Günorta radələrində övladlarıma təmiz havada gəzəcəyim barədə bildiriş verərək Fəridlə birgə çölə çıxdım. Əlbətdə məqsədim sadəcə gəzmək deyildi.
Təxmini on beş dəqiqədən sonra nisbətən hündür təpəyə qalxaraq palıdın olduğu yerə gəlib çatdıq. Kəndin bitdiyi bu ərazi hündürlükdə yerləşdiyi üçün həm kəndə yuxarıdan baxmaq şansı yaradırdı, həm də kəndin əks tərəfindəki dağları, meşləri, hektarlarla yaşıllıqları insanın gözü qarşısına sərirdi. Əlbətdə diqqəti daha çox cəlb edən yaşıl təpənin tən ortasında boynunu bükmüş nəhəng palıd ağacı idi. Digər tayı olmasa da torpaq üzərində izi qalmışdı.
Əraziyə çatan kimi vaxt itirmədən bir ağacla digər olmayan ağacın
ortasındakı yeri təyin elədim. Artıq Fəriddən gizlədəcək bir şey olmadığından (nədənsə əvvəllər uşaqlıq dostum Raufun kimliyini ondan gizlətmişdim), axtarış aparmaqda mənə kömək etməsini xahiş elədim. Məlum məsələ idi ki, quyunun nə enlilikdə, neçə metrlikdə, nə formada qazıldığını və üzərinin nə ilə örtüldüyünü xatırlamağım qeyri mümkün idi. Hətda uzun illər keçdiyinə görə hal-hazırda mövcud olması da sual altında idi.
Ağacların tən ortasında diqqətlə axtarış apraraq gəzsəm də yer üzərində heç bir boşluğa və ya quyunun ola biləcəyi bir yerə rast gəlmədim. Məcbur qalıb iki ağacın orta xəttilə bir qədər aralanmağa başladığımda Fərid xəbərdarlıq elədi.
- Baba, orada gəzməyin təhlükəlidir.
- Niyə?
- Sən özün bir vaxtlar elə deyirdin. Əvvəllər məni buraya gətirdiyində
heç vaxt ağaclardan aralanaraq onların arxasına keçməyimə izin vermirdin.
Deyirdin ki, burada torpaq təhlükəlidir, sürüşə bilər.
Elə bu zaman irəliyə uzatdığım addımımı torpağın üzərinə qoyduğumda sanki içi boş bir metal qutunun üzərinə qoyurmuş kimi ayaq səsim gumbultu ilə əks-səda verdi. Bir addım geri çəkilib ehtiyyatla yerə çökdüm. Deyəsən, bir vaxtlar nəyə görə Fəridi burada oynamağa qoymadığımı anladım.
- Fərid, narahat olma, burada təhlükəli heç nə yoxdu. Gəl köməkləşək, buradakı quyunu üzə çıxaraq, - deyə nəvəmi yanıma səslədim.
Fərid dərhal yanıma qaçaraq o da mənim kimi çəmənliyin üzərinə çökdü. Mənim hərəkətlərimi təkraralayaraq yerdəki otları əliylə qoparmağa başladı. Nəvəm quyu haqqında ilk dəfə məndən bu gün eşitməsinə rəğmən, sanki o da illərlə bu günü gözləyirmiş kimi yüksək həvəs və sevinclə otları qoparır, daha sonra isə metal qapağın üzərindəki toprağı təmizləyirdi.
Mən yaşlanmışdım, bir-iki yumruq alaq qoparan kimi qollarım yoruldu və təslim olub çəmənliyin üzərində oturdum, başım gicəlləndi, ürəyim çapalamağa başladı. Biraz özümə gələndən sonra gah Fəridin həvəslə torpağı eşələməsinə baxırdım, gah da taysız qalmış və boynunu bükmüş nəhəng palıd ağacının səssiz duruşuna tamaşa edirdim. Quyunun qazındığı yeri ağacların tən ortasında deyil, ortalarından xəyali bir xətt boyu ağacların arxalarına doğru gəldiyimdə tapdım. Bəlli məsələ idi ki, hal-hazırda tək ağac qalmışdı, lakin qopmuş ağacın torpaq üzərində izi qaldığından onu təsəvvür edərək iki ağacın tən ortasını təyin eləmək elə də çətin olmadı.
Fərid yaxınlıqdan möhkəm odun götürərək quyunun üzərini örtən metal parçasının arasına saldı. Lakin açmağa səy göstərməmişdən öncə bir qaşını qaldıraraq sual dolu baxışlarla mənə baxdı.
- Baba, bu quyunun içində nə ola biləcəyi haqqında mənə heç bir şey
deməmisən. İçimə bir hiss damıb ki, quyunun içində kitablarda olduğu kimi qızıl dolu küpə vardır. Elədir?
- Yox bala, düşünmürəm ki, mənim qızılım olsun və onu hər kəsdən
gizlədərək bu quyuda saxlayım. Qızılım olsaydı, əminəm ki, onu sizlərlə bölüşərdim. Bu quyuda mənimçün önəmli əşyaların olacağına ümid edirəm.
- Deməli quyunun dibində axtardığın şeyi xatırlamırsan. Bəs necə oldu ki, quyunun varlığını və onun içində səninçün önəmli olan hər hansısa əşyaların ola biləcəyini xatırladın? Ümumiyyətlə bəzi şeyləri xatırlamağın məni sevindirir, inanıram ki, Elza da bunu eşidsəydi sevinərdi.
- Yox, bala, tam olaraq nəyisə xatırlamış deyiləm, buna üzülürəm. Ümid edirəm ki, quyudan tapacaqlarımız bəzi şeyləri xatırlayacağıma kömək edəcək.
Fərid gücünü toplayaraq odunun bir ucundan basdı və metal yuxarı
qalxdı. Görünür metal çox da ağır deyildi. Fərid onu çox əziyyət çəkmədən kənara tulladı.
İkimiz də diametri təxmini yarım metr, kvadrat formasında olan dəlikdən quyunun dibinə boylandıq. Fərid telefonunun işığını yandıraraq quyunun dibinə tuşladı. Bu, sıradan boruşəkilli su quyularından qat-qat fərqlənən bir quyu idi. Girişindən daxilinə doğru bir neçə metr kvadrat boru formasında olsa da sonradan quyunun dibi otaq formasında genişlənirdi, amma o hissəsini tam görə bilmirdik. Yeraltı bunkeri xatırladırdı və hələlik sadəcə borunun bir otağa açıldığını görmək olurdu, orada daha nə qədər otaqların
ola biləcəyini və ya bir ucu görünən tək otağın nə qədər geniş olduğunu anlamaq çətin idi. Sanki bacanın başından evin içinə baxmağa çalışırdıq. Aşağı rahat enmək üçün borunun divarına taxta pilləkən söykənmişdi.
Fərid məndən daha çox həyəcanlı görünürdü. Hər ehtimala qarşı
özümüzlə gətirdiyimiz kəndiri çantadan çıxardaraq bir ucunu quyunun kənarında yerə bərkitdi. Taxta pilləkənlər hər an qırıla bilərdi. Bir əli ilə kəndirdən bərk-bərk yapışmış, digər əliylə də telefonun işığından istifadə edərək aşağı enməyə başladı. O, hər addımını pilləkənlə aşağı qoyduqca mən ondan daha çox həyəcanlanırdım. Sırf Fərid xəsarət almasın deyə onunçün narahatlıq keçirirdim, amma bu quyuya enmək çox vacib idi.
Yaman yorulmuş olsam da aşağı düşməli olduğumu və ətrafı yaxşıca öz gözlərimlə axtarmalı olduğumu düşünürdüm. Bəlkə də yerin altındakı təziq ürəyimə pis təsir edəcəkdi, amma canım bahasına olsa da mən aşağı enməliydim.
Fərid problemsiz aşağı enə bildiyini mənə bildirdi. Hələ ardıyca düşməyə tələsmədim, gözlədim ətrafa bir qədər nəzər salsın.
- Baba, məncə sən buraları öz gözlərinlə görməlisən. - Fərdidin səsi əks-səda verərək çölə çıxsa da artıq özünü görə bilmirdim. - Amma aşağı
düşməyin məsləhətli deyil, çünki buranın havası çox ağırdı, hətda
deyərdim ki, hava yoxdur.
Fəridin bu sözləri titrəşim dalğalar kimi qulağıma çatdığında mən artıq kəndirdən möhkəm yapışıb ayaqlarımı pilləkənə dayamışdım. Hər atdımımı aşağı pilləyə uzatdığımda çox əziyyət çəkdiyimdən canım ağrayırdı, Fərid kimi cavan, sağlam olmağı arzulamağın əsl məqamı idi.
Hələ qolumun tamam açılmaması mənim işimi daha da çətinləşdirirdi.
Aşağı düşdükcə nəfəsim həqiqətən daralırdı. Lakin hər şeyə rəğmən
dözərək son addımımı yerə qoyan kimi kəndiri əlimdən buraxdım.
Ətrafıma dönüb baxdığımda çox da geniş bir bunkerlə qarşılaşmadım əslində. Sadəcə iki metr şaquli boru bir metrlik üfüqi dəhliz kimi dar bir boşluğa birləşmişdi. Buranın darlığı, həm də havasızlığı məni boğmağa başlamışdı. Ciyərlərim sıxılır, başım gic gedirdi. Müvazinətimi saxlamaq üçün əlimlə divardan tutduğumda divarların tamam taxtadan olduğunu hiss elədim. Döşəmə və tavandan başqa bütün divarlara bir vaxtlar Raufla mən taxta döşəmiş və ortalığa belə maraqlı bir sığınacaq çıxarmışdıq. Çox güclü fantaziyaları olan uşaqlar imişik.
Fərid nəm çəkmiş taxta divarları maraqla döyəcləyirdi.
- Təəssüf ki, taxtaların arxası divardan ibarətdi, - dedi Fərid. - Bu
taxtaların arxasında başqa gizlin otaqlar da olsaydı daha maraqlı olardı.
Mən çox irəli gedə bilmirdim. Amma Fərid qarşını – dəhlizin sonunu
işıqlandırdığında həqiqətən heyrətə gəldim. Nəhəng ağac kökləri dəhlizin sonundakı divarı parçalayaraq ortalığa çıxmışdı və görünür ki, bu köklər başımızın üzərindəki tək ağac olan palıdın kökləri idi, həm də son dəfə buraya mənim girdiyimi nəzərə alsam, köklərin uclarına bərkidilmiş kiçik fotoşəkillərdən anlamaq olurdu ki, bu köklər uzun zaman öncə bu bunkerin divarını dəliblər.
İndi bu vacib deyildi. Məni heyrətə gətirən hər yerdə gözümə sataşan
fotoşəkillər idi.
- Görünür bu şəkillərin hamısı bir vaxtlar ağac köklərinə yapışdırılmışdı.
- Fərid yerə tökülərək nəm çəkmiş şəkilləri ovcuna aldı. - Köklər
burulduqca şəkillər qopub yerə düşüb. Axı niyə, kimin nəyinə lazımdır bu şəkilləri burada gizli saxlasın?
- Fərid, vaxt itirmədən bu şəkillərin hamısını toplamaq lazımdı. Bircə
dənə də şəkil burada qalmamalıdır.
Bunu ona görə Fəridə dedim ki, şəkillərin çoxsunda mənimlə Raufun görüntüləri əks olunmuşdu. Digər şəkillər isə Raufun fotoqrafçılıq
sənətinin baris göstəriciləri idi.
- Baba, bu şəkillərdəki sənsən, sənin cavanlığındır... - bir-bir şəkillərə
diqqətlə baxan Fərid yerində donub qalmışdı. - Bəs yanındakı kimdir? - çevrilib mənə baxdı.
- Fərid, indi sual vermək vaxtı deyil, şəkillərin hamısını toplamağa çalış. Mən çox irəli gedə bilmirdim, buranın havasızlığı məni boğurdu.
Fərid şəkilləri toplaya-toplaya irəli gedirdi, divardan çıxmış ağac
köklərini aralamağa başladı.
- Baba, burda nəsə var, - topladığı şəkilləri səliqəylə yerə qoyan Fərid
indidə sıx kökləri aralamağa başlamışdı. - Deyəsən, xəzinə tapmışam. - Köklərin arxasında gizlədilmiş bir qutunu qucağına alaraq mənə tərəf çevrildi.
- Fərid, vaxtımız yoxdu... nəfəs ala bilmirəm... qutunun içinə evdə
baxarıq... burdakı bütün şəkilləri qutunun içinə yerləşdir və kömək elə çölə çıxım.
YOU ARE READING
Sonsuzluğa Səyahət (povest)
Mystery / ThrillerXatırlamaq... qurumuş bir yaranın qaysağının qopardılmasına bənzəyirdi. Yaram yenidən qanamışdı. Və bu güclü qanaxmanın gətirə biləcəyi ölümün qoxusunu hiss edirdim. Bu qoxu başımın ətrafında hərlənirdi