29

13 3 0
                                    

...Maşınımda oturub gözləyirdim. Nəyi gözlədiyimi özüm də bilmirdim, amma ruldan möhkəmcə yapışan barmaqlarıma baxaraq fikirlərə daldığımı bilirdim. Deməli düz təxmin eləmişdim, Rauf rəhmətlik Bağban kişinin evindən çıxandan sonra içindəki qisas hissi onu Zakirlinin hüzuruna gətirmişdi. Bəs sonra? Hara getdiyini necə təxmin edə bilərdim ki? Rauf heç vaxt kiməsə ciddi zərər yetirməyib, amma eyni zamanda da Zakirliyə bəslədiyi nifrət qədər də heç kimə nifrət eləmirdi. Bu nifrət də özünü bağışlamamasından doğurdu. Məni çox pis cəzalandırdığı an Zakını yerində otuzdurmaq üçün mənim kömək eləmədiyinə görə özünü bağışlamırdı, amma bu söhbəti mən dəfələrlə bağlamasını və unutmasını istəsəm də nə fayda?!
Çox güman ki, Rauf axtarışda olduğunu bilib hələ də gizlənməklə
meşələrdə daş dövrünün insanları kimi yaşamağa məcbur qalmışdır. Onun çox gözəl bir çıxış yolu var əslində: Zakirlini vuran adamı heç kim görməmişdi, Rauf heç nə olmamış kimi, evinə qayıdıb yaşamağa davam edə bilərdi. Lakin meşələrdə və ya kəndlərdə qaçaq həyatı yaşayaraq daha böyük risqə girirdi. Əlbətdə onun qayıtması mənim zənnimdə gözəl çıxış yolu idi, amma Rauf qızının doğulacağından xəbərsiz olduğu üçün kəndə qayıtmağı yəqin ki, daha böyük dərd bilir özünə. Bunun əksini düşünsəydi, artıq qayıtmışdı, ya da ən azından mənə məktub yollayardı.
Raufu rəsmi olaraq axtarışa da verə bilmirdim: belə edərək onun üçün təhlükə yaratmış olardım. Xüsusi orqanları ayağa qaldırsaydım, əslində şübhələri də onun üzərinə yönəltmiş ola bilərdim və onun izinə düşsəydilər, Zakirlini vuran şəxsin də o olduğunu sübuta yetirə bilərdilər.

... Əsəblərim gərilmiş şəkildə kor-peşman evimə qayıtdım. Əlimdən heç bir şey gəlmirdi. O, mənə görə lənətə gəlmiş Zakirlidən qisas almışdı,
lakin mən dilsiz mal, onu burada – yanımda saxlamaq üçün əlimdən gələni etmədim. Bəlkə cəhd elədim, amma bu, əlimdən gələni elədim anlamına gəlmirdi.

... Hamısı mənim günahım idi. Mən yaxşı dost ola bilmədim. Gərək bəzi önəmli məsələlərdə susmazdım, bağırıb-çığırıb Damla ilə birlikdə olmasını, daha sonra isə meşəyə getməsini əngəlləyərdim... Hərçənd
zamanında bu məsələlər mənə çox xırda, mənasız və aciz görünürdü.

... noyabr ayı. Artıq uzun zamandır normal yata bilmirəm. Gözlərimə
yuxu getmir. Yoldaşım da mənim üçün narahatdır. Bu gecə nəhayət yata bildim, amma səhər tər-qan içində kabuslarla oyanmalı oldum. Yuxuda Raufu görmüşdüm, onu uçurumdan tullayırdım..
öz əllərimlə... Dəhşət!

