_SORĞU_

34 9 0
                                    

    Nəsrini belə fikirli,qəmgin görən Ayşən həm ona dəstək olmaq üçün,həm də valeh olduğu sərgi ilə əlaqədar gənc rəssamı təbrik etmək üçün ona yaxınlaşıb ehmalca çiyninə toxundu.
  -Nəsrin,hər şey o qədər gözəldi ki...İnan,heyranlığımı ifadə etməyə söz tapa bilmirəm.
-Sağol,Ayşən.Var ol. Yaxşı ki gəldin,yanımda oldun... -Nəsrin dolmuş gözlərindəki yaşları gizlətmək üçün başını qaldırıb göyə baxdı.
-Nəsrin,belə eləmə! Bugün sənin günündür. Bu sərgini necə həsrətlə gözlədiyini bilirəm. Heç nəyin,heç kimin uğuruna kölgə salmasına icazə vermə! Bu qədər insan sənin üçün burdadır.Sənin xoşbəxtliyinə ortaq olmaq üçün...
-Ayşən,Ayşən! Heç nə yoxdur. Mən xoşbəxtəm. Qətiyyən,narahat olma. Hər şey yaxşıdır. Bilirsən niyə?
-Ni-yə??? -Ayşən Nəsrinin onu aldatmaq üçün tapdığı bəhanəni öyrənmək üçün soruşdu.
-Çünki...beləsi daha yaxşıdır.Daha əfsanəvi...Sən heç xoşbəxt sonluqla bitən eşq hekayəsi bilirsən?! Amma düşün! Dillərə dastan olmuş aşiqləri düşün! Leyli və Məcnunu,Romeo ilə Julieti,Anna ilə Vronskini düşün! Onları unutulmaz edən bədbəxt sonlarıdır. Onların sehri qovuşmaqda deyil,ayrılıqdadır...
-Amma...
-Yox,Ayşən.Ola bilməz! Heç inana bilirsənmi ki,Şekspir,Tolstoy ya da Füzuli eşqin izahında səhvə yol vermiş olsun!? Yox! Belə şey mümkün ola bilməz! Onlar məhəbbətin mükəmməl izahını ən dolğun şəkildə veriblər.Əgər sevgimin əfsanəvi olması üçün mənim bədbəxt olmağım vacibdirsə,mən razı! Bəlkə də,mən sonsuz eşqin mükəmməlliyi ilə lənətlənmişəm! Bəlkə həqiqətən də ən gözəl olan ən zor olandır...
    Nəsrinin bu sözləri Ayşəni Muradla olan münasibətlərini sorğulamağa vadar etdi. Leylanı düşündü. Onu ölümə aparan səbəbi bir daha sorğuladı. Leyla da Nəsrin kimi düşünüb özünə qəsd etmiş ola bilərdimi!? Leyla öz sevgisində ondan daha cəsur ola bilərdimi!? Ayşən xeyli düşündü.Ağlına gələnlər onu dəhşətə salırdı.Əgər Leylanın ölüm səbəbi doğrudan da,əfsanəvi sevginin axtarışı olmuşsa bu sadəcə qorxunc idi.
    Bəs Ayşənin sevgisi nə qədər güclü idi?! O öz canını sevgisi uğrunda qurban verə bilərdimi!?Bir də ki,belə bir fədakarlıq kimə lazım idi axı!
    Yox! Ayşən üçün sevgi bu deyildi! Ayşən üçün sevgi həyat idi. Onun üçün sevgi yaşamaq üçün ən gözəl səbəb idi... Ayşən sevgi uğruna öz canından keçənləri heç vaxt anlaya bilməmişdi.Sevgini,bu dəyərli hissi yaşam səbəbi kimi görmək varkən niyə ondan ölüm üçün bəhanə kimi istifadə edirlər ki... Onla birlikdə xoşbəxt bir ömür sürməyi niyə onsuz soyuq məzara,sonsuzluq adlanan bir yalana dəyişirlər ki!? Ayşən üçün sevginin arxasında gizlənib özünə qəsd etmək onun paklığına xəyanətdən başqa bir şey deyil.
     Ayşəni bu düşüncələrdən Muradın səsi xilas elədi.
-Ayşən,bir azdan çıxırıq. Sən Nəsrinin yanında gözlə,biz Rəşidlə işləri qaydasına qoyaq. Çox yubanmarıq. Siz çıxışda gözləyin.
-Yaxşı,narahat olma. Biz gözləyərik. -Ayşən ondan uzaqlaşmaqda olan sevgilisinin ardından zorla eşidiləcək səslə dilləndi.
   Ayşəni yeni bir təlaş bürüdü. Əmiraslanovlar ailəsinə,sevdiyi adamın evinə qonaq gedirdi. Həyəcan,qorxu...bütün bu hislərin arasında adlandıra bilmədiyi,onu narahat edən bir hiss daha var idi. Həm onun,həm də qonaq getdiyi ailənin gələcəyindən xəbər verən bir hiss...

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin