"22"

11 0 0
                                    

 Hələ onda 22 yaşım vardı.
Həyat yeni başlayırdı.
Həyat o qədər yeniydi ki,
Ovucumda parlayırdı.
Birdən qaçıb gedər deyə,
Tumarlayırdım...

Küçələrdən yığışmırdım,
Otaqlara sığışmırdım.
Hələ onda 22 yaşım vardı.
Qaç deyirdi var gücünlə,
Hədəfə doğru qaç deyirdi,
İçimdəki bu həyəcan,
Bir çoxu da mənim kimi,
Qaçsa belə var gücüylə,
Çata bilmir həyatacan.
Ata bilmir həyata can.

Hələ onda 22 yaşım vardı.
Səhv etsəm də başlayardım lap yenidən.
Sərxoş olsam "əyyaş" deməzdilər məsələn.
Aşiq olsam "evlən" deməzdilər.
Şeir yazsam "boş işlərlə məşğul olma" deməzdilər.
"Hələ gəncsən" deyərdilər birdən ölmək istəsəm.
Yəni indi vaxtıdır?

Hələ onda 22 yaşım vardı,
Həyat yeni başlayırdı.
Həyat o qədər yeniydi ki,
Körpə kimi bapbalaca əlləri vardı.
Bəzi günlərə dünyanı dəyişmək,
Bəzi günlərəsə dünyamı dəyişmək ümidiylə oyanırdım.
Həqiqətən sanmışdım ki, hər şey tamam mənasızdı,
Axmaqlıqlar eləyirdim, ağılsızdım.
Belə şeylər olan şeydi o yaşlarda,
Onsuz indi,
Etdiyim hər axmaqlıqçün minnətdaram.

Hələ onda 22 yaşım vardı,
Həyat yeni başlayırdı,
Həyat o qədər yeniydi ki,
Düz qəlbimdə cücərmişdi...

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin