Canını sevdiyimin Bakısı

94 13 0
                                    

Canını sevdiyimin Bakısı.

Saat biraz gec olan kimi necə də qısılırsan bir küncə. Yalnızlığı sevmədiyin necə də aşikar və acıdır.

Eh, səhərlər elə görünmürsən amma. Çoxluqlar içində itirsən, gülümsəyirsən vecinə olmur daşıdığın yalnızlar və onların daşıdığı yalnızlıqlar.

"Nəyimə gərək?" demə.

Yalnızlar çiyinlərinə alıb səni gəzdirir dünya-aləmə. Əl-ələ tutub küçələrində gəzən sevgililərin də, bir tərəfində kiçik bir ev ilə həyatlarıkeçirən ailələrin də, küçə uşaqların da, şirkət müdürlərin də. Nə deyirsən, çoxluq içində tək qalmaq asandır? Halbuki insanlar ən çox da yalnızlıqdan qorxurlar.
Cəsur insanlarını tanı bir az da.

Vallah, Bakı, səndən yana yaman narahatam. Küçələrin qaranlıq olur gecələr. Heç düşünmürsən gecə növbəsinə qalan işçi vətəndaşlarını. Bir az da eqoistsən, görürəm.

Canını sevdiyimin Bakısı, sənə necə deyim, bir az yetkinləşməlisənmi, sanki? Bu dünya da bezdirib səni, görünür. Bəllidir. Fəqət bir az sən də cəhd elə. Dünyanın içlərində bir yerlərdə sənə yer tapılardı ki.

Bakı, sənə xitab eləmək bir qədər ürəyimdəki ciddiyəti yox edir. Səmimi olduğum dost kimisən. Amma sonradan səmimiyyət də itir e, bilirsənmi? Sən kimə güvənib söykənirsən? Yoxsa sən də hər adama səmimiyyət göstərib qırağa çəkilirsən?

Əziz diyar, doğulduğum gündən səni izləyirəm, gündən-günə cavanlaşırsan. İlk öncə qırışıqlıqları qaldırdın. İndi köhnə binalar çox azdır. Sonra əzizin Bulvarı daha müasir bir görkəmə saldın, geyim gardirobunu yenidən düzəltdin. Dahasında, yeni maskalardan, dəri kremlərindən istifadə elədin, artıq şəhərin hər yerində yeni hamar yollar çəkilib.

Amma Bakı, dürüst olmalıyamsa, sənin cavanlaşmağınla doğmalığın yoxa çıxdı.

İncimə məndən. Əvvəlki Bulvara atamla getmək xoşuma gəlirdi. O, mənim şəkillərimi çəkərdi dənizə qarşı, ya da Qız Qalasının yanında. İndi sadəcə gəzə bilirik. Hərdən də söhbət.

Mən böyüdüm və sən cavanlaşdın.

2006'daki kimi deyilsən, ey Bakı.

Tərslik var burada. Olmazmı ki dəyişdirək yerləri? Mən uşaqlaşım, sən yenidən köhnələş. Köhnə binalarınçün darıxır yalnızlar, canını sevdiyimin Bakısı.

Özünə də çalış ki, yaxşı baxasan. Digər şəhərlərə baxma, özünə bax. Yaxşı bax.

Müəllif: Pəri Abbaslı
Tarix: 15-08-2016

Qələmə qüvvətWhere stories live. Discover now