_XİLAS_

49 8 0
                                    

Nəsrindən fərqli olaraq Murad dostunun getmək barəsində qərarını daha sakit qarşıladı. Ya da daha sakit qarşılamağa məcbur oldu. Bəlkə də Muradın bu səssizliyinə Rəşidin bacısı ilə bağlı dedikləri səbəb olmuşdu.İllərdir fərqində olub qəbul etmək istəmədiyi həqiqəti Rəşidin ağzından eşitmək isə onu daha da çarəsiz hala salmışdı.
"Mən xoşbəxt ola bilmərəm. Heç kimi də xoşbəxt edə bilmərəm! Mən yalnızlığa məhkumam!" Rəşidin hələ də bu düşüncədə olması Muradın son ümidini də söndürmüşdü. Çünki yaxşı bilirdi... insanı özünü məhkum etdiyi cəzadan heç kim xilas edə bilməz.
Rəşid əlində bir dəstə qırmızı qızılgüllə evə qayıtdıqda qapıda dərdini bölüşmək üçün sevgilisi ilə görüşməyə gedən Muradla qarşılaşdı. Dostunun gediş qərarını belə sakit qarşılaması Rəşidi də heyrətləndirmişdi. Bəlkə də dostunun onun xəyanətinə verəcək bir cavabı yox idi.
-Bir dəstə qızılgülün unutdura bilməyəcəyi çox az günah var,hə? -Murad qapıda səssizcə durub gözlərini ona zilləyən dostunun əlindəki güllərə baxıb acı-acı gülümsədi. Sonra iki gündür otağından yemək üçün belə çıxmayan bacısını xatırlayıb dərindən ah çəkdi.
- Səncə? -Rəşid gözlərində dərin bir çarəsizliklə dostuna baxdı.
-Məncə,sənin günahın bir gül dəstəsinin unutdura biləcəyi qədər sadə deyil onun üçün...
Rəşid özü də boş yerə çabaladığını bilirdi. Amma həmişə ona təsəlli verməsinə alışdığı dostunun bu sözləri onun qəlbindəki boşluğu bir az daha dərinləşdirdi. Rəşid hələ bu acı cümlələrin təsirindən çıxmağa macal tapmamış Muradın ona baxdığını görüb qapının qarşını kəsdiyini anladı .Dostuna yol vermək üçün qeyri-ixtiyari sola çəkildi. Çıxarkən dostunun dedikləri isə Rəşidi daha da təəccübləndirdi.
-V&A-ya baş çəkməyi unutma! -dedi Murad. Qapıdan çıxmağa hazırlaşarkən nə isə xatırlayıb ayaq saxladı. Rəşidə baxmadan son tövsiyəsini də verdi. -Elə xalçalarımıza da...ümid edirəm ki,muzeydə onlara kifayət qədər diqqət göstərilir. -bunu deyib qapını çəkib evdən çıxdı.
Murad getdikdən sonra beş dəqiqə ərzində onun nə demək istədiyini anlamağa çalışan Rəşidin əzabı daha da artırdı. Yəni,doğrudan o mənə bunu məsləhət gördü!? Heç nə olmamış kimi... Viktoriya və Albert?! İki sevgilinin adını almış bu muzey dünyanın ən böyük dekorativ sənət muzeyi idi. Amma belə bir vəziyyətdə dostu bunu necə demişdi ona!? Sənət,tarix sevən Murad üçün belə bu qədəri artıq idi. Axı Rəşid ora gəzinti üçün getmirdi. Rəşid o şəhərə çiyinlərində böyük bir xəyanətin yükü,ağlında ailəsinin taleyi ilə bağlı suallar,qəlbini əsir alan dərin çarəsizliklə gedirdi. Doğrudanmı,Murad onun gedişinə əhəmiyyət vermirdi?! Ya da dostunun dərdini məzkərəyə qoyacaq qədər incimişdi ondan?! Bilmirdi Rəşid. Onun tanıdığı Murad dostunun gedişini qəbul etməz,çığırıb-bağırar,küsərdi bəlkə də... Amma bütün bunları belə sakitliklə qarşılayan,hələ üstəlik ona turistik məsləhət verən Muradı o tanımırdı.
Yuxarıda-Ələkbərin otağında isə onların soyuq müharibəsindən fərqli olaraq qızğın müzakirə gedirdi. Bu valideynlərin öz övladlarının gələcəyi üçün edilən bütün müzakirələr kimi idi.
-Gücüm çatmır daha! Almaz,mən də insanam! Qocalmışam! -Ələkbərin qəzəbli səsi içindəki yanğını söndürməyə yetmirdi.
-Başa düşürəm,qurban olum. Amma daha nə etmək olar?! -ərinin gözlərində qəzəbdən çox hüzn görən Almaz onu sakitləşdirməyə çalışırdı.
- Səhv etmişəm,Almaz. Onun dəyişdiyini düşünmüşəm. Məsuliyyət ala biləcək qədər böyüdüyünü... bütün işləri ona tapşırıb qocalığımı rahat keçirəcəkdim guya... Amma o yenə gedir. Əmisinə,ailəsinə belə bir vaxtda arxasını çevirir. Öz kefini düşünür.
- Yox,Ələkbər. Elə demə! Rəşid kef üçün getmir... -səsi qəhərlə boğulan Almaz xanımın gözləri dolmuşdu.Rəşidi müdafiə etmək üçün heç nə deyə bilməmək onu dəli edirdi. Amma övladlarını qorumaq üçün susurdu.Susurdu,amma... susmağın ona heç bu qədər ağır gələcəyini düşünməmişdi.
- Yetəri qədər böyüdükdə atalarının çiynindəki yükü almaq,ona dəstək olmaq övladların borcudu. Elə deyilmi?! Almaz,səncə mən yaxşı ata deyiləm? Yaxşı tərbiyə verə bilməmişəm övladlarıma?! Axı niyə belə oldu!?
Ərinin özünü sorğulamağa başlamasına dözməyən Almaz xanım gözyaşlarını silib dilləndi.
-Ay Ələkbər,bəsdir! Özün yaxşı bilirsən,onu öz övladlarımdan seçməmişəm! O da sağ olsun, məni rəhmətlik anasının yerinə qoyub. Onun tərbiyəsinə mən cavabdehəm,sən yox! -səsini qaldırdığını hiss edib bir az gözlədi. Sonra daha alçaq tonla davam etdi. -Ondan ayrılmaq mənim üçün də çətindi! Amma o ən doğrusunu edir. İndi getməlidi! Vaxtı çatanda mən özüm onu çağıracam. Onda gəlib işlərin başına keçər,məsuliyyət alar. Amma indi qoy getsin...
Ələkbər Almaz xanımın Rəşidin getmək istəməsi ilə niyə belə asan razılaşdığını bilmirdi. Amma bəlkə də ailəsini Turaldan qorumağın da ən yaxşı yolu elə bu idi.

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin