Nə edək

101 12 15
                                    

Ürəyimizəmi toxunmalı hər sim? Tavanlarımızdan yağışmı yağmalı üzərimizə?
Ya bəlkə biz çıxaq bu dörd divar arasından, qaçaq haralarasa, orada tavanımız olmasın göyüzü, orada quşlar uçmasın.
Ya da, nəbilim, fikriniz varmı başqa?
Ən yaxşısı, qaçmağı saxlayaq, gəzək eləcə. Taparıq əlbət bir yer. Bizə ev olacaq, yuva olacaq. Vacib deyil ki, elə quşanaq bahalı geyimlərə, vacib deyil ki, ciblərimizdə hiss edək paraları-pulları, qəpik-quruşları.
Yol bizi aparar istədiyimiz yerə. Bir az daşlı-kəsəkli yollar incidər ayağımızı, bir az da güclü küləklər qabırğalarımız altındakını. İnsanıq biz, bura qədər dözər bu bədən.
Fəqət bir söz vardır; "dənizə qarşı evimiz olmasa da, göyüzünə qarşı xəyallarımız var."
Bəs etməzmi?
Nə edərik evləri, divarları.
Ağaclar yorğan olar, örtülər üstümüzə, qoruyar.
Küləkdən, qasırğadan, tufandan qoruyar.
Qoruyarmı, həqiqətən?
Ağaclar etibarsız çıxarmı? Arada küləklərə izn verib üşüdər, görəsən?
Bəlkə, heç onlara güvənməyib göyüzünə qoşulub gedəsən?
Axşam ulduzlar çıxır bəzən. Sabahın istisindən xəbər verirlər kimin üçün, kimin üçünsə sabaha olan ümidlərini.
Axşam ulduzlar çıxar bəzən. Yavaş-yavaş səpələnərlər üstümüzə, yavaş-yavaş toxunarlar bizə. İncitmək istəməzlər.
Nəcibdirlər, alicənabdırlar. Gözəldirlər.
Nə edək indi deyirsən?
Qaçaqmı, gəzəkmi?
Göymü, yermi?
Gedərmi, gələrmi?

Müəllif: Pəri Abbaslı
Tarix: 07-08-2016

Qələmə qüvvətTempat cerita menjadi hidup. Temukan sekarang