_BƏDƏL_

33 10 2
                                    

    -Xoş gəldin,həyatımın qadını...
   -Xoş gördüm,xəyallarımın adamı...
   Sevgilisini qapıda görən kimi iti addımlarla onu qarşılamağa tələsən Muradın sevinci yerə-göyə sığmırdı. Ayşənin sərgiyə gəlməklə bağlı şübhələrinə yaxşı bələd olan Murad onun gəlişindən duyduğu sevinci dilə gətirdi:
-Gəlibsən...
-Gəlmişəm,-Ayşən utancaq halda gülümsədi.
Murad sevgilisinin gəlişinə o qədər sevinmişdi ki,onun bugün üçün xüsusi hazırlaşdığını hələ indi görə bilmişdi.
-Görünür,bugün gözlərimi bu gözəllikdən ala bilməyəcəm...
  Ayşən sərgiyə gəlmək barədə şübhələrinə baxmayaraq bugün üçün hələ Nəsrinin onu dəvət etdiyi gündən hazırlığa başlamışdı. Geyinəcəyi dondan,saç düzümünə kimi hər şeyi ən xırda detalına qədər düşünmüşdü.Üç-dörd don arasından bugün üçün qara,ətəyi yerlə sürünən bir don seçmişdi. Qara rəngi çox sevməsə də,bu rəngin onu daha şux göstərəcəyi və sərginin ağırlığına yaraşacağı düşüncəsi onu bu seçimi etməyə sövq etmişdi. Çox sonralar bu seçiminin doğruluğunu içi yanaraq xatırlayacaqdı.
   İndi isə onu başqa təlaş bürümüşdü.Sevgilisinin ailəsi ilə tanış olacağı gerçəyi onun bütün vücuduna hakim kəsilmişdi. Həyəcandan əlləri soyumuş,bənizi solmuşdu. Həyəcanını gizlətmək üçün nə qədər səy göstərsə də,bunu bacarmırdı.
    -Vay,vay,Ayşən xanım...Nəsrinin sərgisini öz möhtətəşəmliyinizlə kölgədə qoymaq istəyirsiniz? -Ayşən sevgilisinin komplimentinə cavab verməyə macal tapmamış Rəşidin zarafatı ilə üzləşməli oldu.
- Yox,qətiyyən... -Ayşən sadəlövh halda gülümsədi.
-Murad,bu gözəl xanımla söhbət etmək üçün mənə bir az icazə verərsənmi? -Rəşid itaətkarcasına asta bir səslə soruşdu.
   Dostunun Ayşənlə nə danışacağından əmin olmasa da,söhbətin mövzusunu az-çox təxmin edirdi. Güman ki,Rəşid Ayşənlə vidalaşmaq istəyirdi.
-Əlbəttə,-dedi. -Amma söhbətiniz tez bitsə yaxşıdı,Ayşəni anamla tanış etmək istəyirəm.
-Baş üstə! -Rəşid dostunu əmin etmək üçün  göz vurdu.
      Rəşid Murad onlardan uzaqlaşanadək gözlədi. Sonra qolunu büküb Ayşənə uzatdı.
- Gedək,-dedi. -Əgər bir sərgiyə gəlmisənsə, bir yerdə dayanmaq olmaz. Sərgiyə gəlib,əsərlər barəsində müzakirə etməmək günahdır...
  -Hə,elədir.-Ayşən əlini Rəşidin qoluna doladı. Donun uzun ətəyi ona yeriməkdə çətinlik yaratsa da,Rəşidin asta addımlarına tez uyğunlaşdı.
   Rəşidin belə şən olması Ayşəni təəccübləndirmişdi. Rəşidin laqeyd görünməyi sevdiyini bilirdi. Amma hansı səbəbdənsə Ayşən onun bu gedişdən məmnun olmadığını,hətta Nəsrini incitdiyi üçün qəmgin olacağını düşünürdü. Qarşısındakı Rəşid isə görməyə adət etdiyi,həmişəki adam idi. Laqeyd,şıltaq,zarafatcıl,heç nəyi,heç kimi düşünməyən,dərd etməyən Rəşid...
