_GÜNAH_

40 9 0
                                    

"Ruh sevmək üçün yaradılmışdır..."
Dante ("İlahi Komediya")

Murad yenicə yuxuya gedirdi ki,qapının səsinə oyandı. Gecənin bu vaxtında onu ziyarətə gələnin kim olduğunu görmək üçün başını qaldırdı. Ay işığının aydınlatdığı otaqda gördüyü mənzərənin təsirindən donub qaldı. Gözünü qapıdan ayırmadan əli ilə gecə lambasını tapıb yandırdı. Qaranlıq onu yanıltmamışdı. Qapıda bir əlində yastıq,digər əlində örtük tutan dostunu o hələ ay işığında tanıya bilmişdi.
Murad ağzını açıb bir söz deməyə macal tapmamış Rəşid yastığı onun yatağının yanında yerə atdı. Sonra da ağ-qara damalı xalçanın üstündə uzanıb başını yastığa qoydu. Rəşid üstünü örtənə kimi diqqətlə onu izləyən Murad dirsəkləndiyi qolunun uyuşduğunu hiss elədi. Qolunu ovuşdura-ovuşdura dikəlib oturdu. İndiyə kimi Rəşidin onu təəccübləndirən çox hərəkəti olmuşdu. Amma beləsini ilk dəfə idi görürdü.
-Rəşid,neynəyirsən?
Rəşid gözünü açıb yan-yana yuxarıya-Murada baxdı.
-Neyniyənə oxşayıram?
-Nə bilim...
-Yatıram,əgər icazə versən. -Rəşid bunu deyib üzünü divara tərəf döndü.
-Yatırsan??? -Murad hələ də dostunun bu hərəkətinə məna verə bilmirdi.
-Hə də...İnanmayasan,dostum,amma qanəmici vampirlərdən fərqli olaraq insanlar gecələr yatır.
Rəşidin səsindəki istehza Muradın üzünə soyuq su kimi çırpıldı. Axır ki,fikrini toplayıb soruşmalı olduğu sualı gecə qonağına verdi:
-Axı,niyə burda?
Rəşid sanki bu sualı gözləyirmiş kimi gecikmədən cavab verdi.
- Çünki mən borclu qalmağı sevmirəm.
-Borc nədi? -Murad Rəşidin dediklərindən heç nə anlamırdı.
-Xatırlamırsan?!Ehh,doğrudan da bu məcəllələr sənin yaddaşını koraldıb.
Murad anlamırdı. "Xatırlamırsan?!" Bu sual beynində fırlanırdı. Axı nəyi xatırlamalıyam?! Bir müddətdən sonra Murad üçün artıq hər şey aydın idi. Bu sualın cavabını tapmaq üçün Murada üç dəqiqə lazım olmuşdu.
-Yadıma düşdü... -səsində sevinc hiss olunurdu.
- Şükür! -Rəşid dostuna baxıb gülümsədi.
- Axı niyə?
- Sədaqət,dostum! Sədaqət! -bu sözləri deyəndə isə çoxdan üzünü divara dönmüşdü.
Murad dostunun bu hərəkətinin səbəbini uşaqlıq xatirələrində tapmışdı. Əmisi öləndən sonra Rəşid hər gecə yuxudan qışqıraraq oyanır sonra səhərə qədər yatmırdı. Murad da ailənin digər üzvləri kimi onun səsinə oyanır,amma anası icazə vermədiyi üçün dostunun yanına gedə bilmirdi. Amma Rəşidi tək qoymaq heç ürəyinə yatmırdı. Düşünüb uşaq ağlı ilə bir çarə tapdı. Bir gecə hamı yatandan sonra gizlincə yastığıyla,özündən qat-qat ağır yorğanını yerdə sürükləyə-sürükləyə Rəşidin otağına gəldi. Ona sual dolu nəzərlərlə baxan Rəşidə dedikləri isə hələ də yadında idi. "Bir yerdə yataq.Anam deyir ki,dostlar heç vaxt bir-birini tək qoymaz!" Və...beləcə bir il Murad Rəşidin yanında hamıdan xəbərsiz yerdə yatdı. Onlara əmanət edilmiş uşağın kabuslarının necə bitdiyi Ələkbərlə Almaza indinin özündə də qaranlıq idi.
Rəşid o gecə ondan üç yaş balaca oğlanın timsalında heç cür rahatlıq tapmayacağını düşündüyü o evdə özünə sadiq dost tapmışdı.
-Ayşən necədi? Görüşdünüz bugün?
Rəşidin sualı Muradı keçmişin xatirələrindən çəkib çıxardı.
-Hə,yaxşıdı.
-Sən necəsən? -Rəşid dikəlib özü üçün hazırladığı yer yatağında bardaş qurdu.
- Mən... yaşadığımı hiss edirəm... Sevgi belə bir şey imiş demək... Həyatverici...
-Ya da öldürücü... -Rəşid ancaq özünün eşidə biləcəyi tərzdə deyindi.
-Necə? Eşitmədim?
-Heç...Deyirəm,yəqin sevgi hislərin ən alisidir.
Murad gülümsədi.
-Əlbəttə! "İlahi Komediya" nı xatırla! Dahi Danteyə dünya ədəbiyyatının şah əsərini yaradan ilhamı verən eşqdən daha ali nə duyğu ola bilər ki!? Cəmi iki dəfə gördüyü Beatrisi cənnətə yol göstərən mələk kimi ölümsüzləşdirmək... bu ancaq dəli-divanə aşiq olmuş Danteyə yaraşardı.
Rəşid dostunun bu sualını cavabsız qoydu. Bunun sual olduğundan da çox əmin deyildi. İndi onu narahat edən başqa bir məsələ var idi. Bunu soruşmağın ən yaxşı yolu isə elə Dante idi.
-Dante demişkən...Səncə ən ölümcül günah nədi?
-SALİGİA... -Murad Danteyə olan heyranlığını bir daha dilə gətirdi. -Dante bunu çoxdan düşünüb.
-Yox,ondan əlavə...Sənin üçün?
Murad alnını qırışdırdı. Amma bu barədə düşünmək üçün ona çox vaxt lazım olmadı.
-Xəyanət! ,-dedi. -Mənə görə,o yeddi günahdan sonra ən ölümcül günah xəyanətdir!
Muradın cavabı Rəşidi dostuna deməyə hazırlaşdığı qərarını bir daha sorğulamağa məcbur etmişdi.

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin