Gecə yatağıma girən zaman bir yanım buruq, hüzünlü, darmadağın ( bu anamın payına düşən hissə idi ) , digər yanım isə qəribə şəkildə xoşbəxt və rahatlamış hiss edirdi ( bu da atamın payı ).
Deyəsən, hər iki valideynlə eyni miqdarda xoşbəxt olmaq mənim alın yazımda yox idi.
Atamla təxminən üç saata yaxın danışdıq. Dünən işdən çıxar çıxmaz evə gəldiyini amma binanın çıxışında anamı əlində çemodanı ilə uzaqdan gördüyünü, bu gün evə gələnə qədər də elə binanın giriş qapısındaki pilləkanda oturduğunu danışdı. Gedəcəyini bildiyini, amma onu dayandırmaq istəmədiyini, bunun sadəcə illərdir davam edən ayrılığın qoyulan nöqtəsi olduğunu başa saldı ( bunun çoxdan fərqində olsam da). Mənə qarşı bu qədər soyuq olduğu üçün saya bilmədiyim qədər çox üzr istədi. Dizlərinə yatdım və onu dəqiqələrlə dinlədim. Qurumamış , uzun , şabalıd rəngindəki saçlarımla oynamağa çalışsa da ən sonunda saç tellərimə ilişən barmaqlarını yuxarı qaldırıb " bunları daramaq lazımdır" dedi. Otağıma qaçıb əlimdə daraqla qayıdaraq önündə durdum və əlimdən darağı almasını gözlədim. əvvəlcə anlamağa çalışsa da sonradan gülümsədi və yerdə, önündə , arxam ona dönük vəziyyətdə oturduqdan sonra saçlarımı gözləmədiyim qədər böyük səbrlə və az da olsa incitmədən daradı.
Ona qarşı incikliyim bir günlə keçməzdi . Yəni bu normal deyildi. Amma ona incik olduğumdan belə əmin deyildim. Bilmirəm bəlkə içimdəki ata aclığı daha çox güc gəlirdi amma hər şeyi unutmağa, geridə qoymağa hazır hiss edirdim..
Anamla bağlı bir şey düşünə bilmirdim. Bəlkə bu içində olduğum şokun təsiri idi. Çox yeni yaşanmışdı və hələ tam dərk edə bilmirdim. Hər halda bu günümü çox gözəl tamamlamışdım və səhərə saatlar qalmışdı. Cəmi bir neçə saat sonra universitet həyatım başlayacaqdı. Təbii ki, ağzımın qulaqlarıma qədər çatmasının tək səbəbi bu deyildi. İlk günümdə məni oraya atam aparacaqdı !