Get bu şəhərdən.

27 3 0
                                    

  Son dəfə səmaya bax və unut bu şəhəri.
Qoşul küləklərə və get bu şəhərdən.
Unut xatirələrini,
Unut sevdiklərini və sevmədiklərini.
Hündür binalarına, alçaq insanlarına arxanı çevir və get bu şəhərdən.
Pis nə varsa bu şəhərə miras qoy.
Küçələrdə satılan əxlaqlardan,
Kürsülərdə satılan vicdanlardan,
İnsan cildində heyvanlardan,
Haqsızlığın üstün örtən " yorğanlardan",
Bir sözlə bakıdan bezib,
get bu şəhərdən.
Aldanma "oyunlarına",
Dodaqlarında cənnət ürəklərində cəhənnəm olan insanlardan qorx,
Tut küçədə dilənən o qoca qadının əlindən
Və get bu şəhərdən.
Neftlə yoğrulan torpaqda gül bitməz,
Qaç neftli torpağa gül əkənlərdən.
Bu məmləkət səninlə, mənimlə düzəlməz,
Əl çək ümidlərdən,
get bu şəhərdən.
Xoş vədlərə, yalan sözlərə uyma,
Nə də ki kömək gözləmə heç kimdən,
Gecəyə qalma
Hər şeyini yığ gündüzdən və
get bu şəhərdən.
Sevmək ayıb sayılır bu şəhərdə,
Sevgi qadağandı burda.
Heç kimə bir söz demə,
Və heç kimi gözləmə yolda
get bu şəhərdən.
"Kirli" insanlardan uzaqlara qaç,
Bu dəfə insanlara deyil
Tanrıya qucağını aç,
Və get bu şəhərdən.
Xəzəri də yaddan çıxart,
Unut dalğalarını.
Unut bakının küçələrində pul dilənən uşaqları,
Unut süni gülüşələr, yalançı alqışları,
Unut vicdanını satan insanları,
Unut ölümə aparan bakının bu çirkli yollarını,
Götür ümidlərini, arzularını və
get bu şəhərdən.
Tüpür satılmış əqidələrə və şərəflərə,
Üz çevir vicdanı kiçik vəzifəsi böyüklərə,
Heç su da səpmə bu tozlu küçələrə,
Qoşul uzaqlara gedən ünvansız küləklərə və
Get bu şəhərdən.

© Bəhmən Həsənov.

Ruhların söhbəti.Donde viven las historias. Descúbrelo ahora