7

24 5 0
                                    

Rauf

"Dünya həssas qəlblər üçün bir cəhənnəmdir"
Goethe.

2045ci il.

Tam əlli üç il bundan öncə - 1992-ci ildə ailəsindən ayrılan iyirmi dörd yaşlı amerikalı McCandless əsrarəngiz təbiətə, buludların sığal çəkdiyi zirvələrə, quşların haqqında nəğmələr bəslədiyi ağaclara qarışmışdı. Bir daha evinə dönməmişdi. O şəxs səyahət zamanı dostlaşdığı bir nəfərə məktubunda belə yazmışdı: "Xoşbəxtliyin və sevincin yalnız insanlarla münasibətdən qaynaqlandığını düşünürsənsə yanılırsan. Tanrı bunu hər yerə saçmışdır. Yaşadığımız hər bir şeyin içində tapa bilərsən bunu."
McCandlessin bu fikirləri ilə tamamilə razıyam. İşçilərinin haqqını
tapdayıb, bəsit şeylərin üstündə maaşlarından tutan, lakin danışarkən işçi hüquqlarından, haqq-ədalətdən dəm vuran bir müdürü; minbərə qalxıb kasıbların talelərinə acıyan, lakin məsciddən ayrılarkən palçığa batmasın deyə bahalı maşın sürən dindarları eşitməkdənsə, bir ağacın səssizliyi məni daha çox xoşbəxt edər.
Və budur, Tanrım mənə yolumu göstərdi; Mənim Tanrım - məni buraya, şəhərdən, insan xaosundan, saxtakar idarəçi insanlardan, bir addım irəli düşmək üçün yanındakıları basmağa çalışan amma qul olduğunu unudmuş sürüdən uzaqlaşdırıb meşənin səssizliyinə çəkib gətirəndir. Düzdü, burada da tam səssizlik olacağını düşünmürəm, lakin axın-axın meqapolislərə, mərkəzlərə doluşan insanları
nəzərə alaraq demək olar ki, burada başım-beynim dinc olacaq.
Mənim Tanrım - məni qatil olmaqdan çəkindirəndir.
Mənim Tanrım - mənim nə istədiyimi bilir.
Çiynimdəki ağır çanta ilə taksilərin toplaşdığı məkana bir təhər
çatmışdım. May ayı olduğundan meşəyə, dağa düşərgə qurmağa gedən bir neçə cavanla da qarşılaşmışdım, lakin onlardan yan gəzirdim. Mənim yolum ayrıdır, onlarınkından fərqli istiqamətdədir.
Taksiyə yaxınlaşdığımda bir qədər çox məbləğ təklif elədim ki, "Niva"ya məndən başqasını almasın. Çantamı baqaja yerləşdirib boş maşının arxa oturacağında əyləşdim. Bununla da "çox danışmaq istəmədiyim mesajını" səssiz bildirişlə sürücüyə ötürmüş oldum. Yersiz və həddən artıq danışan əksər taksi sürücüləri kimi, adını bilmədiyim bu sürücüyə deyəsən hərəkətlərim qəribə gəlmişdi. Baxışlarından hiss edirdim.
Vecimə də deyildi, arxada əyləşmiş, Jon Krakauerin "İnto The Wild"
kitabını vərəqlədikdən sonra səyahət boyu başıma gələnləri qeyd edəcəyim qara üzlüklü bloknotu yazmağa başladım.
Kitabı oxuyarkən ağlıma bir fikir gəldi. Bəlkə səyahət boyu mən də
