Ətrafdakı gülüş səsləri Rəşidin beynindəki səsləri susdurmağa kifayət etmirdi. Son günlərdə olduğu kimi yenə düşüncələrə qərq olmuşdu. Nə edəcəyini,daha doğrusu nə etməli olduğunu bilmirdi. Düşüncələrində getməklə qalmaq arasındakı o qərarsızlıqla boğuşurdu. Getsinmi?! Axı necə?! Ailəsini,dostunu belə zor günlərdə necə tək qoysun? Qalsınmı!? Özünü və Nəsrini belə çıxılmaz vəziyyətdə necə saxlasın!? Bəzən getməklə də,qalmaqla da çox şey itirər insan.... Rəşid də indi o məqamda idi.
"Yaxşı düşün,Rəşid!" Özünə verdiyi bu göstəriş nəticəsiz qalırdı. Düşünməli nə var idi axı!? Günlərlə düşünüb Rəşid. Bir çıxış yolu tapa bilməyib. Gedəcəkdi. Muradın bu hərəkətini xəyanət kimi qiymətləndirəcəyini bilsə də,gedəcəkdi. Çünki həyatında ilk dəfə bu gedişinin tək səbəbi özü deyildi. Bu dəfə Nəsrini qorumaq üçün gedirdi. Hər kəsdən,hər şeydən qoruduğu o qızı özündən xilas etmək üçün gedirdi... Bu qərarın səbəbi əslində özünə verdiyi çox bəsit bir neçə sualda gizli idi... "Onu güldürdüyüm anlar çox olub yoxsa ağlatdığım?! Onu güldürmək istəyirəm,yoxsa ağlatmaq!? Yanımdaykən xoşbəxtdir,yoxsa məndən uzaqda?!"
Əmisinin sualı ilə onu qəm dəryasına qərq edən o düşüncələrdən ayırdı. Büzüşüb oturduğu kresloda dikəldi. Eşitmədiyi sualı təkrarlaması üçün əmisindən xahiş etdi:
-Necə,əmi? Eşitmədim?
Nəsrinin sərgisinə bir həftə qalırdı. Əmiraslanovlar ailəsi Ələkbərin təklifi ilə şam yeməyindən sonra son hazırlıqlar barəsində danışmaq üçün salona yığışmışdı. Qızının həyəcanını hiss edən atası onu rahatlatmağın ən yaxşı üsulu kimi ailəsini seçmişdi. Onun üçün ailə ən çətin problemlərin həllini tapa biləcəyi tək doğru yer idi.
Rəşidin düşüncəli,qəmli halı onun diqqətindən qaçmamışdı. Onu söhbətə daxil etmək üçün soruşdu:
-Nolub,Rəşid? Elə bil sənin sərgindi. Heç Nəsrin sənin qədər gərgin deyil. -zarafat etdiyini bildirmək üçün güldü.
- Yox.. Sadəcə yorulmuşam. -bir bəhanə tapmaq üçün bir az verəndən sonra dilləndi. -Bu dəli qızın sərgisi məni çox yorub.
-Puah! Noldu,dilə gəldin?! Səndən kömək istəmişdim mən!?
Nəsrinlə dilləşməyə halı olmasa da,cavab vermək üçün hazırlaşan Rəşidi Ələkbər qabaqladı.
-Yaxşı görək! Yenə başlamayın! Qızım,Rəşidin necə əziyyət çəkdiyini mən yaxşı bilirəm. Vaxtın olan kimi ona təşəkkür eləməlisən.
-Yaxşı,atacan... Hə,hər şeyi danışdıq? Heç nə qalmadı ki? -Nəsrin sevmədiyi söhbəti dəyişməkdə mahir idi.
-Hə danışdıq... -birdən nəsə xatırlayıb dayandı. -Gözləyin...Dəvətli siyahısı hazırdı? Dəvətnamələri göndəribsiz?
- Əlbəttə,bütün siyahı üzrə dəvətnamələri göndərmişik. Mən özüm iki dəfə yoxlamışam. Yaddan çıxan heç kim olmayıb. -Murad özündənrazı halda dilləndi.
-Hə,elədi! Bir nəfəri unutmuşuq amma... -Nəsrinin səsində şıltaqlıq hiss olunurdu.
-Kimi? -Murad təəccüblənib əlindəki siyahıya bir daha göz gəzdirdi. Atasının yanında pərt olmaq istəmirdi. Bir də ki,sərgi ilə bağlı hər şeyi Rəşid etmişdi. Ona həvalə olunmuş tək işin öhdəsindən gələ bilməməsi biabırçılıq olardı.
Qardaşının siyahını ikinci dəfə yoxlamağa başladığını görən Nəsrin onu saxladı.
-Dayan,dayan! Boş yerə yorma özünü! Mənim nəzərdə tutduğum qonağı orda tapa bilməyəsən onsuz da. O da ailədəndi çünki...Adı siyahıda yoxdu.
- Kim axı? Hamımız burdayıq. Bizə dəvətnamə lazımdı? -Muradın səbri tükənmişdi.
- Yox! Sizə lazım deyil. Amma biri var ki,ailədən olmasına baxmayaraq gərək onu da dəvət edək.
Ailəsinin sual dolu nəzərlərini məmnunluqla izləyən Nəsrin bir müddətdən sonra dilləndi:
-Ayşən! Ayşəni deyirəm! Gərək onu dəvət edəm.. Amma sən qarışma,özüm danışacam onla...
Muradın gülümsəməsinə səbəb olan bu qonaq Ələkbər üçün söhbəti bitirmək vaxtı çatdığına bir işarə idi. Ehmalca öskürüb ayağa qalxdı. Ailə başçısından sonra uşaqlar da otaqlarına çəkilmək üçün ayaqlandı.
Salonda təkcə bütün söhbət ərzində dinməzcə yerində oturub Rəşidi izləyən Almaz xanım qaldı. İndi sanki çiyinlərində dünyanın yükünü daşıyırmış kimi ağır-ağır yeriyən oğlunun arxasınca baxırdı. Rəşid hələ balacalıqdan onun əlində böyümüşdü. Övladlarından seçməmiş,ona analıq etmişdi Almaz xanım. Bütün analar kimi o da övladlarının dərdini gözlərindən oxuya bilirdi. Rəşidin bu hallarının səbəbi ona yaxşı məlum idi. Oğlu getməyə hazırlaşırdı...
Qızının tutulduğu oğlu gedirdi...Qızının qəlbinin dəvətsiz qonağı gedirdi... Rəşidin getməsini heç istəmirdi.Həm ailəsi,həm də qızı üçün ürəyi yanırdı qadının... Amma əlindən də heç nə gəlmirdi. Nə bilmək olar,bəlkə də Rəşid doğru olanı edirdi. Qızının xilasının tək yolu bu idi...
O gedəndən sonra qızının necə əzab çəkəcəyini bilən ana ürəyi isə dözmürdü. Amma qızı səhv edirdi... Qarşılıqsız sevən hamı kimi... Xoşbəxtliyinin tək o adama bağlı olduğunu düşünən qızı səhv edirdi...