Bölüm 8-Kədər

295 39 8
                                    

"Ola bilməz,ola bilməz. Yasəmən bunu mənə eləyə bilməz"

Ömər sakit ola bilmirdi.

"Niyə? Niyə axı niyə? Allahım bu nədir? Niyə sən mənim başıma belə bir oyun açdın?"

Asan deyildi. 6 il sevdiyin qızı itirmək. Heç asan deyildi. Ömər buna dözə bilərdimi? Onu görməməyə və onsuz yaşamağa dözə bilərdimi? Yox. Heç cür. O Tanrıya yalvarırdı ki bir yol olsun.Yasəməni geri qaytarmağın bir yolu olsun.Hərdən beynindən Yasəmənin nişanlısını öldürmək fikri keçirdi.Amma o bu yolla Yasəməni qazana bilərdimi?Təbii ki yox. Amma onların hekayəsi də burda bitə bilməzdi. Ömər saatlarla otağına qapılıb otururdu. Niyə belə oldu? 6 il ərzində gülümsəyərək baxdığı ulduzlara indi göz yaşının dumanlı pərdəsindən baxırdı. Özünə yer tapa bilmirdi. Yasəmənlə o nə xəyallar qurmuşdu, nə şirin arzulara səyahət etmişdi o. İndi isə ona ən çox əzab verən o xəyalların heç vaxt reallaşmayacağını o xoş günlərin bir də heç vaxt geriyə dönməyəcəyi həqiqətini dərk etməyi idi.

Güzgünün qarşısına keçdi. Əks tərəfdən ona elə bir oğlan baxırdı ki, ağlı başında olan heç bir qız onu sevməz. Ömər nifrət və üsyan dolu gözlərlə güzgüyə zillənmişdi. Birdən bu iki gündə içində qalan nifrəti və kini boşaltmaq qərarına gəldi. Bütün var-gücünü toplayıb yumruğunu güzgüyə çırpdı. Əlindən qan axmağa başlamışdı. O isteriya qarışıq aqressiya ilə qışqırmağa başladı. Valideynlərinin hər ikisi otağa doluşdu. Anası Ömərin əlini və yerə düşən şüşə qırıqlarını görən kimi panikə qapıldı.

-Ömər neylədin sən? Niyə?

-Ömər sakitləş-atası sərt əlləri ilə Öməri tutdu.

-Ata niyə belə oldu? Niyə? Niyə? Niyə? Niyə? Niyə? Niyə?-Ömər ağlaya-ağlaya qışqırdı.

-Sakitləş Ömər hər şey yaxşı olacaq.

-Mən....mən çox eybəcərəm hə? Niyə axı niyə?

1 saat sonra Ömər çarpayısının dibində başını aşağı salıb oturmuşdu.Və az əvvəl elədiklərinə görə azca utanırdı. Amma Yasəmənin xəyalı və onu həmişəlik itirdiyi fikri də beynindən çıxmırdı. Və bunları düşündükcə dəli olmaq həddinə çatır, yenə qalxıb qışqırmaq taleyinə üsyan eləmək istəyirdi. Anası Ömərin əlini sarıdıqdan sonra ərinin işarəti ilə otaqdan çıxdı. Oğlunun hansı hislər keçirdiyini lap yaxşı başa düşən ata Ömərin yanında oturdu. Bir müddət hər ikisi susdu. Atanın gözlərindən 2 gün əvvəlki mənzərə getmirdi. Oğlu evə gələndə üzü meyit rəngi kimi ağarmışdı. Gözlərinin altındakı qırmızımtıl ləkədən aydın olurdu ki, bir xeyli ağlayıb.

-Yasəmən nə dedi?-deyə artıq cavabını bildiyi sualı soruşdu.

Ömər də ona Yasəmənlə olan qəlb parçalayan söhbətinin hamısını danışdı. Sonra otağına qapandı. Atası çox yaxşı başa düşürdü ki, oğlu son iki ildə necə böyük müsibətlərin öhdəsindən gəlib. Onu da başa düşürdü ki, bu son hadisə artıq Ömərin səbr kasasını doldurmuş və onun sinirlərinə hakim kəsilmişdi. Ona görə də indi oğlunun yanında oturub sadəcə susurdu. Amma nəsə demək lazım idi. Öməri təsəlli edəcək nəsə demək lazım idi. O başlamaq üçün doğru sözü axtarırdı. Nəhayət dedi:

-Ömər, oğlum inan ki bunların hamısı bitəcək. Hər şeyi unudacaqsan. Deməli o qız heç sənə layiq də deyilmiş. Yəqin ki xeyirlisi belə idi.

-Yox ata yox. Xeyirlisi mənim Yasəmənlə evlənməyim olardı. O olsa idi mən hər şeyə dözərdim. Amma indi....İndi mənə hər şey o qədər eybəcər və çirkin görünür ki.....

Sən və QəmWhere stories live. Discover now