“Burdan, bu daşlardan hərarət yağır; tuf daşının və komaların
verdiyi istiliyi belə unutmuşdum. Burda günəş deyil, torpağın
özü isidir – istilik torpaqdan, söyüd çubuğunun daha yüksəklərə
qalxması üçün şirəni bütünlüklə canına çəkən köklərdən gəlir.
Bu istilikdən xoşhallanıram,
onun hətda öz qoxusu var:
onda özümün bir parçasını tapıram,
onda həyatın dadına rast gəlirəm.
O, içimdə çoxdan unutduğum arzuları oyadır.”
Cesare Pavese - “Ay və Tonqallar”
Eyvanda durmuşdum, gecə yağışdan islanmış, səhər günəş şülarının
qurudaraq ətrafa yaydığı torpaq qoxusunu ciyərlərimə çəkirdim.
“Özümü eyvandan aşağı daha rahat buraxa bilərəm, bir insana
buraxmaqdansa. Elə çox qorxuram insandan.” - deyə yazmışdı Sabahattin Ali.
Aşağı baxdığımda bu gözəlliklər özümü eyvandan atmağıma ən tutarlı əngəldir mənimçün, düşündüm. Amma bir az da insan toplumu arasında yaşasaydım, qorxuram hansısa eyvandan özümü atmaq məcburiyətində qalacaqdım.
Səhər yuxudan qalxan kimi üzümü təraş eləmiş, dişlərimi fırçalamış və görməmişlər kimi yenə də duş almışdım. Bəlkə uzun aylar, ya da illər ərzində şampunuyla, geliylə bol olan bir hamama həsrət qalacaqdım. Əlbətdə dəniz, göl, buz kimi soyuq sulu çayları çıxmaq şərtilə. Eyvandan baxdığımda yaxınlıqda hüzur verici bir mənzərə gördüm və dərhal pilləkənlə aşağı “uçaraq” çölə çıxdım.
Bağban kişi kepkasını başına qoymuş, əlçəklərini geyinmiş, qayçıyla
gülləri təhdid edərmişcəsinə gördüyü işə elə dalmışdı ki, artırmadan keçərək onun yanına gəldiyimdən xəbəri belə olmamışdı. Ta ki, yanında durub onu salamlayana qədər.
“Rauf, İndi qalxmısan yuxudan? Keç mənim otağıma, Nərmin gözəl
səhər yeməyi hazırlayıb.” Bağban kişi ətrafa pozitiv enerji yayırdı.
Yuxudan qalxan kimi otağımda peyda olmuş meyvə dilimlərindən o
qədər dadmışdım ki, artıq nəsə yemək üçün ac olduğumu düşünmürdüm.
Hər şeydən əlavə Bağban kişinin pozitivliyi diqqətimi çəkmişdi.
“Ağsaqqal, özünü necə hiss edirsən? Dünən axşam evdən çıxmağa həvəsin yox idi.” ona göz vurdum. “Hə Rauf, bu gün özümü çox yaxşı hiss edirəm, tezdən qalxmışdım və dedim ki, gözəl günəşli havadan səmərəli istifadə edim.” qayçı ilə güllərin yarpaqlarını kəsə-kəsə mənimlə də danışırdı.
“Eyvandan gördüyüm qədərilə mənim gecələdiyim evin arxa tərəfində, çox gözəl bir mənzərə canlanır. Gedim biraz mən də günəşdən səmərəli istifadə edim.”
Bağbanın evi ilə villa arasındakı cığırı keçib fındıq ağaclıqlarınının
arasına daxil oldum. Yerdən fındıq yığmaq şansım yox idi çünki fındığın əsl mövsümü payız ayları idi. Fındıq ağaclarından sonra budaqlardan hörülmüş çəpəri aşdım. Bir qədər ağacların arasıyla hərəkət edərək o möhtəşəm mənzərənin tam qarşısına gəlib çıxdım. Çox da enli olmayan çayın gurultulu, daşqını xatırladan şırıltısı, çayın arxasındakı yaşıla boyanmış baş gicəlləndirən dağlar, küknar ağaclarının qoxusu...
Kaş bu mənzərəni Davudla birgə görəydim. Kaş bu səyahətə onunla
birgə çıxaydım, elə burada balıq ovlayıb kabab bişirəydik, yenə də fəlsəfi söhbətlər edəydik. Amma bu mümkün deyildi, nə qədər içdən mənimlə gəlməsini arzu eləsəm də mənimlə gəlməsinə razı ola bilməzdim. Mənimki sıradan bir səyahət deyildi. Sonsuzluq səyahəti idi, geri dönməyəcəkdim və Davudun karyerası, qarşısına qoyduğu məqsədləri, çox sevdiyi bir ailəsi var idi. Mən isə həm maddi həm də mənəvi cəhətdən tək özümü belə güclə ayaq üstə saxlaya bilirdim. Bəlkə də bu səbəbdən, Tanrı mənim maddi, sosial-psixoloji çətinliyimi gördüyündən mənə uşaq bəxş eləməyib.
Günəşin şüaları altında, çəmənliyin üstündə oturaraq qeyd dəftərimə
əlavələr edirdim.
Arxa tərəfimdəkı çəpərdən səslər gəldiyini duyduğumda, bunun, kefimi poza biləcək bir inəyin və ya başqa bir heyvanın ola biləcəyini
düşünmüşdüm, lakin geriyə baxdığımda bunun bir insan olduğunu gördüm (hərçənd bəzən insanlar daha çox hüzur pozucu olurlar).
Nərmin idi. Çəpəri aşıb mənə tərəf gəlirdi. Bir əlini alnına dayayıb
günəş şüalarından gözlərini qorumağa çalışdığı halda, digər əlində çox çətinliklə nəsə saxlamışdı, mənə yaxınlaşana qədər görə bilmirdim.
Yaxınlaşdı.
İki iri almanı bir əlində asanlıqla saxlamışdı: düzünü desəm, bu məndə onun əllərinə qarşı ön yarğı yaratmışdı: bu incə qızın əllərinin iri və sərt olduğunu xəyal etmişdim ki, almalardan birini mənə uzadarkən, əksinə, barmaqlarının incəliyinə heyran olduğumu desəm yanılmaram. Bu qıza heyran olmağa başlamışdım. Bəlkə də şəhərdə məndən çox yaşamışdı, amma eyni zamanda kənd həyatında məndən daha çox dayanıqlılıq göstərə biləcəyi şübhəsiz idi.
“Nə edirdin burda?” səsi həddən artıq şən və ətrafdakı quşların
nəğməsi kimi melodik idi. Yanımda, çəmənliyin üzərində əyləşdi.
Ayaqlarını qatlayıb çiçəklərdən heç fərqlənməyən ətəyinin altında gizlətdi. Müvazinətini normal saxlamaq üçün bir əlini yerə dayadı.
“Heç.” dəftərimi qatlayıb yanıma qoydum. “Mənzərənin dadını
çıxarıram.” gözlərimi yumub dərindən nəfəs aldım.
“Almanın da dadını çıxart.” dedi və gülüşdük.
Almanı dişlədim. Həqiqətən çox dadlı idi. Tanrım, bu o qədər dadlı idi ki, ağzımda bitməsini və ya tezliklə mədəyə getməsini heç istəmədim. Həm bu alma üçün, həm də səhər oyandığımda çarpayımın yanında dilimlənmiş assarti meyvələr üçün Nərminə təşəkkürümü bildirdim.
“Rauf, əslində bizə gəldiyinçün mən sənə minnətdaram.” dedi. “Atam
səni gördüyünə çox sevindi. O, həmişə sizdən bəhs edərdi. Deyərdi ki,
zamanə çox xarabdı, cavanlar göz çıxardırlar, uf demədən başqasının canını alırlar, pis-pis vərdişlərə qurşanırlar, lakin sizi həmişə başqalarına örnək gətirərdi. Səni və dostunu. Adını unutdum.”
“Davud. Ən yaxın və uşaqlıq dostum.”
“Hə. Sən və Davud. Amma bilməyini istəyərdim ki, atam daha çox sənin xətrini istəyir. Sən ona həmişə rəhmətlik qardaşını xatırladırdın. Deyirdi ki, qardaşım da eynən Rauf kimi yalansız, sözü açıq deyən, sorğulamağı bacaran bir gənc idi.” - almadan bir dişləm aldı. “Yeri gəlmişkən, səni sosial şəbəkələrdən izləyirdim.”
Bax bu mənimçün gözlənilməz oldu.
“Fotoqrafçılıq bacarığını çox bəyənirəm, xüsusən də təbiət
mənzərələrində çəkdiyin məqamlar və şəkillərindəki incəliklər həqiqətdən göz oxşayandır.”
Hmm, gizlin pərəstişkarım. Uzun illər şəhərdə yaşamasına baxmayaraq təbiətə meyilli olması diqqətimdən yayınmamışdı.
“Bəlkə bir az özündən danışasan?” - dedi.
Əmin deyildim. Həyatım ona maraqlı gələcəkdimi? Amma bilmirəm
niyə, bu qıza hər şeyi danışa biləcəyimi, sirrimi onunla bölüşə biləcəyimi hiss edirdim.
YOU ARE READING
Sonsuzluğa Səyahət (povest)
Mystery / ThrillerXatırlamaq... qurumuş bir yaranın qaysağının qopardılmasına bənzəyirdi. Yaram yenidən qanamışdı. Və bu güclü qanaxmanın gətirə biləcəyi ölümün qoxusunu hiss edirdim. Bu qoxu başımın ətrafında hərlənirdi