillər çərçivəyə salınaraq divardan asılmışdı.
Əlimdə tutduğum şəkilə bir daha baxdım.
Buradakı sarışın oğlanın yanındakı oğlan mənəm!
Bəs bu cavan oğlanla cavan xanım kimdir, və mənim onlarla nə kimi
əlaqəm var?
Ağlıma heç də yaxşı şeylər gəlmirdi: kitabçanı mənə verən Elzanın için-için ağlamasına görə mənfi şeylər düşünməyə təşviq edirdi.
Məncə Elzanı və məni düşündürən bütün suallar öz cavabını bu
kitabçanı oxumağımdan sonra tapacaq. Onsuzda mən tezliklə ölüb
gedəcəm, heç olmasa Elzanı - zavallı qızı narahat edən nədirsə tezliklə üzə çıxsın.
ESTÁS LEYENDO
Sonsuzluğa Səyahət (povest)
Misterio / SuspensoXatırlamaq... qurumuş bir yaranın qaysağının qopardılmasına bənzəyirdi. Yaram yenidən qanamışdı. Və bu güclü qanaxmanın gətirə biləcəyi ölümün qoxusunu hiss edirdim. Bu qoxu başımın ətrafında hərlənirdi