_DÜYÜN_

33 7 2
                                    

Rəşidin boynuna doladığı qollarını ayırarkən Nəsrin baxışlarını gün ərzində baxmaqdan qaçındığı o gözlərə zillədi. Ağlından və qəlbindən keçən yüzlərcə sözdən birini seçmək üçün çox az vaxtı olduğunu bilirdi. Titrəyən səsi zorla eşidilirdi.
-Sağollaşmadan gedirsən?
- Vidaları sevmirəm,dəli. -Rəşid bütün kədərini üzünə zorla yerləşdirdiyi süni bir təbəssümün arxasında gizlətdi.
-Amma gedirsən.
-Gedirəm...
Rəşidin cavabı gənc qızın qəlbinə bir xəncər kimi sancıldı. Amma Nəsrin bu dəfə belə asan təslim olmayacaqdı.
-Bizsiz neyniyəsən orda?
-Sizsiz?
-Bizsiz də... Atamsız,anamsız,Muradsız...- Nəsrinin hirsli nəzərləri Rəşidin qəlbini deşib keçirdi.
- Hə,onları soruşursan. - Rəşid rişxəndlə başını tərpətdi.
-Eh! Gərək deyim!? Mənsiz,deyirəm! Mənsiz neyniyəsən?! - Nəsrinin hirsi alova çevrilib gözlərində parıldayırdı.
- Sənsiz...Bilmirəm. Ölmərəm yəqin ki... -Rəşid bunu deyib acı-acı güldü.
- Bilirəm,indiyə kimi ölməmisənsə, bundan sonra da ölmərsən. - Nəsrin Rəşidə göz süzdürüb baxışlarını ondan getməyə hazırlaşan adamın ayaqqabılarının düyünlənmiş bağlarına dikdi. Bir anlıq gələcəyini də bu düyünə bənzətdi. Açılıb-açılmayacağı bu andan asılı olan düyünə...
- Ölməyimi istəyirsən?! Yoxsa qalmağımı?! - hiyləgərcəsinə gülümsədi Rəşid.
- Məndən ayrılınca ölməyən birinin mənlə yaşamağı lazım deyil!
- Hmm, demək elə...
-Elə! -Nəsrin gözlərini yerdən ayırmadan hirslə dedi.
-Yaxşı dəli, bəs buna bir cavabın var?
-Nəyə?! -Başını qaldırıb dik-dik Rəşidə baxdı.
-Sənlə yaşaya bilməyən birinin sənsiz ölməkdən başqa nə çarəsi?!
Nəsrin səhv eşitdiyini düşündü. Ola bilməzdi axı. Bütün diqqəti ilə dinlədiyi adamdan illərdir gözlədiyi cümləni səhv eşidə bilməzdi. Dünyanın harasında olduğunu bilmirdi. Bəlkə də heç dünyada deyil, cənnətdə idi. Gülsün,yoxsa ağlasın?! Nə hiss etsin,nə düşünsün?! İllərdir həsrətlə gözlədiyi bu anı pozmaqdan elə qorxurdu ki...
Bütün hadisəni kənardan gözyaşları ilə izləyən Ayşəni titrətmə tutmuşdu. Gördüyü mənzərə onu sarsıtmışdı. Eşqin bu halına heç şahid olmamışdı. Bir qadın bir adamı nə qədər gözləyə bilərdi?! Eşqdən yanıb külə dönərkən sevdiyindən gələcək bir damla sevgiyə möhtac necə yaşanardı.... Bilmirdi bunları Ayşən. Muradla onun sevgisi fərqli idi. Əzabsız,zərərsiz,hüzurverici bir eşqdi onlarınki... Hansı daha üstün idi bilmirdi. Sevginin yarışı olar mı?! Onu da bilmirdi.
Amma Nəsrinə içi yanırdı. Bir qadının belə sevgiyə,sevilməyə möhtac olması qadınlıq qüruruna toxunurdu. Ona görə, bu dünyada həyatın özü olan qadının bir adamın sevgisinə, mərhəmətinə möhtac olmasından daha acı bir şey yox idi.
Ayşəni bu düşüncələrdən bir neçə dəqiqəlik xoş söhbətin ardından dava etməyə başlayan Nəsrinlə Rəşidin səsləri ayırdı. Ayşən bir anlıq bütün bu olanları sorğularkən Rəşidlə Nəsrin çoxdan özlərinə dönmüş, savaşmağa başlamışdılar.
-Getməliyəm,nə deməkdi?! Belə asandı getmək? -Nəsrinin hirsdən gözləri qızarmışdı.
-Asan deyil! Amma bilmədiyin şeylər var,dəli!
- Film çəkirik burda. Nə danışırsan!? Bilmədiyim nə ola bilər!? Bilirəm! Qorxaq Rəşid həmişə olduğu kimi qaçır!
- Sus! Elə deyil! Bilmirsən! -Rəşidin səsi boş küçədə əks-səda verdi.
-Necədi bəs?! Nəyi bilmirəm?! Danış! - Rəşidin səsindən ürkən Nəsrin asta səslə dilləndi.
- Danış,Rəşid bəy! Niyə qaçdığını danış!
Arxadan gələn bu buz kimi soyuq səs Nəsrinə tanış deyildi. Ağlamaqdan qızarmış gözlərini Rəşidin təəccüb və hirslə baxdığı səmtə çevirsə də, ona dəstək olan bu yad səsin sahibini tanımadı.
-Tural!
Rəşidin onun önünə keçərkən pıçıltı ilə dediyi bu ad ona bütün yaşadıqlarını unutdurmuşdu.

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin