İNTİQAM
Çox istərdim həyat belə olmasın
Çox istərdim məni məndən almasın
İstərdim insan heç intiqam almasın
Təəssüf ki, istəmədiyim kimiyəm.
Uşaqlıqda qorxardım mən o kəsdən
Hər kəsdən ayrı gəzər bezər o səsdən
Kimisə incidər həm də ki qəsdən
Uşaqlıqda sevmədiyim kimiyəm
İdealım idi daha yaxşı insan
Sevməzdim insanı tökərdisə qan
İndiysə sən bir bax gəlibdir o an
Sevgilimin öldürdüyü biriyəm.
VOLF
Qələmi kənara qoydu. İndicə yazdığı şeiri iki dəfə oxudu. Kamil yanında olsa idi ona da oxutdurub fikrini öyrənərdi. Amma dağ ətəyində yerləşən bu daxmada cəmi bir nəfər var idi. Həm fiziki həm də mənəvi şikəst olan oğlan.
O divara asdıqları çatlaq güzgüdə özünə baxdı. Əslində o qədər də eybəcər olmadığını düşündü. Düzdür, burnu bir az əyridi. Dodaqlarında da assimmetriya gözə dəyirdi. Alnında kiçik çapıq var idi və bir az da axsayırdı. Amma yenə də üzünə baxan adamın iyrənəcəyi səviyyədə eybəcər deyildi. Ömər dövründən qalan ciddi gözlər və yaraşıq verən qaşlar hələ də var idi. Ömərdən Volfa qalan təkcə bu gözlər və ona əzab verən xatirələr idi.
Amma yox. Bir şey də vardı. İNTİQAM.
İntiqam insanı hər şeyə rəğmən yaşamağa sövq edən bir duyğudur. Öməri əzdilər, sevgilisini, ailəsini və həyatını əlindən aldılar. O əzabların zirvəsində üzdü. Və əzabların ağırlıq gücünə tab gətirməyib yıxıldı. Amma indi yenidən qalxdığını hiss edirdi. Çünki intiqam hər cür əzabdan daha güclüdür.
VOLF ÖMƏRİN İNTİQAMINI ALMAĞA AND İÇMİŞDİ.
Həsən kişi onu fikrindən daşındırmaq üçün çox çalışdı.
Nəhayət Ömərə dedi:
-Görürəm ki qətiyyətlisən Volf. İntiqam almaq istıyirsən. Mən sənə kömək edəcəm-sonra üzünü məlumat gətirən oğlana tutdu. –Fazil, oğlum, səndən bir şey xahiş edəcəm. Xəcalətindən çıxaram.
-Əstafurullah əmi. Nə xəcalət?! Buyur de.
-Sən də bilirsən ki, kənddən şəhərə iki yol gedir. Bir var dağ yolu bir də var adi yol. Hikmətin Bakıya hansı yolla qayıdacağını öyrən.
-Yaxşı-deyib Fazil kafedən çıxdı.
Həsən kişi üzünü Ömərə tutdu.
-Volf get dincəl.Mən sənə məlumat verərəm.
Ömər indi çatlaq güzgüdən baxaraq səbrsizliklə Həsən kişinin məlumatını gözləyirdi. Gözlərini yumub arxaya söykəndi. Nə vaxt yuxuladığını anlamadı.
Yuxuda Yasəmənlə ilk görüşlərini, öpüşlərini gördü. Bir saniyə sonra yasəmən dəftərə yazırdı.
"Ömərlə Yasəmənə sevgilərini əbədiləşdirmək üçün"
Elə o vaxt nəsə oldu. Yasəmən Öməri maşın yoluna itələdi. Maşın Öməri iki metr uzağa atdı. İçindən Əli düşdü. O Yasəmənə yaxınlaşıb barmağına üzük taxdı. Ömər ayağa qalxıb axsayaraq irəli getdi. Və atasını gördü. Atası ona şillə vuraraq onu yerə yıxdı. Sonra o Hikmətin dəhşətli üzünü gördü. O tapancanı Ömərin alnına dayayıb atəş açdı. Ömər ölmədən öncə Yasəmənin gülüşünü eşitdi.