_NƏFƏS_

28 7 2
                                    

  Bir neçə saniyə çəkən səssizlik Rəşid üçün bir ömür kimi keçmişdi. İçində sanki etdiyi bircə səhvlə bir insanı həyatdan məhrum edən,ölümünə bais olan bir cərrahın vicdan əzabı var idi. Özünü birtəhər toparlayıb təklifini geri çəkmək üçün  dilləndi:
- Nəsrin...
-Lazım deyil,Rəşid!Lazım deyil! -Nəsrin yaşla dolmuş gözlərini Rəşidin ondan qaçırtdığı gözlərinə zillədi.
-Necə? -Rəşid qətiyyən saxta olmayan bir təəccüblə soruşdu.
-Nə demək istədiyini bilirəm. Amma narahat olma! Kiçik insanların böyük xəyalları olmaz...
  -Dəli... -Nəsrinin ona zillənmiş ikrah dolu baxışlarının ağırlığı altında əzilən Rəşidin tək deyə bildiyi söz bu olmuşdu.
- Mən səninlə bağlı xəyal qurmaqdan imtina edəli çox olub. Qorxma,ümid də vermədin mənə...Ümid yaşamaq istəyən insanlara gərəkdir,mənim kimi ölməyi seçənlərin ümidə ehtiyacı olmaz!
-Nəsrin!Qurban olum,danışma belə! Dözə bilmirəm! - Rəşid yalvaran nəzərlərlə dəlisinə baxırdı. Nəsrinin qollarından tutmaq üçün uzatdığı əlləri onun geri çəkilməsi ilə yanına düşdü.
-Dözə bilmirsən!? Ona görə gedirsən?! Özünü o qədər sevirsən ki,məni hər gün görüb əzab çəkmək sənə ağır gəlir.-Nəsrin bunları deyib qəhqəhə çəkdi.
  Səssizcə Nəsrinin bu dəyişkən ruh halını anlamağa çalışan Rəşid gördüyü mənzərə qarşısında dəhşətə düşmüşdü. Gülməyi bitirib gözündən axan yaşları silən, bir anda fərqli,ciddi bir simaya bürünmüş Nəsrinin deyəcəkləri ona həddən artıq maraqlı idi.
   Nəsrinin isə demək istədikləri deyəcəklərindən fərqli idi.
"Gedirsən? Get,Rəşid! Amma qayıtma!Ölüm yatağında olsam belə qayıtma! Son nəfəsimi verərkən səni görsəm,ölmərəm...Ölə bilmərəm!Yaşayaram,gəlmə! Mənə nəfəs olmaq üçün belə gəlmə! Sənsiz yaşamaq istəmirəm! Sənlə olmayacağım bir həyatı istəmirəm!"
   İçindən Rəşidin üzünə bunları demək keçsə də,düşündüklərinin,daha doğrusu hiss etdiklərinin əksinə çöhrəsinə saxta bir gülümsəmə yerləşdirib dilləndi:
- Burda vidalaşaq?! Yox,yox! Hələ vaxta var. Evdə vidalaşarıq...
-Yox...Hə düz deyirsən.Evdə vidalaşarıq! Ayşən də gələcək,onu da çağırmışam... -Rəşid Nəsrinin dedikləri qarşısında çaşmış halda zorla eşidiləcək səslə danışırdı.
-Ayşəni çağırıbsan?!Ay,necə yaxşı...Mən də bunu planlamışdım.Sərgidən sonra onu bizə dəvət edəcəkdim. İndi ki sən etmisən,lap əla... Demək  ailəmiz bir üzvünü itirərkən,yeni bir üzv qazanacaq.
  Nəsrinin son atmacasına cavab verməyə özündə güc tapmayan Rəşid geri-geri addımlayıb sərgiyə gələn insanların arasında yox oldu.
   Kənardan həm qızı ilə Rəşidi,həm də Ayşəni anası ilə tanış edən Muradı izləyən Ələkbərin içini qəribə bir sıxıntı bürüdü. Onu bu qədər sıxan şeyin nə olduğunu bilmirdi.
   Ailəsi xoşbəxt idi. Bir neçə addım ondan uzaqda qızı güman ki,sərgisindən razı halda qəhqəhə çəkib gülür,digər tərəfdə isə  oğlu öz sevincini,sevgisini anası ilə bölüşürdü. Təlaşlanmaq üçün heç bir əsas yox idi. Ələkbər özünü ailəsinin xoşbəxtliyi ilə rahatlamaq üçün  onlara doğru addımladı. Amma iki addım atmışdı ki,gördüyü mənzərənin təsirindən donub qaldı. O,bir anlıq arvadı ilə şirin söhbətdə olan Ayşənin simasında sanki Leylanı görmüşdü.
  Elə o anda qərara gəldi ki,Rəşid sağ-salamat çıxıb gedəndən sonra səhər gedib Leylanın məzarını ziyarət etsin.
Hər dəfə Leylanın qəbrinə gedərkən yaşadığı eyni hislər yenə onu əsir aldı. Bu hislərin təsiri altında düşündükcə bir daha anladı ki, bu dünyada öz qurbanının məzarını ziyarət edən qatildən daha zavallı kimsə ola bilməz...
 

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin