22

16 4 0
                                    

Günün sonuna kimi Rauf adlı birisinin qeyd dəftərçəsini oxuyub
bitirdim. Gecə saat 23:00 idi və mən qara üzlüklü bloknotu qatlayıb dizlərimin üstünə qoymuşdum. Yırğalanan kürsüdə oturaraq beynimdə cərəyan edən fikirlərlə birlikdə özümü də yırğalayırdım. Normalda gecənin bu vədəsində yatmış olmalıydım, lakin fikir çoxluğundan əziyyət çəkən beynim buğda üyüdən dəyirman kimi gözlərimin üzərindəki yorğunluğu əridib puç eləmişdi.
Rauf mənim uşaqlıq dostum idi.
Bəzi suallar öz cavabını almışdı. Amma yalnız indiki zamana aid suallar idi cavablananlar: qəzetdə şəkilləri əks olunan cəsəd – uçurumun ətəyindəki skelet otuz beş il bundan öncə hər şeydən və hər kəsdən qaçmağa çalışan cavan bir oğlan və eyni zamanda mənim uşaqlıq dostum idi.
İşığı söndürüb çarpayımda uzandım. Çöldəki buludsuz səmada
bədirlənmiş ayın mavi işığı bütün otağımı aydınlatırdı. Lakin mənim
yatmağıma təkcə əngəl olan ayın işığı deyildi.
Mənim üçün cavabını tapmış bəzi suallar əslində çox şey ifadə etmirdi. Ölmüş insanın mənim uşaqlıq dostum olduğunu mərhumun yazdığı
qeydlərə və çantasından çıxmış rəsmlərə əsasən Elza zatən anlamışdı. Bəs Elzanın için-için ağlamasına səbəb olan məsələ nə idi? Axı niyə Elza otağımı tərk edərkən “kaş onu getməyə qoymazdın” demişdi mənə? Rauf ilə Elzanı bir-birinə nə bağlayırdı?
Raufla birgə çəkdirdiyimiz kiçik şəkli əlimdə tutmuşdum. Ayın mavi
işığı və gözümdəki eynək şəkildəki simaları diqqətlə baxmağıma yardımçı olurdu. Amma nə bu rəsm, nə də Raufun qeydləri keçmişi xatırlamağım üçün kömək olmadı.
Beynimi gəmirən ən əsas sual – artıq bir neçə gecə gördüyüm bənzər
yuxular idi: simasız bir nəfəri gah uçurumdan tullayırdım, gah da özüm də onunla uçurumdan düşürdüm. Şübhəsiz dəhşətli yuxularımdakı simasız qəhrəmanın Raufla əlaqəsi var idi. Buna əmin idim. Bəs niyə bəzi yuxularımda onu mən itələyirdim? Axı onu meşəyə mən göndərməmişdim, bu, onun şəxsi seçimi idi. Bəlkə də bu yuxular, onun getməsinə izin verdiyim üçün bir zamanlar duyduğum vicdan əzabından doğurdu. Amma o getdi deyə özümü qınaya bilməzdim, çünki özünü öldürəcəyindən və ümumiyyətlə bu kimi bir planı olduğundan xəbərim yox idi, son danışığımızda bu barədə mənə heç nə demədiyini özü də qeydlərində vurğulayıb.
Eynəyimi və əlimdəki şəkili komodun üzərinə qoydum. Yatmaq üçün
beynimdəki fikirləri susdurmaq məcburiyyətində idim. Sabah üzərində fikir mübadiləsi aparacağım daha yeni bir məsələ var idi; bu dəfə bəzi şeyləri xatırlamaq üçün özüm hərəkətə keçəcəkdim.

Səhər erkən oyandığımda Fərid otağımda idi, mənimçün çay dəmləyirdi.
Çöldə hava çox gözə və aydın olduğundan Fərid bütün pəncərələri
açmışdı. Çöldəki quşların nəğməsi və çiçəklərin ətri komamın içinə
dolmuşdu.
- Bu gün səhər yeməyini səninlə birgə yeyəcəm, - süfrəni hazırlayan
Fərid dedi. - Mənim istirahət günüm olduğundan anamın əvəzinə səhər özüm sənə qulluq eləməyi düşündüm.
Beynimdə uçuşan fikirlərin ağcaqanat kimi vızıldaması nəticəsində
gecəni narahat yatmışdım, amma nə yaxşı ki, eyni yuxuları görmədiyimə görə səhərə daha az neqativ açmışdım gözlərimi. Hələ oyandığımda
Fəridin otağımda olmasını görmək kefimə azacıq da olsa rəng qatmışdı desəm yalan olmaz.
- Davud baba, gecə nə yuxular görmüsən, mənimlə bölüşə bilərsən, -
soyuducunun ağzını açdı.
- Demək olar ki, heç nə.
- Demək olar ki?
- Bilmirəm, bəlkə də görmüşəm, unutmuş ola bilərəm.
Dikələrək yerimdə oturdum.
- Fərid, bu gün sənin istirahət günündü?
- Bəli.
- Futbola da getməyəcəksən?
- Xeyr, getməyəcəyəm.
- Fərid, yaddaşımın pozulmadığı dönəmlərdə sənə Rauf adlı birisindən bəhs eləmişəm?
Fərid əlindəkiləri süfrəyə qoyaraq mənə baxdı. Düşünürmüşcəsinə
qaşlarını düyünlədi və çiyinlərini çəkdi.
- Yox, belə birisi haqqında heç vaxt danışmamısan.
- Bəs qoşa palıd ağacları?
- Hə, o ağacları bilirəm. Tez-tez məni oraya aparmısan, - heyrət ifadə edən baxışlarla mənə baxaraq stulun üzərinə çökdü. - Necə oldu ki, o
ağacları xatırladın? Axı lap əvvəllər məni oraya aparardın, yaddaşında problemlər yaşadığından bəri isə cəmi bircə dəfə mən səni o ağacların yanına aparmışdım ki, bəlkə keçmişi xatırlaya biləsən. Sən həmişə o
ağacların səninçün dəyərli olmasından danışardın, o ağacların sənin
uşaqlığına bələd olduğunu deyərdin. Amma keçmişin haqqında heç vaxt ağız dolusu danışmazdın, ağacların ətəyində daha çox səssiz qalıb xəyallara dalardın. İndi necə oldu ki, birdən birə o ağacları xatırladın? Bəlkə yuxuda görmüsən? Əgər belədirsə, deməli yaddaşın geri qayıtmaq istəyir.
- Deməzdim yaddaşım açılıb, lakin böyük məmnuniyyətlə hər şeyi
xatırlamaq istərdim. Özümü yenidən kəşf eləmək istəyirəm, bitki kimi yaşamaq istəmirəm.
- Elə demə baba, sən əvvəlki kimi bizim üçün dəyərli bir insansan,
həmişə də belə olacaqsan.
- Səndən bir şey xahiş etmək istəyirəm. Bu gün məni o ağacların yanına apara bilərsən?
Fərid çayları süzdükcə mən də yerimdən qalxıb əl-üzümü yudum. Birgə stol arxasında əyləşdik.
- Bilmirəm o ağaclar səninçün hələ də keçmişdəki kimi bir anlam daşıyır ya yox, amma deməliyəm ki, artıq uzun müddətdir ağaclardan biri yoxdur, quruduğuna görə bir dəfə qopan güclü külək onu kökündən çıxararaq təpədən aşağı yuvarlamışdı. Bu səbəbdən tək ağac sənə heç bir şeyi xatırlatmayacağı üçün səni oraya bir daha aparmadım.
Səhər yeməyimizi yeyib bitirənə qədər aramızdan kəlmə belə keçmədi. Əlbətdə əgər yeməyin boğazımdan rahat keçdiyini demək olarsa.

Sonsuzluğa Səyahət (povest)Where stories live. Discover now