7 GÜN.
Bütün yayı tətil tez bitsin, bir an əvvəl universitetə başlayım, həyatıma bir rəng gəlsin deyə dua etməklə keçirdim. Cəmi bir həftə qalmışdı və vaxt azaldıqca həm səbrim daha çox tükənir, həm də içimi qəribə bir həyəcan doldururdu. Nə olacaqdı, necə olacaqdı..? Universitet həqiqətən dedikləri qədər mənasız idimi ? Həqiqətən dörd illik vaxt itkisi və çoxlu stressdənmi ibarət idi ? Geridə qalan on bir ili sırf əzab çəkmək üçün çalışmışdım ? Əgər həqiqətən bu cür idisə bütün bunların nə mənası var idi ?
Niyəsə bütün xəyallarım bu düşüncələrin tam əksinə olaraq, həyatımın bundan sonra tamailə dəyişəcəyi istiqamətində idi. Əmin idim ki, bu ildən sonra həyatım bir daha əvvəlki kimi olmayacaq. Bilmirdim ki, bu , yaxşı bir şeydir ya yox.. Yəni heç nəyin artıq əvvəlki kimi olmaması ..
Bəzən bu cür hallar olur. Bir işə həvəslə və həyəcanla başlayırsan amma iş elə yerə çatır ki, bir an əvvəl hər şeyin əvvəlki halına qayıtmasını, sakitcə yerinin içində uzanıb içinə dolan rahatlığın dadına varmağı arzulayırsan.
Universitet həyatının mənə gətirəcəyini ümid etdiyim yeniliklər bu sıralama ilə gedirdi :
1. Yeni dostlar ( yeni hissəsini rahatlıqla yanındaki sözdən ayırmaq olar , çünki məktəb vaxtlarında bir dənə də olsun dosta sahib ola bilməmişdim. Dayanmadan yeni mənzillərə köçürdük ( kirayə qalırdıq) və bu səbəbdən məktəbimi də, ətraf çevrəmi də tez - tez dəyişməyə məcbur qalırdım. Yenicə özümü bir şeylərə hazır hiss edəndə, təkcə yer olaraq deyil, həmçinin mənəvi olaraq hisslərimdən də ayrılırdım. Yeniyetməlik dövrüm , anlayacağınız üzərə bol "gəzinti" ilə keçmişdi. Təbii , bunun içinə bol miqdarda stress, dava dalaş da qatdığınız zaman məsələ qarmaşıq bir hal alırdı.
2. Böyümək - Vaxtından tez böyüməyə məcbur qalsam da, təəssüf ki, bunu məndən başqa heç kəsə sübut etmək mümkün olmurdu. İstər xarici görünüşümlə olsun, istərsə də içinə qapanıq hallarımla ( bunun səbəblərini araşdırmaq heç kəsə maraqlı gəlmirdi ) insanlar hələ də çox kiçik olduğumu, həyatı dərk edə bilmədiyimi, kiçik məsələləri həddən artıq çox böyütdüyümü zənn edirdilər. Universitet isə bu qəlibi sındırmaq üçün bir vasitə ola bilərdi. Artıq topuqlu ayaqqabı geyinib, gənc qız paltarlarından istifadə etmə şansım var idi. Bonus olaraq da makiyaj. Üzərimə düşəni etmişdim, günlərlə başımı o lənətə gəlmiş riyaziyyat testlərindən, tarixin heç kimə lazım olmayan bezdirici məlumatlarından qaldırmayıb universitetə 563 balla qəbul olmuşdum. Bunun qarşılığında da istədiyim kimi geyinmək və nəhayət ki, mobil telefondan istifadə etmə haqqı qazanmışdım.
3. Hədəfimə bir addım daha yaxınlaşırdım. Hər nə qədər ki, valideynlərim dörd gözlə vəkil olmağımı gözləsə də, mənim əsas hədəfim bir gün hər kəsin tanıdığı və qibtə etdiyi rəssam olmaq idi. İllərdir bir birlərinin ətini didən iki insanın , övladlarının vəkil olmasını istəmələri tək ortaq düşüncələri idi. İncə ironiya idi bəlkə də bu, bilmirəm. Ya da bəlkə gələcəkdə evliliklərini nəhayət ki, bitirmək qərarına gələcəkdilər və istəyirdilər qızları bu işin içində olsun. İşlərin bu cürə ola biləcəyini, evliliklərin bitə biləcəyini, bunun onun ( mənim ) gözündə adiləşəcəyini ümid edirdilər. Valideynlərin ən böyük günahları evləndikdən sonra yola gedə bilmədiklərini anladıqları halda evliliklərini davam etdirməyə çalışmaqlarıdır. Qadınların ən böyük və bağışlanmaz günahı da bu anlaşmazlığı bir uşaqla həll edə biləcəklərini , kişilərini özlərinə bağlaya biləcəklərini düşünmələri idi. Nəticədə isə ən böyük əzab və travma yenə uşağın payına düşürdü. Rəsm işinə gəldikdə isə.. Bunu necə edəcəyim haqqında heç bir fikrim yox idi. Amma hər halda sınayacaqdım. Oxuduğum fakultədə bunun təhsilini ala bilməyəcəkdim amma işlərimi bir yerlərə göndərə bilərdim ya da sərgi filan keçirilərsə mən də rəsmlərimi sərgiləyə bilərdim. Hər şeyin bir anda olacağını gözləmirdim , əlbəttə , hər şey güllük gülüstanlıq ola bilməzdi. Amma olacaqdı !
Yəqin ki, siyahının 4 cü maddəsi də romantika ilə bağlı bir şey olardı. Amma bu məsələni axarına buraxmaq daha doğru gəlirdi. Ən azından beynimin içində həll etməli olduğum şeylər var idi. Qadın - kişi münasibətləri ilə bağlı bildiyim tək şey hər gün evdə bir birinin səsini basdırmaq üçün daha möhkəm səslə danışan iki insandan ibarət idi. Davamlı olaraq qonşuların şikayətini toplayan və qaldıqları binalardan qovulan iki insan. Yanlarında da dünya ilə əlaqəsini kəsən bir ünsür. Diqqət : Bu mənəm.
Maddi cəhətdən vəziyyətimiz o qədər də ürək açan deyildi amma sürünmürdük də. Yeni bir ev almaq üçün iyirmi ilə yaxın idi ki, imkan tapa bilməmişdik amma həm anamın həm də atamın işlədiyini nəzərə alsaq bu problemin həll olunmayacaq kimi olmadığını açıqca görmək olardı. Təbii ki, atamın maşınlara olan düşkünlüyünü və anamın "dəriyə qulluq" seansı adı altında hər ay açıq aşkar soyulmağa könüllü olduğunu nəzərə almasaq.