Piano arxasında səssizcə oturmuş Rəşidin üç günü var idi.Ailəsinə qərarını açıqlayıb,vidalaşmaq üçün cəmi üç gün...Bugün səhər biletini almışdı. Üç gün sonra Londona gedirdi...
İki saat əvvəl yatmaq bəhanəsilə otağına qalxmışdı. Amma son günlərdə olduğu kimi beynini məşğul edən düşüncələrin ucbatından yata bilməyib içində tüğyan edən hislərini musiqilə ifadə etmək üçün salona-pianonun yanına gəlmişdi. Artıq bir neçə dəqiqə idi ki,səssizcə oturub gözlərini ağ-qara dillərə zilləmişdi. Barmaqlarını dillərin üstündə gəzdirir,sanki onlara toxunmağa ehtiyat edirdi.
-Deyəsən,səni də yuxu tutmuyub...
Rəşid qəfildən gələn səsdən diksinib başını qaldırdı. Sağ tərəfə-salonun işıqlarının zəif aydınlatdığı qaranlıq dəhlizə baxdı. Qaranlıqda ona tərəf gələn kölgə dəhlizin sonuna çatanda dayandı. Ancaq indi Rəşid səsin sahibinin kim olduğunu görə bildi.
-Nəsrin? Niyə yatmamısan? Gecənin bu vaxtı sən yuxuda olmalı idin axı... -bu dəfə səsində Nəsrinin gözlədiyi istehza yox idi.
- Gecələr bir sənə məxsus deyil ki...Yuxu tutmadı. -Rəşiddən fərqli olaraq səsində aydın hiss olunan istehza var idi.
Rəşid cavab vermədi. Bir müddət pianonun başında səssizcə durub barmaqları ilə oynayan Nəsrin sükutu pozan tərəf oldu.
-Təşəkkür edirəm...
-Nə üçün? -Nəsrinin üzünə baxmadan soruşdu.
-Hər şey üçün...sərgi üçün. Amma borc olsun!
-Hmm... Amma belə quru təşəkkürlə olmaz! Mən qarşılıqsız heç nə etmərəm! Gərək borcunu ödəyəsən! -Rəşid hiyləgərcəsinə gülümsədi.
-Necə yəni? Anlamadım...
Rəşid əlini Nəsrinə doğru uzadıb dedi:
-Rəqs et mənimlə!
-Ne-cə? -Nəsrinin heyrətdən dili tutulmuşdu.
- Borcunu ödəməyin üçün sənə imkan yaradıram.
Nəsrinin cavabını gözləmədən əlindən tutub salonun ortasına çəkdi. Nəsrin donub qalmışdı. Gecənin bir yarısı sevdiyi adam ona öz evlərinin salonunda dans təklifi etmişdi.
-Axı...musiqi? Musiqi yoxdu! -Nəsrin yaşadığı ani şoku üstündən bu sözlərlə atmışdı.
-Bilirəm. Dəli,unudulmaz bir rəqs üçün hər zaman musiqini duymaq gərəkməz... -dedi Rəşid. Səsində Nəsrini heyrətə salan sakitlik var idi.
Nəsrin Rəşidin qaldırdığı əli tutdu. Donunun ətəyini ehmalca çəkib dizlərini azca bükdü. Bununla təklifi qəbul etdiyini bəlli etdi.
Salonun ortasında musiqisiz irəli-geri hərəkət edən bu iki gənci kim görsə,yəqin onları dəli hesab edərdi. Amma heç nəyi düşünmədən rəqs edən bu cütlük üçün bunun heç bir önəmi yox idi.
-Sərgiyə də az qaldı..
- Hə,üç gün... -sevdiyi adamın çiyninə sığınmış Nəsrin rahatını pozmadan cavab verdi.
-Ayşəni dəvət etdin? -Rəşid düşünməmək üçün dayanmadan sual verirdi.
-Hə,çox sevindi. Elə mən də... -Rəşiddən fərqli olaraq o,bu anın gözəlliyini pozmaqdan çəkinirdi.
-Ayşəni sevirsən amma sən...tez də güvəndin.
-Hə sevirəm. Güvən isə qarışıq bir şeydir. Xüsusən də neçə dəfə məni incitmiş biri ilə rəqs etdiyimi düşünsək...
