Bağışlayın, gec gəldim...

45 6 1
                                    

Bağışlayın, gec gəldim,
Bir az işim varıydı.
Yığılıb qalmışdılar,
Hamısı yarı-yarıydı.

Gördüm ki, gec qalıram,
Həll etmədim heç birin,
Qalxaraq güc-bəlayla,
Atdım tez bir aspirin.

Yol boyu qaçdım deyə,
Qalmışam tənginəfəs.
Onçün cavab vermədim,
Hər dəfə zənginə də.

Keçəndə hər dəqiqə,
Necə həyəcanlanırdım.
Dönəndə hər döngəni,
Yenidən canlanırdım.

Əlimdəki çiçək də,
Bağışlayın, əzilib.
Bilirəm sizə layiq,
Deyil bu heç, əzizim.

Ləçəkləri yayılıb,
Qaçdığım hər asfalta.
Daha gözəl qalardı,
Əgər gəlsəm astaca.

Amma neynim, adətən,
Hər yerə gec qalıram.
Sevmirəm bu adəti,
Əsəbdən gic oluram.

Yaxşı ki, mən bu səfər,
Qaçmışam var gücümlə.
Üstüm başım toz olub,
Baxanlar da gülürdü.

Gəlib görsəm nə yaxşı?
Görüş yeri bom-boşdu.
Küçənin ortasında,
Tək qalmışam bu axşam.

Siz də gec qalmısınız?
Ya gəlib-getmisiniz?
Bəlkə evdən çıxmadan,
Məni tərk etmisiniz?

Mən həmişə beləcə
Hər şeyə gec qalmışam.
Aman Allah, gör necə,
Gör necə, heç olmuşam!

Çatmağa aca-aca,
Yazaraq heca-heca,
Durmadan qaça-qaça,
Yollarda puç olmuşam.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin