11

15 5 0
                                    

2040-cı ildə hərbi xidmətimi bitirdiyim rayona çatan kimi, gənclərdən ayrıldım. Dağların arasıyla (fotoaparatımın müşaiəti ilə) təxmini bir saat piyada məsafəsini qət edəndən sonra kiçik bir qəsəbəyə daxil oldum.
Bu yerləri çox gözəl tanıyırdım əzbərimdə bildiyim yol ilə hərəkət edərək Bağban kişinin ziyarətinə gəldim.
Bağban kişi Davudun atasının dostu idi və Davudla mən hərbi
xidmətimiz bitdiyində öz Opel markalı maşını ilə arxamızca gələrək
xidmətdən sonra tam on gün müddətində istirahətimizi təmin eləmiş, bizimlə mehriban rəftar etmişdi. On gün ərzində onun geniş bağında,
kabab çəkmiş, balıq ovuna çıxmış, bir sözlə doyunca istirahət etmişdik. Dedim son dəfə onun ziyarətinə gəlim, heç olmasa bir qədər çay içib,
söhbət edək. 5 il bundan öncə Onunla söhbət etmək çox xoşuma gəlmişdi, 50 yaşlarında olmasına baxmayaraq çox səmimi və ünsiyyətçil bir kişidir.
Hava tamam qaralanda mən artıq Bağban kişinin geniş darvazasını
döyürdüm. Həyətdən nəriltiyə bənzər qorxunc it səsini eşidərkən, beş il bundan öncə Bağban kişinin həyətindəki balaca qoyun itini xatırladım. Planımda var idi ki, qeyd dəftərimi Bağban kişinin yanından ayrılandan sonra meşədə quracağım çadırda yazım. Lakin, çöldə güclü yağış yağmağa başladığından Bağban kişi heç olmasa bu gecəlik onun qonağı olmağımı israr etdi və mən hal-hazırda iki mərtəbəli boş bir evin ikinci mərtəbəsində pəncərənin önündə oturub, çöldəki yağışa tamaşa edərək bu qeydləri yazıram.
Bu ev ona görə boşdur ki, Bağban kişinin oğulları hamısı işlə əlaqəli
Bakıya köçmüşdülər. Bağbanın onlar üçün qurduğu bu imarətlər bom-boş qalmışdı. Əgər Bağbanın qızı da burada olmasaydı bu evlər lap yaman günə qalardılar. Bağbanın iyirmi yaşlarında olan gözəl qızını ilk dəfə idi ki, görürdüm. Davudla əsgərlikdən gəldiyimizdə bu qız burada yox idi (yəqin o da qardaşlarının yanındaymış) və Bağban kişi oğulları barəsində danışsa da onun barəsində qətiyyən kəlmə kəsmədiyindən sadəcə iki oğlu olduğunu düşünmüşdüm, lakin Davud onun qızını lap uşaqlığında gördüyünü demişdi. Darvazanı döyərkən qapını o açmışdı üzümə və onu görçək donub qalmışdım. Bir anlıq yalnış qapını döydüyümü düşünsəm də kəkələyərək Bağban kişinin adını çəkdiyimdə düz ünvana gəldiyimi bildirdi, amma onun da baxışlarında qəribəliyi deməzdim ki sezmədim.
Qız dedi ki, atası bir qədər naxoşladığına görə qapıya gələ bilməyəcək. Nə üçün gəldiyimi soruşdu ki, atasına çatdırsın. Mən isə Bağban kişinin naxoş olduğunu eşidən kimi daha çox narahat oldum və imkan daxilində onu görmək istədiyimi bildirdim. Qız yenə də məni içəri keçməyə qoymadı, adımı soruşdu, gözləməyimi tələb edərək qapını üzümə bağladı. Bir neçə dəqiqə sonra geri qayıdaraq qapını üzümə açdı. Bu dəfə çöhrəsində həm güllər açırdı, həm də utancaqlığın rəmzi olan qırmızı ləkələr yaranmışdı al yanaqlarında. Məni içəri dəvəd elədi və az öncə kobud hərəkətinə görə üzr istədi. Mən isə üzr istəyəcək bir şeyin olmadığını bildirdim, "qapı arxasında axşamın bu vaxtında yad bir adam görüncə hərəkətləriniz anlaşılandır"- dedim.
Həmin vaxt yağış hələ tam başlamamışdı, lakin çisələyirdi. Pilləkənlərlə artırmaya qalxan kimi, çantamı çiynimdən aşırmaq istədiyimdə qız imkan vermədi. Narın yağışın təsirindən nəm çəkə biləcəyini vurğulayaraq açıq havada qalmasın deyə çantanı bir hərəkətlə əlimdən aldı və artırmanın böyründəki zirzəmiyə enən kiçik tüneldə gözdən itdi. Mən bir müddət onun arxasıyca təəccüblə baxaraq qalmışdım. Çox güclü, cəld və zirəng bir qız olduğu göz qabağındaydı. Amma heç kənd qızına bənzəmirdi, həm xarici görünüşündən, həm də danışıq tərzindən şəhər sakininə bənzəyirdi. Görünür, uşaqlıqdan şəhərdə yaşayıb. Əynindəki paltarlardan tutmuş ayağındakı başmağa qədər parıldayırdı, sanki indicə şəhərdən gəlmişdi.

Sonsuzluğa Səyahət (povest)Where stories live. Discover now