özümü qarşıma çıxanlara yalançı adla təqdim edim. Məsələn McCandless özünü Alexander Supertramp (superavara) və 1934-cü ildə sonsuzluq səyahətinə çıxmış iyirmi yaşlı Everett Ruess özünü Nemo kimi tanıdırdı. Ki, zənnimcə onların axtarışına çıxan kəslər tərəfindən tapılmasınlar deyə belə bir addım atıblar. Özümə ləqəb düşündüyüm bir zamanda bu fikiri beynimdən qovdum. Axı nəyimə lazımdı, mənim bu günkü tarixdə təbiətə qaçdığımı uşaqlıq dostum Davud bilir. Başqa heç kəs haraya getdiyimi bilmir, və mən əminəm ki, Davudla son dəfə bağladığımız sözləşməyə əsasən, mənim barəmdə heç kəsə heç nə deməyəcək. Biz uşaq deyilik, ikimizin də iyirmi dörd yaşı var, amma eynən uşaqlıqdakı kimi andımız indi də, qan andı idi. Davud məni yaxşı tanıyırdı, nələrin məni xoşbəxt, nələrin məyus edəcəyini ən az mənim qədər gözəl bilirdi. O, bilirdi ki, mən ətrafımdakılarla eyni ortamda daha artıq yaşaya bilməyəcəm. İnsanlara, idarəçilərin qurduğu sistemə ayaq uydura bilmirdim, xırda ədalətsizliyə göz yummaq mənim təbiətimə xas deyildi, məsələn hansısa ədalətsiz bir olayı uzaqdan xəbər alırdımsa və əgər müdaxilə etmək imkanım olmurdusa, o hadisəni ürəyimə salırdım və günlərlə əsəblərim korlanırdı.
Bu xasiyyətimə görə dəfələrlə, müəllimlərin haqsız hərəkətlərinə görə
onlarla acı rəftar etdiyim üçün sinifdən qovulmuş, daha sonralar dəfələrlə iş yerimi dəyişmək məcburiyyətində qalmışdım. Bir dəfə işlədiyim bir yerdə sıradan bir işçinin iş saatından artıq işlədiyi üçün yorğun olmuş, bilmədən yeri zibilləmişdi və müdür gəlib zibili gördükdə təmbəllik etməyib təhlükəsizlik kamerasını açaraq baxmış və həmin adamı cərimələmişdi. Müdürün bu hərəkətinə heç kim səsini qaldırmamışdı.
Növbəti gün işçilərlə şəxsən özüm danışmış, "əgər hamımız eyni hərəkəti bir vaxtda eləsək müdür qorxacaq. Müdürlər digər işçiləri qorxudmaq
üçün daha çox tək-tək cəzalandırma üsulunu seçirlər; məsələn, ani bir
zaman müdür bəyənmədiyi işçini şərləyib işdən uzaqlaşdıra bilər, lakin
hamımız birdən əlimizdəki işi atıb işimizi tərk eləsək müdür bir neçə saatın içində müflis olar və belə bir şey olmaması üçün hətda ayaqlarımıza düşüb bizə yalvarar da.." - kimi sözlərlə, iş yoldaşına qarşı kinli, paxıl və müdür üçün satqınlıq etməyən sıradan iş yoldaşlarımı ətrafıma yığıb onları qaza gətirmişdim. Növbəti günlərdə əlavə saat işləyən və buna görə heç bir qarşılıq məbləğ almayan işçilər yorğunluqlarını ifadə edəcək tərzdə hamısı yeri zibilləməyə başladı. Daha artıq yorğun işçi mənzərəsi və daha artıq zibil. Müdür bu mənzərəni görüncə əsəbləşmiş, lakin qarşılığında işçilərə sadəcə töhmət yazdırmışdı. Bir nəfərin maaşının yarıdan çoxunun
kəsilməsi yoxsa hamının sadəcə töhmət alması? Hansı daha qənaətbəxş idi? Niyyətim ətrafı zibilləndirmək, işçiləri kirli çalışmağa təşviq etmək deyildi, demək istədiyim müdürlər bizi deyil, biz onları əhilləşdirməliyik.
Növbəti günlərdə nazirlik tərəfindən maaşlarımızın artırılması ilə bağlı xəbərlər eşitdik. Nə təsadüfsə həmin ərəfələrdə kadrlar şöbəsinin müavini bütün işçiləri otağına çağıraraq haqqında nədənsə danışmaq istəmədiyi sənədləri işçilərə imzalatdırmağa başlamışdı. Gec-tez anladıq ki, imzalanan sənədlərdə qeyd olunurdu ki, işçi öz maaşından razıdır və maaşının qaldırılmasını istəmir: bu məlumatı vermək əvəzinə ağızlarını mumlayıb sadəcə imza tələb edirdilər. Əlbətdə mən ilk öncə işçilər arasında etirazımı bildirdim və qol çəkməyəcəyimi dediyimdə ətrafıma əvvəlcə az, sonra isə artan sayla daha çox işçi toplaşdı. Bizi dəfələrlə yuxarı çağırsalar da özümüzü eşidməməzliyə vurduq və qalxmadıq.
Nəhayət bir tək mən qalxdım, amma imza atmadım, vərəqi əlimə alıb
oxumağa başladığımda "işçisən öz yerini bil" kimi sərt ifadələrlə
qarşılaşdım, lakin səbrimə hakim olub sənədləri stolun üstünə qoyub
sakitcə otaqdan çıxdım. Çox keçmədi ki, məni işdən uzaqlaşdırmaq
istədilər, odsuz yerlərdən tüstü çıxarmağa başladılar. Mən artıq
bezmişdim. İnsanlarla kəllə-kəlləyə gəlməkdən bezmişdim, amma eyni
zamanda ətrafımda məni dəstdəkləyən yoldaşlarımı gördüyümdə daha da ürəklənirdim. İşdən çıxarılmağım üçün çoxlu "səbəblər" toplamış, məni işdən azad etmək qərarı vermişdilər. Əslində mən də bezmişdim və işimi tərk eləmək istəyirdim. Onsuzda öyrəşmişdim, iyirmili yaşlarımdan, hərbi xidmətdən yenicə gəldiyim zamanlardan bəri işləyirdim. Artıq dəfələrlə iş yerimi dəyişmişdim, lakin sonuncu işdən çıxarılmaq üçün üzərimə atılan böhtanları görən iş yoldaşlarım hamısı ayağa qalxdı və əgər məni işdən çıxararlarsa onlarda işdən çıxacaqlarını deyib, hamı bir nəfər kimi etirazını bildirdi. Nəticə gözlədiyimiz kimi oldu; müdüriyyət mənə töhmət verməklə aranı sakitləşdirdi. Və bir müddət sonra mən tükənmiş vəziyyətdə
işdən çıxdım. Bilirsinizmi niyə tükəndim? Çünki müdüriyyət aranı
sakitləşdirib bir müddət işçilərə dəyib dolaşmadı. Lakin o, hər bir etirazçı işçini yadda saxlamışdı - normaldır ki, hər kəs nə vaxtsa işində səhv edə bilər - qanunları daha da sərtləşdirərək səhv edən işçiləri anında və müxtəlif zaman aralığında işdən azad eləməyə başladı. Növbə mənə də çatacaqdı və özüm hər şeyə tüpürüb işdən çıxdım. Bu da acı həyatın reallıqları.

Bacardığım bir iş var idisə fotoqrafçılıq idi. Bayramlarda şəhərə gedir bəzən pul qazanırdım. Amma mənimkisi insanların şənliklərini çəkib pul qazanmaq deyildi, daha çox sərbəst fotolar çəkmək həvəsindəydim və çəkirdim də. Ətrafımdakılar tərəfindən, fotoaparatımla çəkərək sosial şəbəkələrdə paylaşdıqlarım bəyənilirdi, bu mənə azacıq da olsa motivasiya verirdi. Bilmirəm bu pisdir ya da yaxşı, amma zənnimcə psixologiyamdan - uşaqlıqdan az dəyər və diqqət gördüyümdən irəli gəlirdi.

Sonsuzluğa Səyahət (povest)Where stories live. Discover now