Bir neçə saat ərzində Volf polis məntəqəsində hər şeyi yoluna qoyub çölə çıxdı. Heç kim əsaslı sübut olmadan xalqın sevimli şairini həbs edə bilməzdi. Həm də Volfun Arifin qətli ilə bağlı çox güclü alibisi var idi. Demək olar ki, Arifin öldürüldüyü saatlarda Volfun xəstəxanada olduğunu görmüşdü.
Volf gecənin qaranlığına atıldı.
-Maşınınız bu tərəfdədir-deyən polis zabitinə məhəl qoymadan başqa bir istiqamətdə addımlamağa başladı.
Ona bu gecə maşın lazım deyildi. O bu gecə piyada gedəcəkdi. Gecənin qaranlığı pozulmuş əsəblərinə həzin musiqi tək kömək edirdi. Bakı küləyi fəryad qoparır və Volfun saçlarını dağıdırdı. Volf hardan-hara gəldiyini düşünürdü. Hər şey Yasəməni sevməsi ilə başlamışdı. Burdakı heç bir qeyri adi hadisə yoxdu. Hamı sevir. Hamı biriləri ilə sevgili olur. Amma heç kimi planlaşdırılmış şəkildə şikəst eləmirlər. Heç kim evdən qaçıb təsadüfən onu axtaran bir qanuni oğrunun yanına sığınmır. Heç kim illər sonra gəlib illər əvvəl sevdiyi bir qızla yenidən eyni müstəviyə düşmür. Heç kimin ətrafındakıları sadəcə bir qızı sevdiyinə görə öldürmürlər. Heç kim belə bir tale yaşamır. Heç kim. Volfdan başqa.
Volf paltosunun yaxalığını qaldırıb zülmətə doğru növbəti addımlarını atırdı.
"Ata" nə qədər ziyalı təbəqəyə mənsub olsa da hələ də illər əvvəl olduğu kimi küçələrin sahibi idi. Volfun qaranlıqda addımladığı dəqiqələrdə "Ata" da ən yaxın adamı olan Sabirə bunları deyırdi:
-Qulaq as Sabir. Volfun sürücüsünü öldürməyin heç yaxşı olmayıb.
-Başqa bir çarəm yox idi. İçəri girdi və bizi gördü.
-Eybi yox. Eybi yox. Bu işi ört-basdır edəcəyik.
-Necə?
-Otel sahibi ilə və polislərlə danışacam. Ümumiyyətlə belə bir qətl olmayıb. Otel sahibi kameraları dəyişər, polislərdə birtəhər bağlayarlar bu işi.
-Sizcə alınacaq?
-Sabir Allah eşqinə söylə. Kim bu ölkədə mənim qarşıma çıxacaq qədər ağılsızdır.
-Haqlısınız.
-Təbii ki, haqlıyam. Amma bir məsələ var.
-Nə?
-Volf. Çox şey bilir.
-Çarəsinə baxarıq.
-Dayan Sabir. Niyə nahaq yerə birini öldürək ki? Bütün küçələrə tapşır Volfun gözünü qorxutsunlar. Evdən çölə çıxmağına peşman olsun. Taa ki, o vaxta kimi ki, həqiqətən qorxduğunu isbatlasın.
Volfun qara tufliləri sükutu öz taqqıltıları ilə pozur və bu yeni aləmə yeni bir səs bəxş edirdilər.
"Əmini qaçırıblar. Arifi öldürüblər. Atamı az qala öldürəcəkdilər. Kamil xəstəxanadadır. Elvin yoxa çıxıb və yerini bilən iki nəfər də öldürülüb. Və....və.....Yasəmən. Bıçaqlanıb"
Volf hələ polis məntəqəsində olarkən zabitin rəisinə olan məruzəsini eşitmişdi. Yasəmən bıçaqlanıb. Onu əri bıçaqlayıb. Ömərin Yasəməni. Ömərin yadigarı Yasəmən. Əri onu bıçaqlayıb. Ömərə görə. Yox Volfa görə. Əri həbs edilib.
Bir neçə saat əvvəl
Rəşad Yasəmənə iki bıçaq zərbəsi endirdi. Onun bıçaq tutan əli növbəti dəfə havaya qalxdı. Bıçaq neon lampaların işığında parıldadı. Və yenidən Yasəmənin bədəninə enəcəkdi ki, arxadan qızlarının qara çıxırtısı eşidildi. Rəşad geri çevrildi. İlahi qızcığaz hər şeyi görüb. Atasının anasını necə bıçaqladığını görüb. Rəşad cəld atılıb qızı qucağına aldı. Qızın qışqırıqlarına məhəl qoymadan onu başqa otağa keçirdi.