Bölüm 14-Bu mənim məsələmdir

232 39 2
                                    

    Güllə Ömərin qulağının dibində vıyıldadı. Sanki bir anlıq zaman dondu və arxada çiliklənən şüşənin səsi gəldi. Güllə bir santimetr xəta ilə Ömərin arxasındakı pəncərəni parçaladı. Kafedəki hər kəs dəhşətə düşmüşdü. Ömərlə Hikmət üz-üzə dayanıb baxışları ilə bir-birini didirdilər. Hikmət əlindəki tapancanı Ömərin alnına dayayaraq tətiyi bir daha basmağa hazırlaşırdı. Ətrafda dayanıb baxan amma qarışmağa cəsarət etməyən bir kişi yanındakı gəncə pıçıldadı:

-Həsən kişini tap. Ona de ki, Volfa kömək lazımdır.

Həsən kişiyə heç nə demək lazım gəlmədi. Güllə səsini eşidib tələsik həyətdən kafeyə qaçmışdı. Həsən kişi bu kafedə Ömərin müdiri yox ilk gündən atası olmuşdu. Məhz Həsən kişinin Nuh peyğəmbər barədə dediklərindən sonra Ömər yenidən həyata qayıtmışdı. Həsən kişi bir saniyə sonra Ömərlə Hikmətin arasında dayanmışdı. Ömərin üzünə baxıb soruşdu:

-Bu kimdir Volf?-başı ilə əlində tapanca ilə dayanmış Hikməti işarə etdi.

-Ə qurumsaq çəkil qabaqdan-Hikmət qışqırdı.

Həsən kişinin üzündə heyrət ifadəsi yarandı.

-Volfu vurmaq üçün gərək əvvəlcə məni vurasan.-O qətiyyətlə dedi.

-Elə isə səni vuraram.-Hikmətin blöf atmadığı aydın idi.- Buna görə mənə heç....

-Əmi çəkil-deyən Ömər Həsən kişini kənara çəkmək üçün əlini onun çiyninə qoydu. Əvəzində Həsən kişi incə bir hərəkətlə Ömərin əlindən bıçağı alıb çevik hərəkətlə onu Hikmətə sarı fırlatdı. Hikmətin sinəsindən bir fəryad qopdu. Yerə düşən tapancanın tappıltısı qulaqlarda cingildədi. Bıçaq Hikmətin biləyindən saplanmışdı. Sonuncu isə diz üstə çöküb qışqırırdı. Həsən kişi qabağa gedib Hikmətin saçından tutub başını qaldırdı.

-Bir də Volfu-mənim oğlumu narahat etdiyini görsəm bu bıçaq ürəyinə sancılacaq. İndi isə rədd ol burdan.

Hikmət nəsə demək istədi amma sadəcə ayağa qalxıb kafedən qaçdı. Ömərin gözləri bərəlmişdi. Həsən kişiyə indi başqa baxışlarla baxırdı. Həsən kişi isə üzünü ətrafda toplaşan camaata tutdu.

-Burda olanları heç kim bilməməlidir.-O bunu deməsəydi də Həsən kişini satan olmazdı. Çünki bu qoca adamın xətrini kənddə hamı çox istəyirdi.

Az öncə Ömərin həyatını qurtaran bu yaşlı adam ağır-ağır stula çökdü. Yerə düşmüş qan damcılarına baxıb dedi:

-Buranı təmizləyin.

Yasəmən qəbirstanlığa girəndə bura gəlməyə cəsarət etdiyi üçün təəccübləndi.Nə baş verirdi onun beynində və ürəyində? O heç özüdə bilmirdi. İtmiş ərini axtarmaq əvəzinə bura-keçmiş sevgilisinin yanına gəlmişdi. Baş daşının üstündəki şəkildə Ömər gülümsəyirdi. Yasəmən şəkilə baxıb fikrə getdi. İllər əvvəl onlar kinoteatra getmişdilər.

Bu bir sevgi filmi idi. Oğlan ölür və qız hər gün onun məzarının başına gəlib ona gündəlik başına gələnləri danışırdı. Film bitdikdə Ömər Yasəmənin ağladığına fikir verib soruşmuşdu.

-Niyə ağlayırsan? Bu sadəcə bir filmdir.

-Ağlıma sən gəldin Ömər-demişdi Yasəmən-sən ölsən mən yaşaya bilmərəm.

-Əgər mən ölsəm və o biri dünyadan görsəm ki sən ağlayırsan onda səni əbədiyyən lənətləyərəm.-Ömər zarafat eləmişdi.

-Ciddi ol. Elə ölməyi-zadı heç ağlına da gətirmə.

Sən və QəmWhere stories live. Discover now