Nəsrin susurdu. Deməyə sözü,danışmağa halı yox idi. Nə deyə bilərdi ki?! Onu,ailəsini bu vəziyyətdə buraxıb gedən bir adama nə deyilər ki?! Rəşidin nə isə demək üçün çabaladığını hiss edirdi. Bir yanı nə deyəcəyini eşitmək istəyirdi.Deyəcək nəyi qalmışdı maraqlı gəlirdi. Amma digər yarı sussun istəyirdi.Sonsuza qədər sussun...Nəsrin bu iki istəyi arasında qərarsız qalarkən Rəşid artıq öz seçimini etmişdi.
-Susursan,-dedi. Səsi elə acınası səslənmişdi ki,Nəsrin ürküb dəqiqələr sonra ilk dəfə onun üzünə baxdı. Rəngi solmuşdu,əlləri də titrəyirdi. Rəşidin bu halını gördükdə Nəsrinin ürəyi yandı.
-Danışım?! Nə deyim?
-Yubanmışıq.Evə girə bilməyəcəyəm. Bəlkə də birlikdə son dəqiqələrimizdi...
-Son dəqiqələrimiz?! Birlikdə... -Nəsrin dodağının altında pıçıldadı.
-Necə?
-Belə ki,Rəşid. Sənə nə deyəcəyimi,necə davranacağımı bilmirəm. Əvvəl çığırıb bağırmaq,səni danlamaq,küsmək istədim. Sonra düşündüm ki,bunların hamısı mənə ziyandı,uşaqlıqdı. Axı mən böyümüşəm! Böyüklər kimi davranmalı idim. Görmək istəmədiyim hər şeyə gözlərimi yummaq,eşitmək istəmədiyim hər şeyə qulaqlarımı tıxamaq qərarına gəldim. Getməyinin ,ya da qalmağının artıq mənim üçün fərqi yoxdu. Necə istəyirsən,elə də et!
-Dəli...-Rəşidin səsini qəhər boğurdu. Susdu. Acı-acı gülümsədi. Amma Nəsrin cavabını almışdı.Çünki,yer üzündə gülümsəməkdən daha aydın dil yox idi. Bəzən xoşbəxtliyi,bəzən isə məyusluğu anlatmaq üçün bir təbəssüm yetərdi.
Söhbətləri başlamadan bitmişdi. Araya dərin bir sükunət çökdü.
Rəşid üçün deməyə söz,almağa nəfəs qalmamışdı. Gec idi. Çox gec... Rəşid gecikmişdi. Nəsrini sevməyə gecikmişdi...Sevdiyini dilə gətirməyə gecikmişdi... Dəlisinin həmişə onla qalacağını,onu gözləyəcəyini düşünmüşdü. Amma artıq itirmişdi dəlisini Rəşid. Onunla bərabər xoşbəxtliyə dair son ümidini itirmişdi...
Gözləyərdi Nəsrin...Bilsəydi sevdiyini gözləyərdi. Beş ay,bir il... gözləyərdi. Bilsəydi bir gün ona gələcəyini... Amma sevmirdi onu Rəşid. Son günlərdə onunla yaşadıqlarını xatırladı. Bəlkə də,bəlkə də..sevirdi! Ola bilərdi mi!? Yaxşı bəs sevirdisə,niyə demirdi?! Heç mi qorxmurdu itirməkdən?! Bilmirdi mi,əgər sevsə,bircə "gözlə məni!" desə,onu bir ömür gözləməyə hazır olduğunu... Bundan sonrakı həyatını düşündü. Hər şeyə sahib olduğu bir dünya...o dünyada təkcə özü yox idi...
Keçən hər dəqiqə sanki Ələkbərin ömründən illər aparırdı. Axı niyə bu qədər gecikmişdilər?! Hər nə qədər Turaldan qorxmamağı ailəsinə tövsiyyə etmiş olsa da,öz iradəsinə söz keçirə bilmirdi. Qorxu onu əsir almışdı.
-Axı harda qaldılar!? Rəşid yubanır.-Ələkbər hirsli halda deyinirdi.
-İndi gələrlər. Nə olub,sənə? -Almaz xanım salonun ortasında gəzinən ərinin təlaşının səbəbini anlamırdı.
-Heç nə! Bu laqeydlikləri əsəbləşdirir məni! Bilmirlər ki,Rəşid gecikir. Çamadanını hazırlayıb barı?
-Hə,hazırdı. Elə orda,qapının astanasındadı. Balam,elə bil tələsir getməyə...-bunu deyib ağlamağa başladı.
-Bəsdir,görək! Ağlama! Uşaqlar yol üstədi.
-Ələkbər ömür-gün yoldaşının ağlamağına dözmədi. Yaxınlaşıb əlini onun çiyninə qoyub başını sinəsinə sıxdı.
-Sağ ol,ay Almaz! Sağ ol ki,qardaşımın əmanətinə sahib çıxdın. Ona analıq elədin! Öz övladlarından seçmədin. Sənin haqqını bir ömür ödəyə bilmərəm!
Almaz xanım yaşlı gözlərini qaldırıb təəccüblə Ələkbərə baxdı. Bu illər ərzində Ələkbərin ona Rəşid üçün etdiyi ilk təşəkkür idi.