Villanın yemək salonuna səhərin sakitliyi hakim idi. Böyük, uzun masa, bahalı çini qap-qacaq və büllur su qədəhləri ilə bəzədilmişdi. Bu zərif mühit, Süphan Əmirzadənin nüfuzunu və zənginliyini əks etdirirdi, lakin Ceyran üçün bütün bunlar boğucu bir qəfəsdən başqa bir şey deyildi.
Masada yalnız iki nəfər oturmuşdu; Ceyran və İsa.
Ceyran masanın bir tərəfində əyləşmişdi, önündəki boşqabda bir az toxunulmuş yemək var idi. Onun geyimi, həmişə olduğu kimi, yenə də qara idi. Yüngül, lakin ciddi bir kəsimdə olan uzun don bədəninə incə oturmuşdu. Uzun tünd qəhvəyi saçları çiyinlərinə tökülmüş, qollarını isə bir-birinə sıx bağlamışdı. Üzündə isə makyajdan əsər yox idi.. Onun hər halı bir hüzn, bir ağırlıq ifadə edirdi.
İsa masanın digər tərəfində oturmuş, yeməyini yavaş-yavaş yeyirdi. Onun baxışları arada bir Ceyrana yönəlirdi. Bu evdə baş verən hər şey İsanın gözündən qaçmırdı və Ceyranın qara geyimi də artıq diqqətini çəkmişdi. Çəngəlini kənara qoydu və sakit, amma diqqətli bir səslə sözə başladı. "Ceyran, bir sualım var"
Ceyran başını azca qaldırdı, baxışları dolu, amma soyuq idi. "Eşidirəm"
İsa stulunda arxaya əyildi, onu daha yaxşı görə bilmək üçün başını bir az yana əydi. "Niyə hər gün qara geyinirsən?"
Bu sözlər otaqda bir ağırlıq yaratdı. Ceyranın baxışları sərtləşdi, lakin bir neçə saniyə susdu. Sonra başını əyib boşqabında duran yeməyə baxdı, səsi titrədi lakin qətiyyətli idi. "Çünki yasdayam"
İsa bir anlıq çaşdı, amma özünü tez topladı. Onun baxışlarında bir anlayış işığı var idi, lakin o, hələ də cavabdan tam razı qalmamışdı. "Süphan əmi hər şeyini sənə verməsinə rəğmən bu evdə özüvü əsir kimi hiss edirsən, elə?"
Ceyran bu dəfə düz gözlərinin içinə baxdı. Onun gözləri dolmuşdu, amma ağlamırdı. "Hiss etmirəm, İsa. Mən burda əsirəm."
Otaqda bir müddət səssizlik oldu. İsa başını aşağı saldı, sanki onun dediklərini başa düşürdü, amma bu vəziyyəti dəyişdirmək gücündə olmadığını da bilirdi.
"Hər gün səni, bu lənət rəngdə görəcəm?"
Ceyran gülümsəməyə çalışdı, amma alınmadı.
"Başqa rənglər sadəcə bu yasın üstünü örtər. Mən isə üstünü örtmək istəmirəm"
İsa susdu. O, daha çox şey demək istəyirdi, amma Ceyranın acısının dərinliyini görəndə bu söhbəti burada bitirmək qərarına gəldi.
**********************************
TufanNə qədər vaxt keçdiyini dərk edə bilmirdim. Bəlkə də dəqiqələr, bəlkə də saatlar idi... Bir insan bir anda necə yoxa çıxa bilərdi axı? Hər yeri axtarmışdım, hər kəsi sorğulamışdım. Qürurumu kənara qoyub onun harda olduğunu öyrənmək üçün əlimdən gələni etmişdim, amma heç bir məlumat əldə edə bilməmişdim. İtaliyaya getdiyi barədə yayılan söz-söhbət də təsdiqlənməmişdi. Bu vəziyyət məni dəli edirdi.
Nömrəsini də dəyişdirmişdi. Niyə? Bu, mənim üçün çox məntiqsiz gəlirdi. Ola bilsin, mən hisslərimin əsiri olmuşdum, amma məntiqlə düşündükdə də bu hərəkətlər mənasız görünürdü. Onun yoxa çıxmasından təxminən bir ay keçmişdi və hələ də ondan heç bir xəbər almamışdım.
Əlimdəki qədəhi masanın üstünə qoyub ayağa qalxdım. İçdiyim şərabların, viskilərin sayını belə itirmişdim. Heç nə, amma heç nə, onu unutmağıma kömək etmirdi. Səndələyərək mətbəxə tərəf addımladım. Bəzən öz-özümə düşünürdüm: "Mən bu gündəykən görəsən, o nə haldadır?" Bəlkə də mənimlə bağlı heç bir şey vecinə deyildi. Bəlkə də artıq məni belə xatırlamırdı.
Soyuducunun qapısını açdım və streçlə bükülmüş sandviçi əlimə aldım. Aclıq başıma vururdu. Güclə mətbəx masasının stuluna oturdum. Yavaş-yavaş sandviçi yeməyə başladım, amma hər tikə boğazımdan keçdikcə içimdəki boşluq daha da dərinləşirdi. Onun yoxluğu, onunla bağlı suallar və cavabsız qalan düşüncələr, həyatımın hər bir anını zəhərə çevirmişdi.

ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
General Fiction-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...