Sən.

47 5 1
                                    

Həm mənim ömrümün baharısan sən,
Həm mənim ömrümün payızı, qışı.
Həm mənim ömrümün sevgi mehisən,
Həm də ki ömrümün həsrət yağışı.

Bəzən ölməyimin günahkarısan,
Bəzən də yaşamaq səbəbisən sən.
Bəzən yay mehitək qısa zamanlıq,
Bəzən ölümsüzsən, əbədisən sən.

Hərdən gülüşümün tək səbəbkarı,
Hərdən də gözümün dolmasısan sən.
Hərdən qış qarı tək hər şeydən soyuq,
Hərdən ürəyimin yanmasısan sən.

Bəzən vəfasızsan, bəzən inadkar,
Gözümün yollarda qalmasısan sən.
Bəzən günahsızsan, bəzən günahkar,
Bəzən qürurumun sınmasısan sən.

Bəlkə səhv edirəm mənim deyilsən,
Bəlkə də qonaqsan, ötərisən sən.
Bəlkə də qəlbimə əzabsan mənim,
Bəlkə də şeytanın nökərisən sən.

© Bəhmən Həsənov / 2017.

Ruhların söhbəti.Where stories live. Discover now