Bu vəziyyətdə keçən hər saniyə Əmiraslanovlar ailəsinin əleyhinə idi. Murad bu vəziyyətdən bir çıxış yolu axtarırdı. Ona düşünməyə maneə olan qorxudan qurtulmalı olduğunu bilirdi. Çox yox, bir dəqiqə sonra Murad nə etməli olduğunu artıq anlamışdı. Həmişəki zirehini üstünə geyinməli, özünü ələ almalı idi. Soyuqqanlı, qaya kimi sərt görünümünə bürünüb kəskin baxışlarını Turala zillədi.
-Qulaq as, Tural! Mənim heç bir günahım yoxdu! -səsində qətiyyət hiss olunurdu.
Tural kinayəli baxışlarla bütün ailəni süzüb soruşdu:
- Murad, cənnətə inanırsan?!
Turalın bu sualı Muradla bərabər bütün ailəni təəccübləndirdi. Bəlkə də, Tural Muradın inancla bağlı düşüncələrindən xəbərdar idi... Axı necə?!
-Yox,inanmıram. Axı bu nəyə lazımdı?! -Murad Turalın bu yersiz sualına əsəbləşmişdi.
-Heyf... Çox heyf. -deyə başını salladı.
Tural Muradın sual dolu nəzərlərlə ona baxdığını görüb davam etdi.
- Mən inanıram. Bacımın orda xoşbəxt olduğuna inanıram. Amma sənə yazığım gəlir. Sən elə cəhənnəmdəsən ki... Cənnətin varlığına inanmayanlar üçün elə dünya ən böyük cəhənnəmdir. Yoxsa yaşamağın nə mənası?! Cənnətdə sonsuz xoşbəxtliyə qovuşacağını düşündüyü üçün insan dünyanın bütün əzab-əziyyətinə dözür.
-Nə danışırsan axı?! Bəsdir, boş-boş danışdın! -Turalın bu mənasız cənnət-cəhənnəm söhbətinə dözə bilməyən Rəşid qışqırdı.
-Sən sıranı gözlə! - dedi Tural. Rəşidə baxarkən gözlərindən alov çıxırdı.
Murad vəziyyətin daha da gərginləşdiyini görüb çox güvəndiyi natiqliyini işə saldı.
-Bax,Tural. Mən sənin bacını sevirdim. Hər şeydən, hər kəsdən çox...Mən ona zərər verməzdim,verməmişəm də...
-Sevsən, onun xoşbəxt olmağını istəyərdin. -Turalın silah dolu əli titrəyirdi.
-Onun xoşbəxtliyi üçün çalışmışam. Onunla olduğum hər an sırf onun üzü gülsün deyə əlimdən gələni etmişəm. Mən onun gülüşü ilə nəfəs alırdım... Onun üçün hər şeyi qurban verərdim...
Murad Turalı yola gətirməyə çalışarkən Ayşənin burda olduğunu,dediklərini eşitdiyini unutmuşdu. Ayşən Muradın bu sözləri onları xilas etmək üçün dediyini bilirdi. Amma Muradın dediklərinin həqiqət olduğunu da bilirdi. Çünki onun tərəfindən sevilməyin necə bir hiss olduğuna yaxşı bələd idi.
Məhz ona görə, Muradın ağzından çıxan hər söz bir köz olub ürəyini yandırırdı. Bəlkə də sevən bir qəlb üçün sevdiyinin başqasına olan sevgisini duymaqdan acı heç nə yox idi...
Ayşən indi anlamışdı. Murad Leylaya aşiq idi, onu isə sevirdi. Həmişə eşqin sevgindən daha güclü bir hiss olduğunu düşünmüşdü. Amma Murad ona daha dəyərli bir şey öyrətmişdi. Sevgi eşqdən daha saf,daha ülvi idi... Eşqin sonu cəhənnəm, sevginin mənzili cənnət idi...
Ayşəni bu düşüncələrdən bütün ailəni dəhşətə salan o cümlələr ayırdı.
-Yox! Mənim bacım səndən bunu istəmirdi!
-Bilirəm,istəmirdi. Heç vaxt məndən nə isə istəməyib. Amma mən həmişə istəmişəm ki, onu sevindirim,xoşbəxt edim.
-Ehh...axmaq! Sənin heç nədən xəbərin yoxdu! -Turalın əli artıq titrəmirdi. Əlindəki silahı Muraddan uzaqlaşdırıb başqa tərəfə çevirdi.
- Onu xoşbəxt etməli olan sən deyildin! O idi! Sən yox, o!
Səsi boş küçədə əks-səda verən Turalın silahı ilə işarə etdiyi tərəfə baxan bütün ailə üzvləri dəhşətə gəlmişdi.