3

20 5 0
                                    


- Baba, əvvəllər hər gün səhər təbiəti gəzmək adıyla meşəyə odun yığmağa gedərdin. Dörd il bundan öncə, yenə də bir səhər meşəyə odun yığmağa getdin, amma atamgili sənin qayıtmadığının fərqinə varıb arxanca meşəyə getdilər. Təxmini hansı ərazilərdə gəzintiyə çıxdığını, odun topladığını bilirdilər, amma heç gözləmədikləri bir yerdə qarşılarına çıxdın. - Bir qədər susdu və sadəcə mənə baxdı. Sanki mənim reaksiyamı gözləyirdi. Amma hələ ki, heç bir reaksiya vermirdim. Həm içimdəki hisslər, həm də xatirələrim susmağı üstün tutmuşdular. O danışdıqca gözümün önündə məndən uzaqlarda tamam yad bir adam canlanırdı.
- Qəza baş vermişdi: sən çox da hündür olmayan bir uçurumdan yıxılmışdın. Səni Bakıya apardıq və bir həftədən artıq xəstəxanada koma vəziyyətində qaldın, - danışdıqca kiçik bloknot vərəqləməyə başladı. - Sağolsun Elza, sənin sağalacağına bütün qəlbi ilə inananlardan biri də o idi və sən şəhərdə olduğun müddətdə bir an belə olsun yanından ayrılmadı.
Elza... bu ad mənə çox tanış gəlirdi. Böyük ehtimalla mənə doğma olan insanlardan biridir. Mənə əziz, yaxın olan birisini xatırlaya bilməmək hissi içimi sızladırdı.
- Sən komada olanda həkim demişdi ki, baş nahiyyəndən şiddətli zədə aldığına görə travmatik amneziya ehtimalı daha yüksəkdir, - dedi Fərid.
- Amneziya nədir? - bu yaşıma qədər bəlkə də dəfələrlə bu sözü
eşidmişəm, amma nədənsə ilk dəfə eşitmiş kimi hiss elədim özümü. Kim bilir, bəlkə də yeni kəşf olunmuş termindir.
- Yaddaş pozuntusudur, - diqqətini əlindəki bloknotun vərəqlərinə
cəmləmişdi. - Daha çox fiziki travma nəticəsində yaddaşın tam və ya
qismən itməsidir. Sən komadan ayılandan sonra hər şey həkimin dediyi kimi oldu: qəzadan öncəki yaşantılarından heç nəyi xatırlamırdın və uçurumdan yıxılmağını sən daxil heç kim təfərrüatı ilə bilə bilmədi.
- İnanmıram ki, narahat edici bir hadisə kiməsə maraqlı olsun, - dedim, - məncə belə bir hadisə olmamış kimi davranmaq elə mən daxil, hər kəsin ürəyicədir.
- Bəlkə də elədir, baba, - dedi Fərid, - amma nəticə etibari ilə sənin
yaddaşını itirməyin və bununla sevdiyin insanları, səni sevənləri
unutmağın məncə heç də hər kəsin ürəyicə olmadı.
Bloknotu bağlayan Fərid əlimi bərk-bərk tutdu və başını aşağı saldı.
Üzümə baxmasa belə onun simasındakı kədəri, səsindəki incikliyi hiss edə bilirdim. Bir qədər susandan sonra başını qaldırıb mənə baxdı:
- Komadan ayıldıqdan bir neçə il sonrakı müddətdə sən sadəcə
komaöncəki yaşanmışlarını unutmuş olsan da son bir ildə vəziyyət daha da kritikləşdi və sənin amneziyan - hansı ki, həkimin dediyi kimi əlacına ümüd vardır - daimi yaddaş pozuntusu ilə əvəz olundu. Sən artıq nəyinki travmadan öncəki hadisələri xatırlamırdın, hətda son bir neçə ayda baş vermiş hadisələri belə unutmağa başladın. Atamgili Elzanın təklifi ilə yenidən səni xəxtəxanaya aparmalı oldular. Müayinədən keçdin və həkim çox da əziyyət çəkmədən, asanlıqla sənə altsheymer diaqnozu qoydu. Niyə asanlıqla, çünki səndə yaranmış altsheymer simptomunun baris göstəriciləri göz önündə idi. Sən artıq sadəcə amnezik deyilsən, həm də bir altsheymersən. Beynindən aldığın travma səni altsheymer eləmişdi.
- Bəs altsheymer nədir?
- Altsheymer də eynən amneziya kimi yaddaş pozuntusudur. Amneziya travmadan öncə heç bir şeyin xatırlanmamasıdır, lakin altsheymer indiki zaman daxil hər anını unutmağa meyilli xəstəlikdir.
- İndi anlayıram, nəyə görə hər kəs məndən uzaq qaçır. Doğmalarımda azacıq ümüd yeri qalmışdısa da artıq bütün ümüdləri puç olubdur, hər kəs mənim sadəcə bitki olduğumu düşünür, onların nəzərincə... mən... ölüyəm. Amma... sən xaric... bir tək sən elə düşünmürsən.
Özümü saxlaya bilmirəm və gözlərim bağlanır. Yuxu məni ağuşuna alıb, laylay oxuyur.
- Xeyir, baba... - onun səsini eşidirəm, həm də qapanmaqda olan göz
qapaqlarımın arasından onu dumanlı görürəm, - Elza da elə düşünənlərdən deyil. Mən əminəm ki, o da səni çox sevir...

Sonsuzluğa Səyahət (povest)Where stories live. Discover now