Evin qarşısında arxa-arxaya dayanan avtomobilləri görəndə Ələkbər rahat nəfəs aldı. Otağının küçəyə açılan eyvanından Almaz xanımın övladlarını qarşılamağa tələsdiyini görüb gülümsədi. Rəşidin gecikdiyini bilirdi. Aşağı düşüb astanadakı çamadanı götürdü. Dərin nəfəs alıb həmişəki məğrur ifadəsinə büründü. Zaman yetişmişdi.
Əmiraslanovlar malikanəsinin görkəmli görünüşü Ayşənə təəccüblü gəlməmişdi. Amma yenə də avtomobilin yanında donub qalmışdı. İrəliyə doğru bir addım ata bilmirdi. O addımı atacaq cəsarəti özündə hiss etmirdi. Amma elə cəsarət irəliyə doğru atmağa qorxduğu o ilk addımda gizli idi. Birinin dəstəyinə ehtiyacı var idi. Gözləri ilə Muradı axtardı. Murad əllərini açıb Rəşidə doğru yüyürürdü.
Uzaqdan dostunun üz ifadəsini gördüyü an bəyaqdan onu maraqlandıran söhbətin necə sonlandığını anlamışdı. Amma bunu düşünmək istəmirdi. Çünki,dostu gedirdi. Üzünə saxta bir təbəssüm yerləşdirib dostuna yaxınlaşdı. Sağ əlini onun boynuna dolayıb sol yumruğu ilə sinəsini yumruqladı. "Hə,vaxtdı,qaçaq!" dedi. Demək istədiyi çox şey var idi,amma bacısının solmuş bənzini görəndə bütün sözlər boğazında düyümləndi.
Almaz xanım yüyürüb Rəşidi qucaqladı.
-Ay oğul,harda qaldız? Sizi gözləməkdən birtəhər olduq! Hələ atan... -Almaz xanım Rəşidə qıymayıb Muradı məzəmmət edirdi.
Rəşid dostunu qabaqlayıb bu məzəmmətə zarafatla cavab verdi:
-Əmcanı! Demək məni göndərməyə belə həvəslisən! Yaxşı oldu,bunu bildiyim.
-Ay səni,yaramaz! Əmcanını tək qoyub gedirsən,hələ utanmırsan belə zarafat da edirsən. -Almaz xanım Rəşidin tutulduğunu görüb tez susdu. Onun xətrinə dəymək istəmirdi.
-Bəsdirin. Belə sağollaşırsız? -Ələkbər əlindəki çamadanı yerə qoyub deyindi.
Almaz xanım bütün olan-bitəni kənardan izləyən Ayşəni hələ indi görürdü. Rəşiddən ayrılıb ona yaxınlaşdı.
-Xoş gəlmisən,qızım. Niyə orda dayanıbsan,yaxın gəl. Bu dəli oğlan bizdə ağıl qoyub ki...
Ayşən onu gülərüzlə qarşılayan Almaz xanımın əlindən tutub utana-utana onlara yaxınlaşdı. Yarpaq kimi əsən Nəsrinin yanında dayanıb onun buz kəsmiş əlindən tutdu.
Heç kimdən səs çıxmırdı. Hamı bir-birinə baxırdı. Vidalaşmaq zamanı idi. Rəşid həmişə ailəsindən xəbərsiz getmişdi. Ailəsinə heç vaxt onla vidalaşmaq şansı verməmişdi. Sanki heç kim bu məqamda nə etməli olduğunu bilmirdi. Ələkbər heç bir söz demədən qayıdıb evə girdi. Almaz xanım isə divara dayanıb gözyaşı tökürdü.
Axır ki, ortalığa çökən bu səssizliyi Rəşid özü pozmaq qərarına gəldi. Bu işgəncəyə dayanmağa gücü qalmamışdı. Sərin bahar küləyinin vıyıltısı Rəşidin kədərli səsinə qarışdı.
-Ayrılıq vaxtı gəldi,çatdı...Vidaları sevmirəm,bilirsiniz. Vidalar bir daha görüşə bilməyəcək insanlar üçündü. Biz tezliklə görüşəcik. Özünüzə yaxşı baxın. Əmcanıma isə özünüzdən də yaxşı... Hələlik. -dedi.
Çamadanı götürüb Murada göz qırpdı. Getmək vaxtı idi. Son dəfə ailəsinə baxıb gülümsədi. Onları belə qoyub getməyə vicdanı əl vermirdi.
Amma bilirdi ki,vicdana toxunan şey savaşda ölümə aparar.Savaşın sonunda isə təkcə vicdanını boğmağı bacaran əsgər qalib gələ bilərdi. Bu da Rəşidin özü ilə savaşının sonu idi. Savaşda itirdiyi isə içində hələ doğmadan öldürdüyü hislər idi...
-Rəşid!!!
Arxadan gələn bu hayqırış səsi boş küçədə əks-səda verdi. Rəşid həmin səsi dərhal tanımışdı. Çönüb arxasına baxdı. Elə o anda Nəsrin qaçıb Rəşidə sarıldı. Bu Rəşid üçün savaşın hələ bitmədiyinin xəbərçisi idi.