   Bir neçə saniyə sonra Rəşid Ayşənə onu bu düşüncələrindən utandıracaq o sualı verdi:
-Ayşən,sərgidən sonra bizlə evə gəlməyini istəyirəm.Gələrsən?
-Necə? Başa düşmədim,Rəşid.-Ayşən heyrətdən donub qaldı.
-Bilirsən,mən bu axşamüstü gedirəm. -Rəşid  Ayşənə hərəkət etmək lazım olduğunu xatırlatmaq üçün addım atdı.
-Hə bilirəm.Çox məyus oldum. Amma burda vidalaşa bilərik,məncə.-partnyorunun sürətlənən addımlarına uyğunlaşmağa çalışan Ayşən dilləndi.
- Vidalaşmaq üçün yox... Bunu tək bacarmayacam,-dedi. Səsində Ayşənin onda ilk dəfə şahid olduğu çarəsizlik sezilirdi. -Nəsrini incidəcək bir seçim etmişəm.Gedirəm,şübhəsiz bütün ailəm məni yola salacaq. Amma hamısı qəlbən Nəsrinin yanında olacaq. -Rəşid Ayşənin Muradı xatırlatmaq istədiyini görüb dərhal dedi. -Elə Murad da... Bu seçimimlə ailəmi qarşıma aldığımı bilirəm. Böyümüşəm,deyəsən.- Rəşid gülümsəyib öz nitqinə ara verdi.
  Ayşəndən səs çıxmadığını görüb bir rəsmin qarşısında dayandı. Rəsmi müzakirə edirmiş kimi ciddi bir ifadə ilə davam etdi:
-Sərbəst seçim etdiyimizdə deyil,hər seçimimizin bir bədəli olduğunu anladığımızda böyüyərik. Mən bir seçim etmişəm.Bədəl ödəməli olduğumu biləcək qədər də böyümüşəm. Bunun bədəlini isə belə ödəməliyəm. Tək qalaraq. Yox,bundan narazı olduğumu,gileyləndiyimi düşünmə! Əksinə,onların Nəsrinin yanında olması məni daha çox sevindirir. Onun məndən daha çox ailəsinə ehtiyacı var. Amma bugün getmək üçün,gedə bilmək üçün...mənim birinə ehtiyacım var. Məni anlayan,qəlbən mənim yanımda olmasına ehtiyacım olan birinə...Məni anladığını bilirəm,Ayşən! Mənim yanımda ol! Getmək üçün özümdə güc tapmağıma kömək ol!
   Rəşidin yalvarış dolu gözlərində Ayşən ona çoxdan məlum olan o hissi görürdü. Rəşidi ilk dəfə belə görən,onun içinin necə yandığını təxmin edən Ayşən etiraz edə bilmədi.
-Yaxşı,gələrəm,- dedi Ayşən. -Amma unutma,Rəşid! Qaçış xilas yolu deyil! Çünki,sevgi qaçaraq xilas ola biləcəyin bir duyğu deyil! Ondan qaça bilməzsən,ancaq Ona qaçarsan! Nəsrindən qaçırsan,amma qəlbində hislərlə qaçırsan! İnan mənə,nə qədər uzağa gedirsənsə get,onlardan qurtula bilməyəsən! Bugün qaçıb qurtulduğunu düşündüyün hislərin səhər əsiri olarsan!
-Ehh! Dəli oldum!!! Bu lənətə gəlmiş kimdi axı belə?!! -Rəşid Ayşəni dinləmirdi. Halhazırda onu maraqlandıran tək şey,onlara doğru yaxınlaşan Murada ünvanlandığı sualın cavabı idi.
  Ayşən isə hələ indi bir az əvvəl verdiyi qərarla üzləşirdi. O,bu təklifi necə qəbul edə bilmişdi!?Rəşidə elə ürəyi yanmışdı ki,heç düşünmədən  razılıq vermişdi. Dəvət olunduğu sərgiyə belə çəkinərək gələn Ayşən Əmiraslanovlar ailəsinin evinə getməyi qəbul etmişdi.

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin