19

12 4 1
                                    


"Dünya yaxşı olanların deyil,
yaxşı oynayanların dünyasıdır."
William Shakespeare.


İlanlarla dolu böyük bir ərazi xəyal elədim. Həyatdan bezmiş birisi
ilanların orada olduğunu bilə-bilə vecsizcə həmin ərazidən keçərkən onu ilan çalarsa və həmin adam zəhərlənib ölərsə, bu intihar sayılarmı?
Bir zamanlar bu sualın bənzərini Davuda vermişdim: hündür bir
uçurumun kənarı ilə məqsədsiz irəli-geri qaçan birisi ayağının sürüşməsi və ya uçurumun kənarının tökülməsi səbəbiylə oradan yıxılarsa bu intihar sayılarmı? Davud gülərək demişdi ki, ağlı başında birisi niyə uçurumun kənarı ilə irəli-geri qaçmaq istəsin ki? Ona səssizliyimlə cavab vermişdim və deyəsən nə demək istədiyimi anladığından o da mənimlə birgə susmuşdu. Anladığı halda niyə susmuşdu? Yəqin o an palıdların altında (ilk dəfə) içki içdiyimizə görə məni sərxoş hesab etmişdi və ya özü içkinin təsirində olduğundan ümumiyyətlə nə demək istədiyimi anlamamışdı.

Dağların ətəyi ilə burula-burula yuxarı qalxan yol məni çox yormuşdu. Artıq hava qaralmışdı, xoşbəxtlikdən göy üzü buludsuz idi və bədirlənmiş ay bütün yolumu işıqlandırdığından başıma fanar taxmaq məcburiyyətində qalmamışdım.

Tam yarım saat sonra özümü elə bir yerdə tapdım ki, qarşımdakı
mənzərəni görüncə iliyimə qədər şok yaşamışdım. Davudla birgə xidmət elədiyimiz hərbi hissənin tam qarşısında durmuşdum. Bu ola bilməzdi. Əvvəlcə düşündüm ki, yuxu görürəm. Amma yuxu deyildi, buraya gəlib çıxmağım tam normal idi, çünki hərbi Hissəmin bu kənddə olduğunu çox gözəl bilirdim. Lakin zərrə qədər də ağlımın ucundan belə keçirməmişdim ki, buraya gələcəyəm. Mən bu Hissədə yaşadıqlarımı, zabitin Davuda elədiklərini bir dəfəlik ağlımdan çıxarmaq ümüdüylə təxris olmuşdum, amma həyat məni yenə də buraya gətirib çıxardı. Bəlkə də bu bir təsadüf deyil. Yola çıxarkən özümü Tanrıya tapşırmışdım, plansız hərəkət etdiyim halda bütün yollar məni buraya gətirmişdi. Bəs bütün bunlar Tanrının planıdırsa?
Əlim-ayağım həyəcandan titrəməyə başladı. Tempratur aşağı olsa da
istiləndiyimi hiss elədim və gödəkçəmin zəncirbəndini açdım. Qulaqlarıma qədər yandığımı hiss edirdim.
Zabitlər yaşaması üçün tikilmiş binadan kiminsə çıxdığını gördüm.
Qarnını irəli verərək arxayınca yeriyən hündür, uniformalı birisi idi. İşıq dirəyinin altından keçən kimi onu tanıdım.
Baş leytenant Zakirli...
Dərhal özümü itirmədən yol kənarındakı kolluqda gizləndim və onu
güdməyə başladım. Axşamın bu saatında uniformada dolaşdığına görə yəqin ki, hərbi hissə növbətçisi idi.
Hiss edirdim ki, nəfəsimdən od püskürürəm. Və bu od Zakını yandırmaq üçün can atır.
Kolların arasıyla onun hərəkətlərini izləyirdim və çox uzaqda olmadığına görə hər addımını görə bilirdim.
Artıq illər keçmiş olmasına baxmayaraq onun lənətlənmiş gözlərini
xatırlayırdım. Heç vaxt xoşuna gəlməzdi ki, əsgər onun gözünün içinə baxsın, lakin bir dəfə nifrət dolu baxışlarımla başımı qaldırıb düz gözlərinə baxmışdım. Həyatımda gördüyüm ən acımasız, ürküdücü baxışlara sahib idi. Göz bəbəkləri yaşıl rəngdə olsalar da sanki içlərində xırda qan kimi nöqtələr var idi. Xidmətim boyu hər gün o gözləri oymaq istəyi ilə alışıb yansam da bunu etmədim, edə bilmədim.

Zabitlərin binasından hərbi hissəyə burulan yolda ayaq saxladı, divar arxasından gizlincə baxaraq Hissənin girişində durmuş iki əskərə göz qoyurdu. Əsgərlər sadəcə yerlərində durmuşdular və hərdən nəsə
danışırdılar.
Nə baş verəcəyini təxmin etmişdim.
Zakı bərkdən qışqıraraq divar arxasından çıxdı və əsgərlərə tərəf yeyin addımlarla yaxınlaşmağa başladı. Botinkalarının taqqıltısı beynimin içində əks-səda verirdi.
Bağırdı: "Əsgər! Niyə söhbət edirsiz?" əsgərin birinə yaxınlaşdı
kepkasının dimdiyindən yapışaraq başını aşağı dartdı. "Xidmət zamanı ayıq-sayıq olmalı deyilsiniz? Mənim gözlərim şahin kimi dəqiq görür,
qulaqlarım çox təmiz eşidir, yaddaşım isə sizin simalarınızı unutmayacaq qədər güclüdür."
Əsgərlə birlikdə mən də başımı aşağı saldım. Nə elədiyini bilirdim
(əsgərin belindən vururdu) və o mənzərəyə baxa bilməzdim.
Əllərimə baxdım. Yumruqlarım elə sıxılmışdı ki, əllərimin üst hissəsində damarlar qabarıb partlayacaqdılar sanki.
Bu torpaqlarda vaxtilə mənim atam savaşıb, erməni ilə qarşı-qarşıya
gəlib, neçə erməni beli qırıb, hər kəs torpaqlarında azad yaşasın deyə
güllə qarşısında canını sipər edib. Nəyə görə? Zakı kimi içimizdəki
ermənilər öz vətəndaşının belini rahatca qıra bilsinlər deyə? Torpağımızı ermənilərdən təmizlədiklərini düşünürlər şəhidlər, amma içimizdəki ermənilər sağ qaldıqca şəhidlərin ruhu heç vaxt rahat yatmayacaqdır.
Zakı bir neçə dəfə məni də öz metodu ilə cəzalandırmışdı (bəlkə də elə ona görə sonsuz olmuşdum).
Çantamı çiyinlərimdən aşıraraq ağac dibinə qoydum. Gödəkçəmin
kapyuşonunu başıma keçirdim, üzüm görünməsin deyə boğazlığımı
burnuma qədər qaldırdım. Yerdən iti bir daşı əlimə aldım. Və məqamı gözlədim. Buraya qədər məni gətirib çıxarmış Tanrıdan bir işarə gözlədim.
Budur işarə: Zakirli əsgərlərdən uzaqlaşaraq yol kənarı ilə hərəkət
eləməyə başladı. Siqaret yandırdı. Elə arxayın və özündən razı görünürdü ki, sanki az öncə düşmənindən əvəz çıxmış kimiydi.

Qaranlığa doğru addımladıqca silüetə dönüşürdü və sadəcə qaranlıqda siqaretin qızaran közü onun şeytan simasını azacıq işıqlandırırdı.
Mənimçün uyğun bir məqam idi. Qaranlıqda idim və diqqəti tamam
başqa yerdəydi.
Ağaclıqdan çıxaraq yol ilə hərəkət eləməyə başladım. Qarşısına keçdim və ona doğru yaxınlaşdım.
"Baş leytenant Zakirli!"- səslədim onu.
Yerində durdu.
Lakin mən hələ də ona yaxınlaşırdım.
"Sən kimsən?" dediyində, "tanımırsan!" deyə cavab verdim; indiki
"məni" tanımdadığını nəzərdə tutmuşdum. Çünki bir zamanlar indiki şəxsiyyətimi təxmin etsəydi, bəzi alçaq hərəkətlərini yığışdırardı. Əslində isə beş il keçməsinə baxmayaraq üzümü görən kimi tanıyacaq bir yaddaşa sahib idi.
Onunla üzbəüz durduğumda üzümü görmək üçün siqareti yana
tullayaraq başını irəliyə uzatdı. "Niyə bu qədər qalın geyinmisən? Soyuğa dözümün yoxdu?" iyrənc səsi ilə qəşş elədi.
Gödəkçəmin cibində tutduğum daşı bərk-bərk sıxdım.
"Rütbəmi və soy adımı hardan bilirsən?" üzü ciddiləşdi.
"Yaddaşım sizin kimi əclafı əsla unutmayacaq dərəcədə güclüdür."
Cəld bir hərəkətlə daşı cibimdən çıxarıb sifətinə endirdim. "Bu zərbə,
əsgərlərin belinə vuraraq, onları sonsuzluq təhlükəsiylə qarşı-qarşıya
qoyduğuna görədir!"
Əlləri ilə üzünü qapadı, arxaya səntirləyərək zibil yeşiyinə dəyib durdu. Barmaqlarının arasından qan süzülürdü, lakin qətiyyən səsi çıxmırdı. Şeytan olmasından şübhələnirdim; sanki ağrı hiss etmirdi.
Yenə də eyni zərbədən vursaydım ölə bilərdi: mən bunu istəmirdim. O, sağ qalmalıydı və həyatının sonuna kimi üzündəki çapığa əl vuranda necə aciz birisi olduğunu hiss elləmiydi və daim qorxu içində yaşayaraq əsgərləri aşağılamamalıydı.
Bir qədər arxaya addımlayaraq sürət topladım üzərinə şığıyıb sinəsinə möhkəm təpik zərbəsi endirdim. Söykənmiş olduğu zibil yeşiyinin içinə gumbultuyla düşdü.
Bu zərbə də Zəkiyevə (Davuda) görə! - deyə ürəyimdə pıçıldasam da
səsli demədim, çünki Davudu xatırlamasını istəmirdim.

Sonsuzluğa Səyahət (povest)Where stories live. Discover now