... Bəzən yoldaşımla mən Damla ilə əlaqə saxlayırdıq, nəyəsə ehtiyacı
olub-olmadığını soruşur, bətnindəki uşaq haqqında məlumat alırdıq
ondan. Dediyinə görə kasıb qardaşının evində də vəziyyəti normal deyildi.
... bizim evimiz çox geniş olduğundan, yoldaşımla razılığa gələrək
Damlaya bizim evdə qalması üçün təklif elədik. Onun rahatlığı üçün otaq ayırdıq. Doğumuna çox az müddət qaldığı üçün bizim xidmətçi qadına günün çox hissəsini Damlaya qulluq etməsi üçün tapşırıq verdik. Əlbətdə bütün bunları Damladan daha çox doğulacaq körpəsi üçün edirdik; Raufun hörmətinə, insanlıq naminə.
Bəlkə bir müddət vicdanım rahatlıq tapar və nəhayət çox çəkmədən Rauf qayıdıb körpəsini qucağına alar.

... hələ də Raufdan heç bir xəbər yox idi.

... Dekabr ayınının 11-i nəhayət Allahın köməkliyi ilə uşaq doğuldu.
Allah Raufa sap-sağlam, gözləri eynən atasının gözləri kimi yaşıl olan bir qız övladı nəsib eləmişdi. Amma təəssüf ki, Rauf özü bu xoşbəxtlikdən uzaqda, naməlum bir guşədə idi.
Hələ uşaq doğulmamışdan damlaya müraciyət edərək uşağın adını
Raufun istəyinə uyğun Elza qoymasını təklif eləmişdim. Amma Damla qəbul eləməmişdi, öz anasının adını qoymaqda israrlı idi. Hətda qərarında qəti olduğunu bildirməyi azmış kimi, Raufun şəninə təhqirlər ünvanlayır, məsuliyyətdən yayınaraq ortadan qeyb olmağın çox bəsit çıxış yolu olduğunu deyirdi. Uşağa görə Damlayla çox da mübahisə etməməyə çalışırdıq.

... 2046-cı ilin mart ayının on ikisinə qədər Damla bizimlə birgə yaşadı. Artıq bu cür yaşaya bilməyəcəyini anlayıb şəhərə işləməyə getməyi qərar vermişdi və atası gəlmədiyi üçün qızını da uşaqlar evinə yerləşdirməyi düşünürdü. Əsla buna izin verə bilməzdim. İnanırdım ki, Rauf nə vaxtsa qayıdacaq və qızını qucağına almaq ona nəsib olacaq. Damlayla oturub danışdıq, bütün qərarına hörmətlə yanaşdığımızı bildirdik. Lakin qızı uşaqlar evinə qoymaqdansa bizə verməsini istədik. Razılaşdı.
Sənəd-sünəd yolu ilə uşağın adını dəyişib Elza qoyduq və onu öz
soyadımıza keçirərək rəsmi yollarla övladımız elədik.

... Elzanın 4 yaşı olanda həyat yoldaşım bir qız övladı dünyaya gətirdi və artıq Elzayla birgə bizim iki qızımız və bir oğlumuz var idi.

... Raufdan heç bir xəbər yox idi. Elə gün olmurdu ki, onu ağlımdan
çıxara bilim. Bəzən təkliyə çəkilərək dağlara, meşələrə tamaşa edirdim, özümü ağlamaqdan saxlaya bilmirdim, hələ ümid edirdim ki, bir gün Rauf ağacların arasından qaça-qaça çıxıb qızını qucağına alacaq, doyunca öpəcək. Bəlkə də özümü aldadırdım, barışmaq istəməsəm də bu qədər zamanda mənə bircə dəfə məktub yollamamasından hiss edirdim ki, başına nəsə pis bir iş gəlib: bu fikri tez ağlımdan çıxarmağa çalışırdım ki, daha çox depressiyaya düşməyim. Çünki gözəl ailəm və Raufun canını, qanını daşıyan Elzanın gələcəyi üçün daha gümrah olmalıydım.

... illər çox sürətlə ötürdü və Raufun qanını damarlarında daşıyan Elza artıq böyüyürdü. Kürən saçlarını anasından, yaşıl gözlərini isə atasından almışdı. Lakin hər qucağıma alıb ona baxdığımda yalnız Raufu xatırlayırdım.

Sonsuzluğa Səyahət (povest)Where stories live. Discover now