İlahi! Xatırladım!
Nəhayət Raufun demiş olduğu və mənim qeydlərimdə vurğuladığım son cümləsindən tutmuş keçmişdəki bütün yaşantılarım, iztirablarım, yaxşı və pis günlərim hər xırda anı ilə gözlərimin önündə canlandı. Qeydlərim tamamlanmışdı amma mən artıq daha sonrasında odun yığmaq adıyla evdən çıxmışdım, palıd ağaclarının altındakı quyuya enmiş, bloknotumu oradakı qutuda gizlətmişdim. Daha sonra öz canımı Allaha tapşırıb uçuruma pənah aparmışdım.
Və Allah bildiyi kimi elədi: məni öldürmədi, yaddaşımı, acı xatirələrimi beynimdən təmizlədi.
Amma hal-hazırda bu acı xatirlərimin beynimdə canlanması ruhumu daha da sarsıtdı.
Xatırlamaq... qaysaq bağlamış bir yaranın qaysağının qopardılmasına bənzəyirdi. Yaram yenidən qanamışdı. Və bu güclü qanaxmanın gətirə biləcəyi ölümün qoxusunu hiss edirdim. Bu qoxu başımın ətrafında
hərlənirdi. Uçurumdan atlasam da Allah məni öldürməyərək keçmişdə elədiyim səhvi bağışladığını bildirmişdi, lakin heç vaxt özümü bağışlamayacağımı bildiyindən pis xatirələrin sığınacağına çevrilmiş yaddaşımı lütf edərək beynimdən təmizlədi. Mən xatırlamaq üçün çaba göstərdim, amma hardan biləydim ki, unutqanlığım yaralarıma məlhəm imiş.
Unutmaq, bəzən bütün dərdlərin əlacı ola bilirdi...Gözlərimin önünü duman örtmüşdü, otağımı sanki okeanın
dərinliklərindən seyr edirdim. Başımı azacıq yana çevirdiyimdə dalğalanan Fəridi gördüm. Başımın üzərində durmuşdu.
- Baba, yaxşısan? - sanki borunun içinə danışırmış kimi səsi uğultulu
səslənirdi.
- Yaxşıyam... narahat olma... çox yorğunam, yatmağa ehtiyacım var, -
hiss edirdim ki, gözlərim yumulur.
- Eləysə səni narahat eləməyim, - dedi Fərid. - Mən də bu axşam burada səninlə yatacam, bəlkə gecə nəyəsə ehtiyacın olar deyə.
- Yox, bala ehtiyacım yoxdu. Sən bu gecə get evində rahat yat. Sadəcə
sabah Elzaya məktub yollayarsan. Ona yazarsan ki, Damlanı axtarmasın, ona lazım olan bütün sualların cavabı bu blaknotda var, - deyib bloknotu Fəridə uzatdım.
YOU ARE READING
Sonsuzluğa Səyahət (povest)
Mystery / ThrillerXatırlamaq... qurumuş bir yaranın qaysağının qopardılmasına bənzəyirdi. Yaram yenidən qanamışdı. Və bu güclü qanaxmanın gətirə biləcəyi ölümün qoxusunu hiss edirdim. Bu qoxu başımın ətrafında hərlənirdi