...15 saat əvvəl...
Şam yeməyindən sonra Əmiraslanovlar ailəsinin digər üzvləri kimi Rəşid də otağına çəkildi. Yatağa uzanıb gözlərini tavana dikdi. Yuxusu yox idi. Hər gecə olduğu kimi yenə bütün bu olanları düşünməyə başladı. Ailəsinin üzərinə sanki ölüm sükunəti çökmüşdü. Sözsüz ki,onların ailəsində də həyat davam edirdi. Həmişəki kimi Almaz xanım gündəlik işləri ilə məşğul olur,Nəsrin dərsə gedir,evə gəldikdə isə rəsm əsərlərini çəkmək üçün otağına qapanırdı.Ələkbər isə evdə olduğu zamanın çoxunu adəti üzrə iş otağında keçirirdi.
Lakin axşamlar... Əmiraslanovlar ailəsində hər şey öz yerini dərin sükuta verirdi. Ailənin ən zarafatcıl,gülərüz üzvü Rəşid belə o sükunətin bir parçasına çevrilmişdi.
Rəşidi qərq olduğu düşüncələrdən otağına asta addımlarla daxil olan Murad ayırdı. Rəşid dikəlib çarpayıda oturdu,əli ilə yanında Murada yer göstərdi.
-Rəşid...- Murad boğunuq səsi ilə davam elədi,-nə zaman bitəcək bu işgəncə?
Köks ötdürdü Rəşid... Bununla sanki ona ünvanlanan suala cavab tapmaq üçün vaxt qazanmağa çalışırdı. Amma onda da bu sualın cavabı yox idi.
-Bilmirəm,Murad,bilmirəm...
Dostunun üzündəki çarəsizliyi görən Murad söhbəti dəyişmək istədi:
-Ayşən üçün darıxmışam. Gör,nə vaxtdan görmürəm. Telefonla danışmaq da bəs etmir daha...
Rəşid sevindi.Turalla bağlı problemdə onun əlindən heç nə gəlməyə bilərdi. Amma bu məsələ əsl onun işidi. Gecikmədən üzünə yerləşdirdiyi zorakı gülümsəməylə dilləndi:
-Burda nə var ki? Get,gör Ayşəni. Həə,həə! Günü sabah get,gör!
Dostundan heç gözləmədiyi cavabı eşidən Murad təəccüb dolu nəzərlərini ona zilləmişdi.Rəşid isə zarafat etmirdi,ciddi idi.
-Dostum,ciddiyəm.Turaldan xəbər yoxdu, bəlkə də çıxıb gedib ya da nəsə... Sən nə vaxtacan sevgilindən ayrı qalasan?? Eşq belə ayrılıqlara gəlməz.
Murad əlini Rəşidin çiyninə atıb soruşdu:
-Rəşid,sən yaxşısan? Qızdırman filan yoxdu ki? Get,gör nədi? Vəziyyəti bilmirsən?
-Mən yaxşıyam,dostum. Sənin dostunam. Həmişəki Rəşid! Qızdırmam filan da yoxdu. Bugünlərdə biraz səssizləşə bilərəm. Amma bu səssizliyimin səbəbi o yaramazı yaxalamaq üçün qurduğum plandır. Vəziyyəti də yaxşı bilirəm. Axmağın biri bizim həyatlarımıza sərhəd çəkib. Biz isə heç mübarizə aparmadan,bu sərhədləri qəbul etmişik. Lakin,dostum sevgidə sərhəd olmaz. Sən eşqə sərhədlər cıza bilməzsən,ancaq o sənə öz dünyasında yer verə bilər...
Murad Rəşidin eşqlə bağlı bu fəlsəfi düşüncələrini duyduqdan sonra özünü saxlaya bilməyib qəhqəhəyə boğuldu. Uzun müddət idi ki, belə ürəkdən gülmürdü. Bütün bu müddət ərzində səbirlə dostunun gülüşünün bitməsini gözləyən Rəşid bu mənzərədən zövq alırdı. Muradın ona güldüyünü bilirdi,amma dostunun üzünü belə güldürə bildiyi üçün fərəhlənirdi. Murad özünü ələ alıb gülməkdən sulanmış gözlərini silə-silə soruşdu:
-Rəşid... bağışla,özümü saxlaya bilmədim. Amma bu nə cümlələrdi belə? Dostum,məni təəccübləndirirsən. Bir də ki,sən...
Muradın yarım qalmış sualını Rəşid tamamladı:
-Bir də ki,mən eşq barəsində nə bilirəm,hə?! Eşqə düşməmişəm ki,hə?! Düzdü... sevməmişəm. Amma çox oxumuşam,dostum. Çox oxumuşam...sevgi dastanlarını,romanlarını. Barəsində filmlər izləmişəm. Eşqi öyrənmək üçün həmişə onu yaşamağın mütləq deyil. Onu başqalarının həyatını müşahidə edərək də öyrənə bilərsən. Amma düzünə qalsa, mənim üçün eşq yarı gələndə toz olmasın deyə küçələrə su sərpən qadının zərif sevgisində gizlidir...
Murad dostunun bu romantik düşüncələrini qəbul etməyə çalışarkən bir yandan da öz yarını düşünürdü. Ayşən nə edirdi,o da darıxmışdımı onun üçün...
Uzun sürən səssizliyi pozan tərəf yenə Rəşid oldu.
-Hə,nə düşünürsən? Nə qərar verdin? Hələ məzkərəyə qoyasan fikrimi,ya gedib görəsən Ayşəni?
Murad bəyaqdan bəri bu suala öz ağlında cavab axtarırdı. Lakin anladı ki,sualın cavabını səhv yerdə axtarır. Cavab ağlında deyil,qəlbindədir. Əli ilə dostunun dizinə xəfifcə toxunub gülümsədi. Dərindən nəfəs alıb aldığı qərarı dostu ilə bölüşdü.
-Sən haqlı idin...,-dedi. Səhər gedib görəcəm onu!