Hər hansı bir bölüm

110 9 0
                                    

Buludların üzərindən yavaş-yavaş qaçaraq, bəzən xoşbəxtliyin çox gəldiyini, bəzən, ümumiyyətlə xoşbəxtlik qavramını unutduğu zamanlarını xatırlayaraq, əsasən də, qanadlanmağı arzulayaraq uzaqlara, çox çox uzaqlara getməkdir arzun deyilmi? İstəmirsən həyata tab gətirəsən. İstəmirsən insanlarla daha çox özünü müqayisə edib hər dəfəsində müxtəlif nəticələr alasan. Bilirəm, istəmirsən. Olağan şeylərdir bunlar, dost. Qaçmağı hamı arzulayır. Ya da belə deyək, qaçmaq xəyalpərəst bir insanın belə yaşaya bilmədiyi o şeydir. Nədir, tam bilmirəm. Amma xəyallarda mümkün deyil, yuxularda heç. Qalırsan ortalıqda.

Hara qaçasan?

Bəlkə uzaqlar səni istəmir, dost? Uzaqlar küsüb, ola bilər? Gəl ehtimalları aşaq.

Buludlara baxaq. Görürsən, onlar qaçırlar. Uzaqlara yox, yaxınlara. Onlar tələsirlər və bu tələskənlik, heç şüphəsiz, biz insanoğluna deyir: bir heç saydığınız, baxmağa tənəzzül etmədiyiniz o buludlar, biz, gedirik. Şeirdə deyildiyi kimi, hesab etmədən, xəritəyə baxmadan.

Buludlar ölmür, fəqət. İnanmağı güc deyil, bilirəm, hamınız bilirsiniz.

Və yaxşı eşidin, buludlar ölmür!

Ağlayır, dolur-daşır, bəzən ildırımlarını anasıyla dava edən bir uşağın qapını çırpmasıtək sərt və kəskin, amma biraz küskün kimi yağdırır dünyaya. Buludlar dünyadan küsmüş də ola bilər.

Bilirsən, dost? Mən buludlara aşiqəm, bəlkə də. Kim bilir?

Sən, amma yox. Deyəsən. Gözlərində buludlara xəyanət var, sanki. Sən bulud sevmirsən, sən göydələn sevirsən. Buludlar üzərində addımlamaq istəmirsən sən, sanki. Sanki. Sanki sənin ayaqların şəffaf bir bulud topasına və bir neçə ulduza yox, məhz daş betona basmaq istəyir. Səhv edirsən axı! Dünyaya heç güvənərmi bir insan? Sənə bu cürə labirintlər qoymuş, çıxışları yaratmağı unutmuş, mövcudluğundan peşman olmuş... Bu dünyaya güvənərmi bir insan?!

Gəl. Ciddiyəm. Heç xəbərin olmadan elə gözəl keçəcəyik ki, bütün buludları. Hiss edib görməyəcəksən. Dadıb udmayacaqsan. Dinləyib dərk etməyəcəksən. Bütün gözəl şeylər kimi sən buludları da heç edəcəksən. Dünyadan fərqlənmirsən, dost.

Yaxşısı budur, get. Məni də düşünmə. Lazım olsam, buludlardayam, yerdəyəm, bəlkə də Aydayam. Amma heç dünyada deyiləm. Olmayacağam da. Səni buralara dəvət edərkən sənin də əllərində bir dəstə ulduz, bir qutu kainat. İstərəm.

Müəllif: Pəri Abbaslı
Tarix: 29-07-2016

Qələmə qüvvətHikayelerin yaşadığı yer. Şimdi keşfedin