Gecəni narahat yatsam da səhər diksinərək yuxudan ayıldığımda
əməllicə tərlədiyimin fərqinə vardım. Bədənimin tərləməsi xəstəliyimi azacıq da olsa atlatmaqda yardımçı olmuşdu mənə. Lakin gecəni yuxuda keçirtdiyim çox az saatlarda mənimçün ürəkaçan olduğunu deyə bilməzdim. Yuxuda yalnız Zakirlinin cəsədini görmüşdüm. Zibil yeşiyində qanlı gözlərini iri-iri açan cəsəd qorxu filmlərini xatırladırdı. Zibil yeşiyindən çıxmağı bacaran ölü yerdə sürünərək mənim üstümə gəlirdi.
Qəribədi, yuxuda da olsam onun qarşısında heykəl kimi donub qalmışdım, heç yerə qaça bilmirdim. Yalnız ağalayaraq gəvəzələyirdim: onu öldürmək istəmədiyimi, buna görə üzr istədiyimi bildirirdim. Dəfələrlə mən qatil deyiləm sözlərini təkrarlayırdım, amma yerə mıxlanaraq hərəkət edə bilmirdim. Zakirlinin meyidi qorxunc hərəkətlərlə üstümə gələrək yaxamdan yapışıb, mənim qatil olduğumu bağırırdı. Arxadakı iki əsgər də bu səhnəyə tamaşa edərək gülüşürdülər; ikisi də mənim qatil olduğumu təstiqləyirdilər.
Çox dəhşətli bir yuxu idi, hətda səhərin təravətli havası və quşların
nəğməsi belə yuxunun mənə bəxş elədiyi gərginliyi aradan qaldıra
bilmirdi.
Yerimdən qalxaraq ağacların arasında gəzişməyə başladım. Başım hələ də hərlənirdi və bu azmış kimi bir dəfə qaytardım. Qaytarmaq üçün belə mədəmdə normal qida qalığı olmadığından boğazımdan süzülən acı selik oldu.
Mədəm də ağramağa başlamışdı: Bir bu qalmışdı. Düzdü, ac
qaldığımdan və dəfələrlə qaytardığımdan mədəmin ağraması da normal idi, lakin məndə uşaqlıqdan bəri yersiz mədə ağrıları olurdu. Həkimin sözlərini təstiqləyən anam deyərdi ki, əsəbi gərginlik belə bəzən mədədə spazmlara səbəb ola bilirdi.
Və indi əsəblərim heç qaydasında deyildi. Xüsusən də gördüyüm dəhşətli yuxudan sonra içimi gəmirən bir hiss peyda olmuşdu. Bu hiss, Zakirlinin ovuclarında gizlətdiyi qanlı üzünü gözlərimin önünə sərirdi.
Bu hiss, əllərimin qana bulaşdığını xatırladırdı mənə.
Bu hiss, qatil olduğumu deyərək mənə gülürdü: əlbətdə əgər həqiqətən Zakirlini öldürmüşdümsə.
Bu hiss, vicdan adlı canavarı zəncirindən açaraq üstümə buraxmışdı və deyəsən tezliklə bu canavar məni param-parça edəcəkdi.Meşədə azmışam. Hündür bir yerə çıxıb ətrafıma baxdığımda sadəcə sıx meşəliklər və silsilə dağlardan başqa heç nə görmədim.
Taqətdən düşmüşəm və artıq qeydlərimi belə davam eləməyə gücüm
qalmayıb.
Hündür bir təpəyə dırmaşdım. Tanrıya daha yaxın bir yerə. İndi başım aşağı idi onun qarşısında. Əgər Zakirlini öldürmüşdümsə mən qatil idim və Tanrının gözlərinə dik baxa bilməzdim. Zakirli nə qədər ölümə laiq birisi olsa da mən əllərimi onun qanına bulayacaq birisi olmamalıydım. Niyyətim sadəcə ona dərs vermək idi ki, bu dərsi Tanrı özü zamanında verməliydi. Onun işini mən icra eləməli deyildim. Gec-tez öləcəkdim və bütün bunların sorğu-sualını tanrıya verəcəkdim, beynimdəki niyələrin cavabını soruşacaqdım ondan. Amma indi vəziyyət dəyişdi. Mən böyük ehtimalla qatiləm və Tanrı o dünyada mənim səsimi kəsərək müqəssir olduğumu deyib onu sorğulamağıma izin verməyəcək.
Yenə də vicdan canavarı ilə boğuşaraq yaşamaqdansa o biri dünyada
sonsuzadək Tanrı tərəfindən cəzalanmağı üstün tuturam. Ən azından bu cəza vicdanımı təmizləməyə xidmət edəcək.Beləliklə tanrı ilə yeni bir şərt kəsdim: uçurumun kənarı ilə irəli-geri
qaçmağa çalışacaqdım. Tanrı bu dünyada qalıb vicdan əzabı çəkməyimi və ya normal yaşamaq üçün digər çıxış yolları tapmağımı istəyirdisə uçurumdan düşməyimə izin verməyəcəkdi, əgər məni öz yanına aparmaq istəyirsə məni uçurumdan itələyəcəkdi.Bu qətiyyən bir intihar deyil.
Mən sadəcə təpənin kənarı ilə qaçmağa çalışacam.
Məni yanına aparıb-aparmamaq isə Tanrının öz seçimidir.Mən cəhd elədim. İnsanlar arasında yaşamağa çalışdım, yaşaya
bilmədim. İnsanlardan təbiətə qaçdım, burda da həmin varlıqlardan,
kibrdən amanda qalmadım. Bu qaçışın bir sonu yoxdur. Hətda Forrest Gump kimi 3 il, 2 ay, 14 gün, 16 saat durmadan qaçsaydım belə istədiyim nəticəyə vara bilməyəcəkdim. Qəribədir, insanlarla yaşayaraq başıma gələnlərdən ötrü daha da murdarlaşmamaq üçün qaçdım, amma qaçdığım yerdə əvvəl etmədiyim murdarlığı törətdim: həyatın ironiyası bu olmalı.Hər nə olsa da, nə qədər insanlara və artıq özümə nifrət eləsəm də ən
yaxın dostum, uşaqlıqdan bəri bütün sirlərimi onunla bölüşdüyüm Davudu heç vaxt unutmadım və onu hələ də çox istəyirəm.
Davud üçün və qoşa palıd ağacları üçün burnumun ucu göynüyür.
VOUS LISEZ
Sonsuzluğa Səyahət (povest)
Mystère / ThrillerXatırlamaq... qurumuş bir yaranın qaysağının qopardılmasına bənzəyirdi. Yaram yenidən qanamışdı. Və bu güclü qanaxmanın gətirə biləcəyi ölümün qoxusunu hiss edirdim. Bu qoxu başımın ətrafında hərlənirdi