Mənə nə olmuşdu bilmirəm amma içimdə qarşısı alınmaz cəsarət hissi baş qaldırmışdı. Kənanı axtarırdım. Bütün dəhliz boyu gəzdim, sonra da mərtəbələri axtardım. İstəyirdim dəqiq bilim ki, bütün bu olanların səbəbi onunla bağlıdır yoxsa mənimlə ? Əgər məsələ onluqdursa böyük ehtimal bunu bilərdi ,elə deyil ?
Hər halda onunla danışacaqdım. Nə olur olsun..Necə olur olsun !
Bilmirəm ,bəlkə də bu son hadisənin içimdə cəsarət yaratması ehtimalı sadəcə bəhanə idi.. Bəlkə də nəhayət onunla ünsiyyət qura bilmək üçün fürsət tapdığıma sevinirdim amma bunu özümə etiraf edə bilmirdim.
Zibilə qalsın ! Hanı bu uşaq ?!
Elə bir insan da yox idi ki, ondan Kənanı xəbər alım..Ağlım almırdı, necə olurdu ki,bir dənə də dostu yox idi..? halbuki,simasına baxan zaman and içə bilərdim ki, bu dünyada onu sevməyən insan yoxdur..Addımlarım məni ünvanı bilinməz yerlərə sürüklədikcə gözlərimin önündə onun qorxaq amma bir o qədər də insana meydan oxuyan baxışları canlanırdı.. Sanki daxilində bir birinin əksi olan iki insan birləşmişdi. Bir tərəfi çəkingən bir tərəfi cəsur..Bir tərəfi soyuqqanlı digər tərəfi qayğıkeş..Bəlkə də bütün bunlar mənim paranoyalarım idi..Bəlkə də bütün bunlar sadəcə onda görmək istədiyim şeylər idi..
Yox, tapa bilmirdim, hara baxırdımsa yox idi..Artıq ümidsizliyə qapıldıqca içimdəki cəsarətin də yavaş yavaş özünü geri çəkdiyini hiss edirdim.. Ona o qədər ehtiyacım var idi ki, çata bilməyəcəyim qədər uzağa getməsinə razı ola bilmir, bir ümidlə bərk bərk tutub özümə tərəf dartırdım.. Bu daxili çəkişmələr, mənbəyini bilmədiyim qəribə duyğular, narahatlıq, maraq..Hamısı mənim üçün yeni idi..Sanki bir uşaq ilk dəfə idi ki, dondurma dadırdı..
Son çarə olaraq üzümü şənlik üçün hazırlıqların aparıldığı ümumi zala tutdum. İndi hazırlıq vaxtı deyildi və böyük ehtimal ora da boş olacaqdı. Hər halda indi üçün daha yaxşı variantım yox idi.. Zalın qapısını açıb içəri boylandım..
Adətən bu qədər şanslı və ya hissiyatı güclü insan deyiləm amma görünür bu dəfə bəxt üzümə yarımağızla da olsa gülümsəmişdi.. O , səhnənin pilləkanında arxası mənə dönük vəziyyətdə oturub gitarasının simlərini kökləyir, qulağındaki cızırtı ilə eşitdiyim mahnı hər nə idisə onu zümzümə edirdi. Üzünü görmürdüm düzdür,amma bu saçları harada olsa tanıyardım.. Addımlarımı evə gizlincə girən oğrular kimi ola bildiyincə səssiz atıb, düz bir addımlığına çatana qədər dayanmadım. Sadəcə bir addım..Bircə addım.. Əlimi uzatsam toxunardım..Aşağı əyilsəm ətrini hiss edərdim..Səsimi çıxarmağa cəsarət edib salam versəm səsini eşidərdim..
Ürəyim dəli kimi döyünürdü..Elə həddə çatmışdı ki, qəlb atışlarımı eşitdiyimə and içərdim..Sözə necə başlayacaqdım? Nə deyəcəkdim ki ? Sabahdan bəri ancaq onu tapmaq üçün cəmləmişdim fikrimi,amma indi ,düz yanı başında olarkən buraya gəlməyimin çox axmaq fikir olduğunu düşünməyə başlamışdım. Tutaq ki, bütün bunlar onunla bağlı idi..Keçmişində bir şey olmuşdu..Bəs sonra ? "Bundan sənə nə ? " desəydi nə cavab verəcədim ? İlahi, mən necə də axmağam ! Səfeh, düşüncəsiz bir axmaq ! Arxamı çönüb gəldiyim kimi səssizcə uzaqlaşa bilsəm nə gözəl olardı .. Amma çönüb məni, getdiyimi görsə idi iki qat çox utanacaqdım..
- Danışmayacaqsan ?- o dedi və mən içimə doğru şiddətlə yayılan adrenalin dalğalarını hiss elədim.
Donub qaldım. O qədər ki, bir cavab verə bilməkdən belə aciz qaldım.
Gitarasını yan tərəfə qoyub ayağa qalxdı və üzünü mənə çevirdi. Bir ayağı pilləkanın üzərində digəri isə səhnə döşəməsinin üzərində dayanmışdı.