Son günlərdə dərin səssizliyə qərq olmuş Nəsrin özü ilə təklikdə qalmaq üçün ən yaxşı yer kimi bağçanı seçmişdi. Sərgi ilə bağlı görüləsi işlər onu təxmin etdiyindən daha çox yormuşdu. Elə yorulurdu ki,düşünməyə belə halı olmurdu. Düşünmək onun ən sevdiyi məşğuliyyət idi. Bunun üçün vaxt ayıra bilmədiyi,düşünə bilməyəcək qədər yorğun olduğu hər günü dəyərsiz hesab edirdi. Şam yeməyindən sonra hər kəs öz otağına çəkildiyindən Nəsrin düşünmək üçün lazımı boşluq tapa bilmişdi.
Əmisini itirdikləri o acı gündən bəri həmişə qorxu ilə yaşamışdı. Qardaşının o yeddi yaşında olarkən dedikləri qorxduğu zaman tək sığınacağı idi. Murad bir gecə bacısının hıçqırıqlarına oyanmış,balaca qızın gözyaşları ilə islatdığı üzünü ovuclarına alıb demişdi: "Böyüdükcə qorxuların kiçiləcək və sən bütün bunları anlayacaq yaşa çatdıqda isə tamamən yox olacaq."
Amma deyəsən Nəsrin hələ qorxularını unutmağa yetərli olan yaşa çatmamışdı.Çünki qorxurdu...Aylardır həyəcanla gözlədiyi sərgidən belə...
Arxasından gələn addım səslərinin sahibi ona yaxşı məlum idi. Məlum idi...çünki addımlarını tanıyacaq qədər sevirdi onu...
- Nə düşünürsən belə,dəli?
- Nə düşündüyümün də hesabını verməliyəm? -Nəsrin istəmədiyi qədər sərt tonla soruşdu.
-Verməməlisən? Artıq? -Nəsrinin sualı Rəşidi sarsmışdı.
Nəsrindən səs gəlmədi. Cavab verməməyi seçmişdi. Rəşidin yanında oturduğunu baxmasa belə hiss etdi. Bir neçə dəqiqə çəkən səssizliyi Rəşid pozdu.
-Mən bilirəm,nə düşündüyünü. Leylanı,Turalı,Ayşəni,sərgini...
-Xatırlayırsan?
- Nəyi? -Rəşid anlamamışdı.
- Leyla ilə Murad yeni tanış olanda..burda danışdıqlarımızı...
-Hə,hə! Mən girdiyim heç bir mərci unutmaram,dəli. -Rəşid özündən razı halda gülümsədi.
-Mən demişdim ki,sevgili olmazlar.O qız heç də yaxşı biri deyil.Murad sevməz onu.
-Hə,elə demişdin. Çünki,o qızı sevməyən Murad deyildi. Sən idin. Yazıq qızla ilə heç vaxt ulduzunuz barışmadı. -Nəsrinin cavab verməsi üçün bir az gözlədi. Cavab gəlmədiyini görüb davam elədi. -Amma,mən qazandım. Onların sevgili olacağını bilirdim.
- Hə,sən qazandın. Bunla bağlı...çox sevdiyim bir cümlə var:"Sən qazandın,amma mən haqlı idim."
-Vay,necə? Sən qazandın,amma mən haqlı idim? Hə,sən həmişə haqlısan,dəli!
- Əlbəttə,haqlıyam! O qız Muradı yetəri qədər sevsə idi,qıymazdı canına... Bir ipdən asmazdı özünü.
-Bir ipdən özünü asmamışdı.Xəyallarından gələcəyini asmışdı... Boynuna doladığı xəyalları,havada asılı qalan isə heç vaxt yaşaya bilməyəcəyi gələcəyi idi...Arzularını ölümə təslim etmişdi...-içindən demişdi bunları Rəşid. Nəsrinin eşitməyini istəməmişdi.
Nəsrinin bu cümlələri Rəşidin gözü önündə o dəhşətli mənzərəni bir daha açmışdı. Polis bölməsində Leylanın şəkillərini görmüşdü. Leylanın kəndirə bağlı havada asılı cansız bədəni onun ömrünün sonunadək unutmayacağı bir görüntü idi.
-Dinmədin. Noldu? -Nəsrin qaranlıqda parlayan bir cüt gözə baxdı. Bir zamanlar ruhunu təslim etdiyi gözlərə...
- Eh,başqa söhbət tapmadın?!
- Nə bilim...-Nəsrin söhbəti dəyişmək istəmirdi.
- Yaxşı...Özün necəsən,dəli. -Rəşid söhbəti dəyişmək üçün ağlına gələn ilk sualı vermişdi.
-Mən,necəyəm? Azadam! -başını ulduzların bəzədiyi səmaya qaldırıb dərindən nəfəs aldı.
- Hə,əminin qərarını deyirsən...
-Yox! -Nəsrin Rəşidə tərəf döndü. Rəşidə doğru uzatdığı əllərini qaldırıb biləklərini oynatdı. -Zəncirlərdən qurtulmuşam!
-Nə? Nə deyirsən? Nə zəncir? -Rəşid anlamamışdı. Bir şeyi anlamağa çalışanda olduğu kimi gözlərini qısıb Nəsrinin oynatdığı biləklərinə baxdı.
- Duyğulardan...Zəncir kimi qollarıma dolanıb məni tutsaq edən hislərimdən...Artıq azadam.
Nəsrinin son sözləri Rəşidi sarsmışdı. Nə demək istədiyini tam anlamasa da,bu sözlərin ona ünvanlandığını yaxşı bilirdi. İçində heç hiss etmədiyi bir ağrı peyda oldu. Yəni,Nəsrini tutsaq edən zəncirlər ona olan hisləri idi? Daha da önəmlisi,Nəsrin zəncir kimi gördüyü o hislərdən qurtulmuşdu? Yaxşı,bəs niyə bu sözlər onun canını bu qədər yandırırdı?!
Zamanı gəlmişdi. Bu dəfə bir az gecikmişdi. Amma vaxt idi. Rəşidin belə çətin vəziyyətə düşdüyünü hər hiss etdiyində sığındığı tək çarə var idi. Getmək.... Rəşid üçün getmək zamanı gəlib çatmışdı.