Ciblərində bulud daşıyan uşaq

56 5 0
                                    

Sarı və yaşıl nə vaxt birləşib mavi olursa,
Yarpaqlar tökəndə bütün
güclü ağaclar,
Qış qayıdanda
yay üçün heç darıxmadığın qədər
darıxmaq var imiş işin sonunda.
Buludları özünə pilləkən etdiyin zamanlar,
bir də o hər dəfə yanından keçdiyin
rəngli velosipedlərə sahib olsan,
Hər evə qayıdanda səni boş sükut yox,
Yemək iyi qarşılasa.
Kaş yuxular bir az aydın olsa.
Göylərdə gəzsə maşınlar,
İnsanlar göylərə ensə,
Zavodların tüstüləri yaşatsa bizi
bəlkə heç ölmərik,
ya da ona oxşar nə isə.
Bir mahnı tapıb min dəfə dinləmək kimidir
buludları ovucunda daşımaq istəyi.
Sonra yığılıb qalırlar barmaqların arasında,
qızıl qəfəsi sevməyən bülbül qədər
buludlar sənə nifrət edər.
Gözlərinin sahillərində yaşlar görürəm,
çoxdan ordadılar, bilirəm.
Yox, gizlətmək istəsən,
heç fikir verməmiş kimi də görünə bilərəm.
Ciblərində  bir neçə bulud,
20 qəpik və açar daşıyan uşaq,
sən heç böyümə.
Qəlbin nə yumşaqdır,
kirpiklərinsə şəffaf.
Sənə bənzəyər bütün mahnılar səslənir
dalğaların qayaya vurduğu o an,
görünür, bilinir, səssizcə silinir.
Dinləmək istəsən quşların əfsanələrini
gəlsən bir az yaxına,
qovuşsan kainata,
kəllə vurub çətinliklərə yerə yıxılsan,
təmizləsən yaranı, misalçün,
böyümək istəməməyin gizlənir.
Yuxularını danışmağın gəlir.
Amma
sən,
ciblərinə bulud sığdıran uşaq,
sənə
lap ağlamağım gəlir.

Pəri Abbaslı
21.05.2017

Qələmə qüvvətOpowieści tętniące życiem. Odkryj je teraz