Rəşid cavab vermədi. Bunun əvəzində fırlanması üçün Nəsrini özündən uzaqlaşdırıb qolunu qaldırdı.
-Amma mən kitab sevən birinin zərif ruhuna güvənirəm. Murad həmişə deyər ki,kitabları sevən,oxuyaraq böyüyən birinin tərbiyəçisi kitablar olar.Onların verdiyi tərbiyəyə isə həmişə güvənə bilərsən.Düşün bir...Dosto ilə böyüyən biri sevilməzmi? -bu dəfə Rəşidin üzünə baxmamaq üçün çiynində gizlənmədi. Baxışlarını Rəşidin hüzünlü gözlərinə zillədi. Onun bu səssizliyinə dözməyib soruşdu.
-Nə düşünürsən?
-Heç...Düşünürəm ki,axı bu necə mümkün ola bilər?! -bunu soruşarkən üzünə saxta bir təbəssüm yerləşdirmişdi. Nəsrinin iri qəhvəyi gözlərinin maraqla ona izlədiyini görüb əlavə etdi. -Hər gün bir az daha gözəl olmağı necə bacarırsan?!
-Nə bilim... -Nəsrinin yanaqları qızardı. Baxışlarını sevdiyinin çöhrəsindən çəkib yenə onun enli çiyinlərində gizləndi.
Daha heç biri danışmadı. Sükut içərisində keçən iki dəqiqədən sonra rəqsi bitirmək vaxtı gəlmişdi. Rəşid əyilib Nəsrinin əlindən öpdü. Elə o anda da ağzından Nəsrini bir anda dünyanın ən xoşbəxt qızından ən bədbəxtinə çevirən sözlər töküldü.
-Gedirəm! -dedi Rəşid. Nəsrinin üzünə baxmadan bir-birinin ardınca sıraladı günlərdir onu rahat buraxmayan cümlələri.
-Biletimi almışam. Amma narahat olma,sərgidə iştirak edəcəm. Sərgidən sonra...Londona...Heç kimə deməmişəm.Hələ ki bir sən bilirsən.
Rəşid günlərdir ona rahatlıq verməyən cümlələri bir nəfəsə deyib Nəsrinə baxdı. Buz kəsmiş əli hələ də onda olan Nəsrinin rəngi solmuş bənizi ağarmışdı. Danışa bilmirdi. Ağlaya da bilmirdi. Yaşlar gözündə donub qalmışdı. Nəsrinin bu halını görən Rəşid içində bir şeylərin parçalandığını hiss edirdi. Onun bir gözyaşına dünyaları qurban verməyə hazır olan bu adam qarşısında bir gültək solub gedən dəlisi üçün heç nə edə bilmirdi.
-Sizin,ailəmizin...sənin yaxşılığın üçün gedirəm. Düşündüm ki,ən yaxşısı budu... -Rəşid bu dəfə onun üçün,onun yaxşılığı üçün getdiyini izah etməyə çalışırdı Nəsrinə.
Amma bu son cümlələr bəyaqdan dinməzcə onun dediklərini dinləyən Nəsrini dəliyə çevirdi. Daha dözə bilməyib dilə gəldi.
- Yox,yox! Yalan danışma! Mənim yaxşılığım üçün!? -Başqalarının onun yerinə,onun xeyrinə qərarlar verməsindən həmişə nifrət etmişdi.
-Dəli! Gözlə,yaxşısan? -Rəşid Nəsrinin titrədiyini görüb qızın çəkib onun ovucundan çıxartdığı əlin tutmaq üçün tərpəndi.
Nəsrini əllərini çəkib arxaya çəkildi.
-Yenə edirsən! Qaçırsan! Hə,nə gözləmək olardı ki səndən! Rəşid qaçar! Həmişəki kimi! Tək qoyub gedirsən məni! Amma bu dəfə yox! Bu dəfə bağışlamayacam səni!
Nəsrin bunları deyib arxasını döndü. Bir-iki saniyə özünü toparlamaq üçün divara söykəndi.Rəşidin kömək təklifini qəbul etmədən çıxıb getdi.
Bu gecə Rəşidlə Nəsrin üçün sonun başlanğıcı idi...