"Əlbəttə sevirsiniz siz yağışı, qarı"

26 5 3
                                    

Əlbəttə sevirsiniz siz yağışı, qarı,
Çünki siz yatmamısız küçələrdə heç,
Ruhunuza qədər islanmamısınız.

Əlbəttə sevirsiniz siz yağışı, qarı,
Çünki siz qalmamısız gecələrdə heç,
Beton divarlara yaslanmamısınız.

Siz əlbəttə sevirsiniz yağışı qarı,
Bir arzu deyilkən görmək baharı,
Bir ümid deyilkən görmək sabahı,
Bir xəyal deyilkən axşam naharı.

Bir evsiz əlində ucuz arağı,
Cibində xatirə köhnə darağı,
Başında üç illik o tək papağı,
Küçədə çiskindən görmür qabağın.

İtirib bu gecə onsuz yolunu,
Paltonun cibləri sanki buz dolu.
Havaysa ayazdı, ulduz doludu,
Əlləri hiss edir sonsuz soyuğu.

Bir bulud gələndə siyah səmaya,
Evini belinə qoyub aparır.
İlk damla düşəndə siyah simaya,
Yağış onun kirini yuyub aparır.

Zibillik ətrafı bir divar yanı,
Belindəki karton onun yatağı.
Ürəyi bulanır, başı fırlanır,
Köhnə xatirələr olur qonağı.

Kimsəsiz olmayan o zamanlardan,
Gözündə canlanır tanış siluet.
Bezib yaratdığı bu yalanlardan.
Üç aydır yeməyib bircə tikə ət.

Tək dostu var onun, küçədəki itdi,
Bu gecə yanına qıvrılıb yatır.
Onun belə keçən gecələri bitmir,
Sabaha inanıb, özünü qandırıb yatır.

Siz əlbəttə sevirsiniz yağışı, qarı,
Kofeyə, kitaba yaraşır axı.
Cismin quraq yerdə yaşayır axı.
Mənzərən qar ilə ağarır axı.

Və çöldə bir evsiz öz kartonunda,
İliyi bu qarı hiss edəcəkdir.
Soyuqdan damarda son qan donunca,
Əbədiyyən küncdə səssizləşəcəkdir.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin