"İblis nədir?- Cümlə xəyanətlərə bais!
Ya hər kəsə xain olan insan nədir? -İblis!"
_Hüseyn Cavid_
Ələkbər bu səhər yuxudan qan-tər içində oyandı. Dikəlib yatağın içində oturdu. Yuxunun təsirindən çıxması bir-iki dəqiqəsini almışdı. Son günlərdə bu kabuslar ona rahat vermirdi.Ələkbər daşıdığı sirrin ona ağır gəldiyini hiss edirdi. Özünü indiyə qədər heç olmadığı qədər günahkar hiss edirdi.Qərarlarının düzgünlüyündən şübhə etdiyi anlar çox olmuşdu. Amma ilk dəfə aldığı bir qərardan peşman olmuşdu.Bu barədə çox düşünmüş,hətta ən möhkəm iradənin belə bir gün sarsıldığını anlamışdı.Bir daha əmin oldu ki,hər kəsin içində ona zaman-zaman səhv qərarlar verdirən,günah işləməyə sövq edən,ruhuna işgəncə verən bir iblis gizlidir.
Ələkbər bütün keçmişini nəzərdən keçirdi. Bütün həyatı boyunca sadəcə bir şeyin dəyişilməz olduğunu xatırladı. Həqiqət nə qədər ustalıqla gizlədilir gizlədilsin,mütləq açığa çıxmağın bir yolunu tapar. Ələkbər bu gerçəyə ən yaxşı hüquq-mühafizə orqanlarında işlərkən şahid olmuşdu. Bütün təcrübəsi ərzində rastlaşdığı ən yaxşı düşünülüb işlənmiş cinayət belə həqiqəti örtəcək qədər mükəmməl deyildi.
O isə bütün ailəsinin üzərinə qara bulud kimi çökmüş bir sirri onlardan gizlədirdi. Bu sirrin ortaya çıxması Ələkbərin indiyə qədər qoruyub saxladığı bütün ailəvi dəyərləri məhv edə bilərdi. Əmiraslanovların ən başlıca prinsipi-"Ailə ən böyük gücdür" sarsılardı. Ələkbər ailəsinin dağılmasından hər şeydən çox qorxurdu. Xüsusən buna bir qızın səbəb olacağını düşündükcə hirsi ikiqat artırdı.
Təxminən il yarım əvvəl bu evdə,iş otağının divarları arasında baş vermiş o söhbət onun inandığı bütün dəyərləri yerlə bir etməyə müvəffəq olmuşdu. O qızın dediyi hər söz Ələkbərə boğazına dolanıb ona nəfəs verməyə imkan verməyən sarmaşıq təsiri bağışlayırdı. O anları xatırladıqca həmin xoşagəlməz hiss yenə onun bütün vücudunu əsir alırdı.
-Mən sizə dedim axı,onu sevirəm!
Ələkbər eşitdiklərinin təsirindən otağın ortasında donub qalmışdı. Leyla isə səs tonunu hər cümləsində bir az daha qaldırırdı.
-Səssiz ol! Eşidəcəklər!!! -Ələkbər əllərini Leylaya doğru açmış səssiz olması üçün ona yalvaran gözlərlə baxırdı.
-Eşitsinlər! Mən də bunu istəyirəm! Dözə bilmirəm,artıq!
-Sus! -Ələkbər sanki deməyə söz tapa bilmirdi. Qızın sönmək bilməyən hirsi isə getdikcə daha da alovlanırdı.
- Sus!? Sizin mənə bəyaqdan dediyiniz ancaq budu! Sus! Susmayacam!
- Bu...bu.. sənin danışdıqların ağlasığmazdı. Qızım,mənə imkan ver,düşünüm.
- Düşünün,Ələkbər əmi.Amma yaxşı düşünün! Çünki mən çox düşünmüşəm. Bir çarə tapa bilməmişəm. -Leylanın bir neçə dəqiqə əvvəl hirsdən alışıb yanan gözləri indi dolmuşdu. Sanki çarəsizliyi damcıya çevrilib gözlərindən axırdı...
Ələkbər otaqda gəzinirdi. Düşünmək üçün özünə verdiyi əmr işə yaramırdı.O,özünü düşdüyü çuxurdan çıxmaq üçün çabalayan bir uşaq kimi hiss edirdi.Amma elə bir çuxura düşmüşdü ki,ordan təkbaşına,kömək almadan çıxmaq mümkün deyildi.
-Bu,mənim ailəmi dağıda bilər. Buna yol verə bilmərəm. Olmaz! -Ələkbərin səsində nəhayət həmişəki qətiyyət hiss olundu.
-Olmazmı? Axı,bir çarəsi olmalıdı. ,-Leyla ağlamaqdan qızarmış gözlərini Ələkbərə zillədi.
-Yoxdur! Heç bir çarəsi filan yoxdu! Mən bunu gözə ala bilmərəm!
-Axı onu çox sevirəm! -yenidən hıçqırığa boğulmuşdu.
-Əlimdən bir şey gəlməz! Ailəmi sevgiyə qurban verə bilmərəm! Heç vaxt!
-Bəs... mən nə edim,indi? -Leylanının səsi titrəyirdi.
-Bir...ediləcək bir şey var! Muraddan ayrıl! Çıx həyatımızdan!
- Axı necə?
- Bilmirəm. Onu da sən düşün,tap. Amma ən qısa zamanda çıxmalısan oğlumun həyatından! Ailəmi parçalamağına icazə verə bilmərəm!
- Parçalamaq? Yox,mən bunu qətiyyən... heç vaxt..istəməmişəm! Mən ona görə sizdən kömək istədim. Bunu öz başıma etsəm...
-Dedim,axı sən heç nə etməyəsən! Bir yolunu tapıb çıxıb gedəsən. Uzağa getməlisən,bəlkə də başqa şəhərə...Murad demişdi ki,təhsilin üçün xaricə getmək istəyirsiniz.İstəsən,kömək edərəm. Amma tək gedəsən! Mənim saf oğlum...hələ sənlə xaricə getmək istəyirdi.
-Nə? Mən bunu bilmirdim... -Leyla yenə göz yaşlarına boğuldu.
- Nəysə! Vəssalam! Mən qərarımı verdim! Oğlumu tərk edib,gedirsən. Uzağa...çox uzağa...! Onun səni tapa bilməyəcəyi bir yerə!
-Axı mən onsuz necə yaşıyaram... ən azından yaxınında olaydım,onla ola bilməsəm də...Axı mən onu sevirəm!
Ağlamaqdan taqətdən düşmüş halda stuldan qalxdı. Yerində səndələdi. Son ümid işartısı ilə parlayan gözləri ilə onu axtardı. Pəncərədən həyətə,ailəsinə baxan Ələkbərin ondan üz döndərməsi Leylaya qəribə gəlmədi. Gözlərini sildi,üst-başını qaydaya saldı.Aldığı əmri icra etməkdən başqa çarəsi qalmamışdı. Otaqdan çıxarkən şişmiş səs tellərindən çıxan son sözlər Rəşidin ad günü üçün yığılmış insanların səs-küyünə qarışıb boşluqda yox oldu.
-Uzağa...onun tapa bilməyəcəyi qədər uzağa!